“Nə nəğməsi susub, nə şeiri bitib...” – Sevinc Həmzəyevanın şeirləri Featured

Sirli-sehirli poeziya dünyasına kim baş vurmaq istəməyib. Bu dünya həm ruh oxşayır, həm duyğulandırır, həm təsirləndirir. “Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc Həmzəyevanın şeirlərini təqdim edir. Bəri başdan deyək ki, təqdim etdiyimiz şeirlər sevgi şeirləridir.


 

Kövrək xatirələrin üstünə getmə

Kövrək xatirələrin üstünə getmə
Hələ üzərindən yel də keçməyib
Nə illər bacardı, işə yaradı
Nə də duyğuları ölüb bitməyib


Yenə həmin baxış, yenə həmin söz
Sənin gözlərindən süzülən sevgi
Yenə həmin nəğmə, yenə həmin köz
Qəlbimin telinə hörülən sevgi


Nə nəğməsi susub, nə şeiri bitib
Donub sükutunun pərdələrində
Yol çəkən gözümün kökündə itib
Yanır aram-aram sənin hicrində


İstəmirəm yerlə səma mənim olsun

 

İstəmirəm yerlə səma mənim olsun
İstəyirəm yerin, göyün arasında
Sakit, rahat, dinc bir guşə
Və… sevgilim mənim olsun!..


Istəmirəm mavi dəniz mənim olsun
İstəyirəm dodaqlarım sudan ötrü
Yanıb külə dönməməkçün
Bir gilə su mənim olsun!


İstəmirəm sevinc içrə üzüm hər an
İstəyirəm kədərimin yarısıcan
Xoş anlarım, gülər günüm
Təbəssümüm mənim olsun!


Istəmirəm bir əbədi ömrüm olsun
İstəyirəm, nə qədər ki yaşayıram
Öz sevgimi dəfn etməyim.
Mənim sevgim mənim olsun!…