“Hamı ölüb… torpaq sağdı…” Featured

“Ədəbiyyat və incəsənət” portalı Ədəbi qiraət rubrikasında sizlərə Əlizadə Nurinin “Allah, bu nə oynamaqdı…” şeirini təqdim edir. 

 

O aşıq çoxdan ölsə də,

Barmağı saznan oynayır…

Söz oynayır göy üzüylə

Qələm də söznən oynayır.

 

Yol qurtardı… dayan, adam,

Sənin deyil o yan, adam.

…Qəmiylə oynayan adam

Elə bil köznən oynayır…

 

Hamı ölüb… torpaq sağdı.

Mən axsağam, yol axsaqdı?

Allah, bu nə oynamaqdı-

Göz yaşı göznən oynayır?!

 

Bu ömürdü, ya səfərdi?

Hara baxırsan- çəpərdi…

Tək o nəğmə bəxtəvərdi-

Bİr gözəl qıznan oynayır…

 

Səni sevdim, sən də uzaq…

Bəlkə bu bəxtə uduzaq?

…Üstünü çırpan bir uşaq 

Oturub toznan oynayır…

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)