Böyük hadisələri böyük insanlar yaradır Featured

 

 Cavanşir Feyziyevin 5 cildlik “Türk xalqları” kitabı barədə düşüncələr

 

Elxan Zal Qaraxanlı yazır

 

Türk dövlət başçılarının İstambul sammitində Türk Dövlətləri Birliyi elan ediləndən sonra, dünya KİV-lərində əsil türkofobiya başladı. Allahın var günü müxtəlif resurslarda Turan ordusunun, Türk – İslam xilafətinin dirçəldilməsi barədə palaz-palaz informasiyalar yayılır. Bir zamanlar Karl Marks və Fridrix Engels “Kommunust Partiyasının manifesti”ndə Avropada “kommunizm kabusunun” dolaşdığını  elan edirdilərsə, indi Avropanı da, Amerikanı da türk bir kabusu dolaşır. Avro-Atlantik sivilizasiya dünyanın gəlib-getmişini ən kiçik hissəciklərinə qədər tədqiq edib öyrənmiş bir sivilizasiyadır və onlar ortaya çıxa biləcək Türk Birliyi ideyasını özləri və qlobal liberal ideya üçün böyük təhlükə sayırlar. Nə böyük hərbi potensialı olan Rusiya, nə də böyük insan resusları, böyük iqtisadi gücü və kommunist ideologiyası olan Çin, uzaq perspektivdə onlar üçün elə də böyük təhlükə mənbəyi sayılmır. İmperiyaçılığının təməlində duran türk dövlət gələnəyini unutmuş, kommunist ideologiyasından məhrum olmuş Rusiya, artıq indinin özündə yalnızlaşdırılıb və Sovetlər Birliyi kimi içdən dağılmaq təhlükəsi ilə üz-üzədir. Kommunist ideologiyasını konfutsizmə sintez edən Çin, nə qədər qüdrətli olsa da, onun dünyada  qlobal hegemonluq ənənələri hez zaman olmayıb. Xatırladım ki, həm Çin, həm də Rusiya mərkəzləşmiş dövlət halına, imperiya şəklinə Çingiz xan varisləri, türk sülələri tərəfindən gətirilib. Bir zamanlar populyar olan german birliyi, slavyan birliyi ideyaları tarixin imtahanından çıxammadılar, ifrat liberal dəyərlər sərgiləyən Abropa Birliyi də artıq çat verməyə başlayıb.

Başda Türkiyə olmaqla Türk dövlətlərinin isə zəngin dövlətçilik ənənəsi ilə bərabər, həm də möhtəşəm İslam ideologiyası var. Tarixdə Avrasiyanın nəhayətsiz genişliklərində  min illər boyu dənizdən-dənizə dövlətlər quran bütün türk imperiyalarının təməlində həmişə ideoloji zəmin olub. İdeoloji zəmin kitablaşanda isə o daha qüdrətli, daha möhtəşəm olur.

Türk Dövlətləri Birliyi 2021-ci ildə elan edilməmişdən öncə onun elmi əsaslandırılmış ideoloji zəmini olaraq, Azərbaycanlı filosof, fəlsəfə elmləri doktoru Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” monoqrafiyası ortaya çıxdı və əksər türk dövlətlərində nəşr olundu. Mən bu monoqrafiya barədə düşüncələrimi mətbuatda bölüşmüşəm və təkrarçılıq etmək istəmirəm, amma bir daha onun bütün türk xalqları üçün mühüm və lazımlı bir vəsait olduğunu bildirmək istəyirəm.

