“Bağışla Tanrı, sənin yazdığın ömrü yaşamağa hövsələm çatmadı...” Featured

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Tural Turanın “Ölümdən sonra... “ adlı şeirini təqdim edir

 

Fevraldan bəri bu gün ilk şeirimi yazdım... Əslində neçə illər idi ki, beynimdə idi, tamamlana bilmirdi. Bu gün son sancını çəkdim və axır ki, doğdum...

 

Pianonun dillərindən asdılar alın yazımı,

bütün dar ağacları oxuyub utandı.

Utandı, oğlumun gözündəki tənha işıq da,

utandı corab satan körpənin 

üşüyən yanaqlarındakı noyabr küləyi də.

Utandığından əllərini üzünə tutdu başdaşım!

Ardınca 

kölgəmdən üzr istədi bütün lal notlar.

 

Əslində, nə alnım var, nə də yazım!

Mən doğulduğum gün ölümlə boyandım...

Son dəfə yazdığım məktubu da 

payızın cümə günü əlindən salaraq itirmişdi...

 

...İllər sonra, 

yuxusu qaçmış küçələrin birində 

tapdım öldüyüm günə yazdığım məktubu.

Tanrının tabutunu çəkmişdim, son cümlədə:

-Gəl, bir yerdə,

Elə əl-ələ ölək, sevgilim,

Əvvəl sən məni basdır, 

Sonra son duam səni...

 

Beləcə, sağollaşmışdıq.

İndi həmin pianoya toxunuram,

Toz basıb alın yazımı,

Hərfləri saralıb...

Bağışla Tanrı, 

sənin yazdığın ömrü 

yaşamağa hövsələm çatmadı...

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)