Böyük Hüseyn Caviddən insanlara yadigar qalan misralar içində belə sətirlər də var “Gün dəyişdikcə o hep genc olacaq, Şən könüllərdə pərəstiş bulacaq”. O, bu fikirləri başqa bir şair haqqında desə də, bu sözlər Hüseyn Cavidin özünə də aiddir. Gün dəyişib, əsrlər dəyişib Cavid yenə gəncdir, yenə ürəklərdə pərəstiş tapır. Üzərindən əsr keçdikdən sonra Cavid dönə-dönə yenə insanlara qayıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov İstanbulda Azərbaycan mediasına - AzərTAC-a və
Az TV-yə müsahibəsində bildirib.
İstanbulda mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar keçirilən tədbirə toxunan akademik deyib: “Hüseyn Cavid 1906-cı ildə ilk dəfə İstanbula gəlib və İstanbul Universitetində təhsil almağa başlayıb. İndi isə üzərindən bir əsrdən çox vaxt keçdikdən sonra Cavid yenidən İstanbul Universitetinə qayıdıb. Cavid 140 yaşının tamamında yenidən İstanbul Universitetində buranın tələbələri, müəllimləri ilə, İstanbulu ilə görüşür. Bir zamanlar addımladığı dəhlizlərdə yenidən addım atır. Bu Cavidin yenidən dirilişi deməkdir. Hüseyn Cavid 1982-ci ildə unudulmaz ulu öndər Heydər Əliyevin sayəsində uzaq Sibirdən Azərbaycana qayıtdı. Yüz yaşının tamamında əslində o, Azərbaycana geri dönürdü, əsərləri tam halda yenidən nəşr edildi. Bir çox əsərləri ki, illər boyu qadağan edilmişdi səhnələrə gəldi. Azərbaycan insanı və Şərq dünyası Cavidi böyük ölçüdə tanımağa başladı. Hesab edirəm ki, bu gün Cavidin İstanbula qayıdışı, Türkiyədə onun 140 yaşının belə təntənə ilə qeyd edilməsi əslində onun növbəti böyük qayıdışının başlanğıcıdır. Bundan sonra Türkiyədə də Cavidin bütün əsərlərinin Türkiyə türkcəsinə müəyyən qədər uyğunlaşdırılaraq nəşr olunacağına inanıram. Cavid əbədi deməkdir və əbədi olanların qayıdışları əlbəttə ki, bundan sonrakı yüz illər boyu da daim davam edəcək”.
“Ədəbiyyat və incəsənət” (26.11.2022)