Bu gün dünyanın əksər ciddi analitikləri Türk Birliyini, Anqlo-saks Birliyi ilə bərabər, Avopa Birliyindən daha perspektivli qurum hesab edirlər. Amma perspektiv öz yerində, biz yeniləşən dünya səhnəsinə böyük imperiyalar qurmuş dədələrimizin adına layiq, meydanda söz yiyəsi bir təşkilat gətirmək istəyiriksə, bu dövlətləri məskunlaşdıran hər bir fərdimiz, onun mahiyyətini dərk etməlidir. Gənclərimizə, şagirdlərə, tələbələrə türklüyün, türk birliyinin, türk düşüncəsinin mahiyyəti tədris olunmalıdır. Bunun üçünsə, Cavanşir Feyziyev kimi intellekt və idrak sahiblərinin ortaya qoyduqları kitablar çox böyük əhəmiyyət daşıyır. Biz türklər min illər boyu səltənətlər qurmuşuq, imperiyalar yaratmışıq, sonda səltənət quranların torunları urus olublar, çinli olublar, hindli olublar, iranlı olublar..,çünki. qılınclarla qazanılan qələbələr, yadların qələmləriylə, yadların kitabları ilə heçə endirilib. Biz qılınclarla səltənətlər fəth edən zaman, rəqiblərimiz  kitablarla bizim beynimizi fəth ediblər.

 Bəlkə də buna görədir ki, C.Feyziyev, təbliğ etdiyi ideyanın daha geniş yayılması üçün, “Türk Dövlətləri Birliyi” monoqrafiyasından sonra türk tarixinin müxtəlif sahələrini əhatə edən kitablar nəşr etdirdi. “Türk dünyası” adlanan bu beş cildlik nəşr türkçülük və türk birliyi ideyasının təməlində duran əksər sahələri əhatə edir.  “Türk sivilizasiyasının təməl dəyərləri” adlanan birinci cilddə türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünya görüşü və onların müasir dünyadakı mövqeyi barədə məlumatlar toplanıb.  “Türk xalqları” adlı cilddə türk etnoqrafiyası, əski türk ulusları və boyları, müasir türk xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması problemləri, ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolu barədə materiallar öz əksini tapıb.  “Türk dövlətçiliyi tarixi” adlı kitabda türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk qurumları barədə məlumatlar oxuculara təqdim edilir. Türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası və onun nümayəndələri, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analitikası, türklərin kimliyinə münasibət, müasir türk dünyasının inkişaf potensialları və perspektivləri haqqında konkret informasiyalar kimi materiallar isə  “Türkşünaslıq”  adlı kitabda yer alıb.  “Türk dünyasının tarixi şəxsiyyətləri” adlanan sonuncu, beşinci cilddə türk dünyasının görkəmli şəxsiyyətləri, onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistemləşdirilərək oxuculara təqdim olunub.

 Bu kitablarda türk sivilizasiyasının ən qədim zamanlardan bu günə qədər keçdiyi yol bir filosof alimin baxış süngəcindən keçirilərək oxuculara təqdim olunur. Burada demək olar ki, bütün türk xalqları, onların qurduqları dövlərlər, yaratdıqları mədəniyyətlər barədə dərin bilgilər yer alıb. Bir olmaq üçün, qardaş olmaq üçün öncə uzun illər boyu ayrı salınmış xalqlarımızın bir-birini daha yaxşı tanıması çox mühüm məsələdir. Ən yaxşı tanıtım isə obyektiv, sanballı yazılar vasitəsi ilə olur. Əgər  müəllifin “Türk Dövlətləri Birliyi” monoqrafiyası əsasən mütəxəsislər və elm adamları üçün nəzərdə tutulubsa, “Türk Dünyası” nəşri geniş oxucu kütləsi üçün nəzərdə tutulub və bir növ dərslik rolunu oynayır. Bu kitablarda ən xoşuma gələn cəhət odur ki, orada bütün türk xalqlarının qəbul edə biləcəyi ortaq dəyərlər təbliğ olunur.

