“Gözlənilən xəyanətin gözlənilməzliyini də gözləmək gərək...” Featured

 

 

Şair Yusif Nəğməkarın Hikmət Bankomatından

 

*Düşmənin susması yeni hay-həşir qoparacağının bünövrə fəndidir...

 

*Qonşunun çəpərinə daş atanın qapı-pəncərəsi daşlanar...

 

*Budandıqca yenidən boy göstərən qaratikanın kökü kəsilməsə, keçilməz kol-kosa dönəcək...

 

*Gözünü hər yuman düşməni yatmış hesab etmək yuxulu ağlın yanlış gümanıdır...

 

*Anlaqlı olanlar anlaşılmazlığı da anlamağa qadirdir...

 

*Dostluqdan tez-tez dəm vuranların dostluğu olmaz...

 

*Dost dostunu onun gücündə və imkanında olmayan işlərə təhrik edərək umu-küsü yaratmaqla heç özü də bilmədən özünün yalnız ehtiyac dostu olduğunu və nadanlığını büruzə verər...

 

*"Uman yerdən küsərlər" məsəlini yerli-yersiz  əlində dəstəvuz edənlər küsdüyü yerin uma biləcəyini də unutmamalıdirlar...

 

*Səndən körpü (vasitə) kimi istifadə edərək əliyetməyənə əlini çatdıran saxta "dost"un sonradan həmin "körpü"nü uçuracağı labüddür...

 

*Təmənnalı dostluq minnətlə udulan hava kimidir...

 

*Hər cızma-qara şeir olmadığı kimi, hər giley-güzar da aforizm deyildir...