“Cahil bu sevdanı duymaz” - Məmməd İsmayılın doğum gününə

 

Şair Məmməd İsmayılın doğum günü münasibəti ilə “Ədəbiyyat və incəsənət0 portalı Elxan Zal Qaraxanlının “Türkün sevdasından doğulan şair” yazısını təqdim edir.

 

Bu gün ustadımız və poeziyazımızın patriarxı Məmməd İsmayılın doğum günüdür. O, ilham pərilərinin sevimlisidir və mən onun həmişə gənc ruhuna heyranam. Bu yazı da böyük şairimizə Qaraxanlı ərməğanıdır. 

 

Bir nisgil, bir həsrət var Məmməd İsmayılın şeirlərində. Qaranlıqda da, aydınlıqda da işıq saçan bir həsrət.

O həmişə bu həsrətlə yaşayıb, ömrü boyu, addım-addım, misra- misra bu həsrətə doğru gedib və bu həsrətin sevdasına tutuşmuş ürəyini başı üstündə işıq saçan alova çevirərək minlərlə, bəlkə də milyonlarla insanı bu sevdayla yoluxdurub. 

Türkün sevdasıdır bu sevda, Qızıl Alma sevdasıdır.  Bölünə-bölünə, döyülə-döyülə sonda qalib olan qızıl almasını axtaran türkün. Mənim qavramımda Türk kəliməsi etnik mənsubiyyətdən çox yuxarıda dayanan bir məvhumdur, türk Ulu Törə kitabında verilənləri öz içində bəsləyib bu ideallarla yaşayan inanlara Tanrı tərəfindən verilən bir ünvandır. Sevdasına və savaşına bürünüb Tanrısına doğru gedən insandır. Tanrıdağa, Ulular Uçmağına gedən yolda başı dik, sevda və savaş mələklərinin əhatəsində ləyaqətlə irəliləyəndir. Onun arzular məkanı əbədiyyətdir.

Məmməd İsmayılın həsrəti də bu arzular məkanına yetmək yolunda ləyaqətli yaşamaq arzusudur. Ürəyini el yolunda alovlandırmaq nisgilidir. Onun həyatı da, yaradıcılığı da bu istəyin gerçəkləşməsinə xidmət eləyib həmişə. Tovuzda da, Bakıda da, Türkiyədə də. 

Məmməd İcmayılın ürəyində yaşatdığ istəkləri saf və arı duyğulardan bəslənib yoğrularaq, şeir şəklində bişib sonsuz sayda insanlara mənəvi qida oldu. Ətrafdakılar çox zaman böylə duyğuların daşıyıcılarını anlaya bilmirlər. Könüllərinin qaralığından onlara ağ qarğa kimi baxırlar, çünki cahil gözsüzdür, haqq işığını görə bilməz. Amma bu haqq işığıdır cəhalət zülmətini dağıdıb parçalayan xilaskar.  Göy Tanrının sonsuzluğundan mayalanan haqq işığı sevdasıdır Məmməd İsmayıl sevdası. Cahil  bu sevdanı duymaz, amma var bu sevda, Məcnunun Leylası kimi var, Abbasın Gülgəzi kimi var. Məmməd İsmayılların içində tutuşub tonqallaşır, öz işığını misra-misra şeirləşdirib ətrafa yayaraq zülmətsevərləri pərişan edir. 

 Mən həmişə Məmməd İsmayılın şeirlərini oxuyanda, ürəyini yanar bir almaya çevirib başı üzərinə qaldırmış bir uşaq canlanır gözlərim önündə. Qorkinin ürəyini atəşə çevirən Dankosuna bənzəyən bir uşaq. O, ürəyinin işığıyla insanlığın yolunu aydınladır, amma bəzən insanların bu ürəyi tapdadığı da olur, fəqət o dayanmır, gedir, çünki onun getdiyi yol Tanrı işığı ilə aydınlanıb, böyük bir sevdanın duasıyla mıhürlənib. 

Və o gedir!  “Allah-məni qurd elə, “Allah məni qurd elə” deyə - deyə üzü gündoğana doğru qaça-qaça yenilməz ordulara yol göstərir, türk atlarının nallarının iz saldığı yerləri yurd eləyir. İlahi sevdadan doğulan, üzü-gözü mas-mavi işıq saçan bu xilasçı Qurd, Qızıl Almasından ötrü qəribsəmiş türk axınçılarını qazanmalara doğru aparır. 

Məmməd İsmayıl Türkün bağrından, ilahi yurd həsrətindən doğulmuş bir şairdir. Tovuzda doğulub bütün Turana söz işığı saçan Dədə Qorquddur. Onun sevdası da, savaşı da bu qarışıq dünyada əlçatmaz görünən  həsrət pərdəsini aralayıb ölməzliyə yol açmaq istəyidir. O doğulduğu gündən bu yana içində ölməz bir sevda yaşatdı və yaşatdığı sevda ilə oxucularını da yoluxdurdu və özü də şeiri ilə, sözü ilə, yaşam tərzi ilə  türklüyün sevdasına çevrildi. Bu sevda həmişə eyni yaşdadı, Tanrıdağda da, Orxunda da, Tovuzda da, Anadoluda da. 

Türkün sevgisidir Məmməd İsmayılın şeirləri. Bu türkülər həmişə yam - yaşıldır, təzə-tərdir, həmişə eyni atəşlə yanır. Onun 20 yaşında da, 60 yaşında da, 80 yaşında da yazdığı şeirlər eyni mayadan yoğrulub, eyni sevdadan doğulub. Lap Tanrı sevdası kimi. Nə qədər ki, bu cahan mülkündə türk var, türkün qaladığı türkü tonqalı var, bu tonqala istilik verənlərlə birgə Məmməd İsmayıl şeiri də var olacaq. 

Onun şəxsiyyəti də, əsərləri də Azərbaycanımızın da, Türkiyəmizin də milli sərvətidir. Bu diri dünyada başını dik tutub gəzmək onun haqqıdır. O bu haqqı qazanıb, o bu haqqı yaşayıb. Salam olsun, Məmməd əmi!!!