Şəxsən mən onları oxuyandan sonra çox sevindim, çünki müəllif hadisələrə yalnız bir türkün gözləri ilə deyil, həm də bir türk aliminin zəkasının gözləri ilə baxıb. Mən bu mövzularla bağlı yüzlərlə, bəlkə də minlərlə kitablar oxumuşam. Dünyanın ən ünlü alimlərinin, qələm adamlarının biz türklərə olan münasibətlərini yaxşı bilirəm. Onların avtoritetindən, yazılarından ilhamlanan bir çox qələm adamlarımız illər uzunu xalqı cəfəngiyatla yemləyiblər, insanların mənliyini öz gözlərindəndən salıblar, qardaşı qardaşa düşmən eləyiblər. Əlbəttə bunların çoxu qanmazlıqdan olub, amma olub. Sədi Şirazi deyir ki, “biri yuxusunda şeytanı görür. Baxır ki, o da bütün mələklər kimi çox gözəl, eyibsiz bir varlıqdır. Qayıdıb deyir ki, ay şeytan, ay qardaş, sən ki, belə gözəlsən, bəs səni niyə eybəcər, buynuzlu, quyruqlu təsvir erdirlər. Şeytan da cavabında - eh mənim dərdim çəkiləsi deyil, qələm düşmən əlindədir, necə istəyir, elə də təsvir edir-deyir”.

Bəli qələm düşmən əlindədir və  biz istər-istəməz özümüzə onların yazılarının prizmasından baxırıq, varlığımızı onların təqdim etdiyi şəkildə dərk edirik. Hətta dədələrimizin daş kitabələr üzərində bizə miras qoyduqları mətnləri onların təhrif təqdimatında mənimsəyirik. Onlar bizim keçmişimizi manipulyasiya etməklə bu günkü reallığımızı yaradırlar. Xalqların tarix səhifələrinə elə mayınlar qoyulur ki, onlar indi, gözləmədiyimiz yerdə partlayır, vecsiz qafalarda nifrət toxumları cücərir, qardaş qardaşa qənim kəsilr. Məsələn, biri “avtoritet” hesab etdiyi bir xarici müəllifin əsərini  oxuyur,  sonra da  sanki bir elmi kəşf kimi cəmiyyətə təqdim edir ki, bəs Teymurləng Azərbaycanda insan başlarından qüllələr yapıb, və ya Şah İsmayıl özbək xanı Şeybaninin kəlləsindən qədəh düzəldib şərab içirmiş. Bunu tirajlayıb yayanlar isə ağıllarına güc verib düşünmək istəmirlər ki, aya Şah İsmayıl müqəddəs adam olub, İslamda böyük bir təriqətin başçısı olub, o şərab içirmişmi ki, kəllədən qədəh də düzəltsin. Bu cür misallar bütün türk xalqlarının tarix və ədəbiyyat kitablarında yüzlərlədir, minlərlədir. Bizim çox istedadlı və elmli adamlarımız özləri də bilmədən, günlərin birində milyonlarla insanın təhdəlşüurunda partlayacaq mayınların çoxaldılması siyasətinə xidmət ediblər.

Bu baxımdan Cavanşir Feyziyev kimi hadisələrə idrakın gözü ilə baxan elm adamlarının ortaya qoyduğu kitabların geniş yayılmasında cəmiyyət üçün də, elə hər bir fərd üçün də böyük  fayda var. Xüsusən də bu günkü informasiya bolluğu zamanında. İnsanların həyatının bir parçasına çevrilmiş internet məkanından lazımlı – lazımsız məlumatlar leysan kimi yağırlar və bu məlumatlar fonunda dünyada böyük dəyişim gedir. Türk dövlətlərinin birləşmək ideyası da bu dəyişikliklər fonunda gerçəkləşməyə başlayıb. Yeri gəlmişkən, Türk xalqlarının vahid iqtisadi və mədəni-mənəvi birliyinin ərsəyə gəlməsində böyük siyası iradə göstərmiş Nursultan Nazarbayevin, Rəcəb Tayib Ərdoğanın və İlham Əliyevin göstərdikləri qeyrəti vurğulamağımız yerində olar. Onlar neçə-neçə dahilərimizin xəyallarını gerçəkliyə çevirə bildilər.

