Ərdoğan: “Elçin Əfəndiyev müxtəlif dillərə tərcümə edilən əsərləri ilə qəlbləri fəth edib” Featured

İstanbulda IX “Necip Fazıl” mükafatlarının təqdimetmə mərasiminin keçirilməsi, bu mərasimdə Azərbaycanın Xalq Yazıçısı Elçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif olunması barədə artıq portalımız vasitəsi ilə məlumatlısınız. 

 

“Beynəlxalq mədəni-sənət” nominasiyası üzrə mükafatlandırılan yazıçımıza mükafatı təqdim edərkən Türkiyə Prezidenti söyləyib ki, Elçin Əfəndiyev müxtəlif dillərə tərcümə edilən əsərləri ilə qəlbləri fəth edib. Bildirib ki, Türkiyə-Azərbaycan dostluğunun səmimiyyətinin, həmrəyliyinin dünyada nümunə kimi göstərildiyi bir dövrdə verdiyimiz bu mükafat xüsusi məna kəsb edir. 

Mükafata layiq görülən Elçin Əfəndiyev özü isə açıqlamasında deyib:

“Necip Fazıl” mükafatına layiq görülmək mənim üçün böyük şərəfdir. Onun yaradıcılığının, şəxsiyyətinin miqyası o qədər genişdir ki, bu məndə mükafatın ümumən Türkiyə tərəfindən verilməsi hissini oyadır. 

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın bir-birinə “Əziz Qardaşım” - deyə müraciəti əslində elə ölkələrimiz arasındakı qardaşlığın, doğmalığın ifadəsidir. Yaxın keçmişə baxdığımızda, Azərbaycan ərazi bütövlüyünü bərpa edərkən, şanlı Zəfərimizə gedən 44 günlük Vətən müharibəsində Türkiyə hər zaman Azərbaycan xalqının yanında oldu. Türkiyə Prezidenti hər zaman dövlətimizin başçısının, vətəndaşlarımızın yanında oldu. Bu da çox böyük yaxınlıq və doğmalıqdan xəbər verir”.

Xatırladaq ki, İstanbulda IX “Necip Fazıl” mükafatlarının təqdimetmə mərasimi Türkiyənin “Star” qəzeti tərəfindən keçirilir, mərasim bu il “Yük kimin çiynində” mövzusu ilə baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” 

(05.12.2022)