Xalq şairi Xəlil Rza Ulutürkün 90 illiyi ilə əlaqədar tədbir təşkil edilib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı 10 nömrəli peşə məktəbinin şagirdləri ilə birlikdə Xəlil Rza Ulutürkün 90 illiyi ilə əlaqədar tədbir keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Baş İdarədən bildirilib ki, şöbə müdiri Sevinc Əliyeva şagirdlərə şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

“Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir. Xəlil Rza Ulutürkün yaradıcılığında azərbaycançıllıq ideası böyük yer tutur. Onun poeziyalarının kökü vətən eşqi, torpaq ilə bağlıdır. Şair xalqın milli mübarizəsində göstərdiyi xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə mükafatlandırılıb. Xəlil Rza Ulutürk 1994-cü ildə vəfat edib və Fəxri xiyabanda dəfn edilib”, - deyə şöbə müdiri bildirib.