Azərbaycanın Qarabağ zəfərindən sonra yalnız ölkəmizdə deyil, bütün türk dövlətlərində, müstəqil və muxtar qurumlarda, insanların düşüncələrində böyük canlanma yarandı. Azərbaycan-Türkiyə birliyi, türklərin bir olanda nələrə qadir olduqlarını hamıya əyani şəkildə göstərdi. Dostlar sevindilər, rəqiblər təlaşa düşdülər. Bu birliyin dağılması ətrafında qurulan siyasi intriqalarla bərabər, informatik məkanda da əsil savaş başladı. Daha doğrusu savaş həmişə olub, indi o yüksələn xətlə şiddətlənməyə başlayıb. Bu savaşda ziyalılarımızın, alimlərimizin, qələm adamlarımızın da öhdəsinə böyük bir mücadilə düşür, çünki bu mücadilə yalnız dış ünsürlərlə deyil, iç ünsürlələ də aparılır. İç ünsürlərin adları bizdən olsa da, idraklarının ipi yad əllərdədir. Buna görə də, bu gün qələm adamlarına da, fikir adamlarına da böyük öhdəlik düşür. Heç bir bədbinliyə əsasımız yox, biz nikbin əhval-ruhiyyədəyik, çünki böyük bir inkişaf mərhələsinin astanasındayıq. Türkiyə və Azərbaycan birliyinin son dövrdəki uğurları bütün türk xalqlarına birliyimizin nələrə qadir olacağını göstərdi və yalnız Qazaxstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan kimi mütəqil türk ölkələri deyil, Rusiyada, İranda, Çində və başqa ölkələrdə  yaşayan türklərin ürəklərində də bir intibah atəşi yandırdı.

Hələ 1500 il əvvəl cəddimiz Bilgə Kağan türk bəylərini və budununu (xalqını) xəbərdar edirdi: “Ey Türk! Silkin və özünə dön. Sən özünə döndükcə böyükləşirsən”. Tarix uzunu beyni fəth olunmuş türklərin silkinib özünə dönməsi prosesi dəfələrlə olub. “Daş bitik”də deyildiyi kimi, “Tanrının törəylə toxumladığı türk ruhu hər dəfə Səməndər (Anka) tək kül altından baş qaldırıb zühur edir.”

İsmayıl bəy Qasprinski, Akçuralı Yusuf, Əlibəy Hüseynzadə, Ziya Gög Alp və neçə-neçə böyük zəka sahibimizin insanların qəlblərinə və düşüncələrinə atdıqları arzu toxumları öz bəhrəsini verərək, özünə dönüb böyükləşən türk cəmiyyətini böyükləşdirən böyük ziyalılar ordusu doğurdu. Bizim bu öygümüz də onlar barədədir və fəlsəmə elmləri doktoru Cavanşir Feyziyev onlardan biridir.

Mən onun “Türk Dövlətləri Birliyi, qlobal inteqrasiyanın Avrasiya modeli” monoqrafiyasını və türk tarixinə dair beş cildlik “Türk xalqları” kitablarnı oxuyandan sonra gəldiyim nəticə budur ki, biz böyük hadisələr zamanında yaşayırıq və bu hadisələrin yaranışında iştirak edirik. Böyük hadisələri böyük insanlar yaradır və böyük insanlar böyük hadisələrdə yaranır. Nə yaxşı ki, Azərbaycan torpağı, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Hüseyn Cavid kimi şəxsiyyətlərdən sonra Türk Elinə Cavanşir Feyziyev kimi,  geniş düşüncə sahibləri də bəxş eləyir. Yaz, yarat qardaşım. Türk qövmünün yaxşı əsərlərə həmişə ehtiyacı var. “Tüz yüzilliyi” bizim hamımızın qatqıları ilə ərsəyə gələcək.

Yolumuz Qızıl Almayadır!

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)