Qadın ağlamaqçün yaranmayıbdı...

 

Redaksiyanın poçtundaAzərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun iki şeiri var. Hər iki şeir qadınlar barədədir.  Şeirləri diqqətinizə çatdırırıq.

 

 

Qadının özünə minnətdaram mən!

 

 

“Mənim həyatımın nə mənası var,

Sizin üzünüzdə gülüş olmasa”.

 

Xalq şairi Nəriman Həsənzadə

 

 

İnsanın özündən xəbərsiz, inan,

Narahat duyğular bu gün də yatmır.

Duyub yaşadıqca ömrün gününü,

Bəzən görürsən ki, nəyinsə çatmır.

 

Sonradan keçdikcə ömürdən günlər,

İlk görüş, ilk gülüş yadına düşür.

Sən demə, bu ömrün ən çətin günü,

Gəlib bu dünyada qadına düşür.

 

Duyulsa, uzaqdan nəfəsi yenə,

Bu dünya qayğıya bürünəcəkdi.

Könlünü almaqçün dağların özü,

Qadın arxasınca sürünəcəkdi.

 

Axı çox həssasdı bütün varlığı,

Dünəni, bu günü qoruyur bütün.

Qadının özünə minnətdaram mən,

Belə həssas qəlbli olduğu üçün.

 

 

Qadın ağlamaqçün yaranmayıbdı...

 

Soykökə bağlılıq, yurda bağlılıq,-

Qəhrəman bir yurdun canında olmuş.

At çapan Koroğlu dəlilərinin,

Sapandı, qılıncı yanında olmuş.

 

Əsrlər boyunca ər meydanında,

Fərhadtək qayanı bir ana yarmış.

Yaxşı ki, bir xalqa xidmət göstərən,

Cəsur bir diyarda qadınlar varmış.

 

Ömrün sınağından üzü ağ çıxmış,

Min igid gözündə darda da belə.

Yaşınıb, utanıb, çəkinməmişdi,

Boranda, şaxtada, qarda da belə.

 

Şairlər bir yurddan geri qayıtmaz,

Qadının hüsnündən ilham almamış.

Nigar da, Həcər də qəhrəmanlıqda,

Koroğlu, Babəkdən geri qalmamış.

 

Qəlbi ovsunlayan siyah telləri,

Kim sənə dedi ki, daranmayıbdı?!

Üzündə sevinci görəndə bildim,

Qadın ağlamaqçün yaranmayıbdı…

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)