Görkəmli şair Hüseyn Cavidin 140 illiyi ilə əlaqədar xatirəsi anılıb

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşları tərəfindən 173 nömrəli tam orta məktəbdə görkəmli şair, yazıçı, dramaturq Hüseyn Cavidin 140 illiyi ilə əlaqədar tədbir keçirilib. 

 

Baş İdarədən AzərTAC-a bildirilib ki, kitabxana əməkdaşı Səidə Rəcəbova Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verib. Qeyd edib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının böyük ustadlarından biridir. “O, həm şairlik məharəti, həm də dahi dramaturq kimi məşhurdur. Onun “İblis” faciəsi, “Şeyx Sənan”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam” kimi möhtəşəm dram əsərləri tək Azərbaycan ədəbi mühitinin deyil, ölkəmizin hüdudlarından kənarda belə ədəbi aləmin ən uğurlu əsərlərindən hesab olunur. H.Cavid yaradıcılığında ədəbiyyatımızın bənzərsiz ədəbi nümunələri öz əksini tapıb”. 

Bununla yanaşı, kitabxanaçı, şairin yaradıcılığında mühüm yer tutan uşaq şeirlərindən bəhs edərək, “Dəniz pərisi”, “İlk Bahar”, “Öksüz Ənvər” şeirlərinin adlarını sadalayıb, həmçinin şagirdlərlə birgə şairin məşhur “Qız məktəbində” şeirini müzakirə ediblər.

Tədbirin sonunda Aynur Nəsibova şairin “Qız məktəbində” şeirini səsləndirib.