Şair Ramiz Məmmədzadə 85 yaşında vəfat edib

 

Tanınmış şair-publisist, filologiya elmləri doktoru Ramiz Məmmədzadə 85 yaşında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət” portalı 525.az-a istinadən xəbər verir ki, Ramiz Yaqub oğlu Məmmədzadə 1937-ci il yanvarın 1-də Ağdam rayonunda anadan olub. 1955-58-ci illərdə Ağdam şəhər 1 saylı orta məktəbi, daha sonra isə Bakı dəmiryol məktəbini bitirib. 1962-63-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun  pedaqoji fakültəsində təhsilini davam etdirib, sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləyib. O, 1963-67-ci illərdə Abşeron rayon komsomol komitəsində şöbə müdiri, katib, 1967-68-ci illərdə Azərbaycan KP Abşeron Rayon Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1992-ci illərdə Azərbaycan KP MK Siyasi maarif evində məsləhətçi, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində böyük referent vəzifələrində çalışıb. 

1968-70-ci illərdə Bakı Ali partiya məktəbində təhsil alan R.Məmmədzadə 1991-ci ildə Bakı şəhər Sovetinin deputatı seçilib. 

Ədəbi fəaliyyətə 1960-cı ildə "Bakı" qəzetində dərc olunmuş "Milyon ananın övladı" adlı ilk şeiri ilə başlayan R.Məmmədzadə "Həmişə sən gələsən" (1978), "Vaxtında açsaydı qönçələr" (1964), "Xatirə bulağı" (1978), "Mühüm partiya işi" (1974), "Qeyrət günü" (1991), "O gecə (20 yanvar)" (1990), "Canpolad əfsanəsi" (1994), "İşıq günü" (2007), "Zirvə" (2009) kimi kitabların müəllifi idi. Qarabağ, Ağdam sevdalısı olan Ramiz Məmmədzadənin şeirlərinin əsas motivlərini də məhz Vətən, doğma yurd sevgisi təşkil ediridi.

Allah rəhmət eləsin.