“Bir gün eşitdim ki, yoxdur həyatda...” - Yusif Nəğməkarın yeni şeiri Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikaaında sizlərə şair Yusif Nəğməkarın “Yoxu sevdim” şeirini təqdim edir. 

 

Günüm gün görmədi ələmdən başqa...

Sinəmdə gizlətdim qəm-şikayəti...

Sirdaşım kağızdan, qələmdən başqa

Mən kimə danışım bu hekayəti?!.

 

Gümanım ömrə bel bağlaya bilmir,

Çatdım suallara hey qaşlarımı...

Nə yazıq, kişilər ağlaya bilmir!

Qürurum dəfn etdi göz yaşlarımı...

 

...O, sevdi...

            mən onu sevə bilmədim...

Çəkildi günə dağ,

              həm dağ aylara...

Bir addım ahına sarı gəlmədim,

Dərd açdı sulara, qağayılara...

 

...Bir kəs aramadım heç vaxt o adda...

Peşman yaşamadım tək heyif kimi...

Bir gün eşitdim ki, yoxdur həyatda...

Yoxluğu var etdi ona sevgimi...

 

Nə sirdir, talelər arınmayanda

Ən sərt arzular da yuxa vurulur?!.

Öz könül varından barınmayanda

İnsan yoxu sevir, yoxa vurulur?!.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)