BP: Azərbaycanın ədəbi gəncliyini dəstəkləyirik

 

Oktyabrın 20-də BP müasir Azərbaycan ədəbiyyatının dörd istedadlı gənc nümayəndəsinin əsərlərinin təqdimatını keçirib.

 

“Əfəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, ikisi şair, ikisi isə yazıçı olmaqla dörd müəllifin hər birinin bir kitabının nəfis tərtibatda nəşrindən ibarət bu layihə dünya ədəbiyyatı xəzinəsini ən qiymətli incilərlə zənginləşdirmiş Azərbaycan ədəbiyyatının gələcəyinə BP-nin töhfəsidir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar: “Tarixən böyük inkişaf yolu keçmiş Azərbaycan ədəbiyyatı bu gün də öz ənənələrinə sadiq qalaraq inkişaf edir, yeni-yeni ədəbi qüvvələr, istedadlı gənclər söz sənətimizə dəyərli töhfələr verirlər. Çağdaş Azərbaycan ədəbiyyatında sevilən, seçilən gənc ədiblər yeni əsərləri ilə oxucuları sevindirirlər. Müsbət haldır ki, BP şirkəti tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza aid çoxsaylı dəyərli layihələrə dəstək verib və bu işlər cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. BP şirkətinin müasir ədəbiyyatımızda öz dəst-xəti ilə seçilən gənc şairlər Şəhriyar del Gerani və Fərid Hüseynin və gənc yazıçılar Ömər Xəyyam və mərhum İkinci Mahmudun kitablarının nəşrinə yardım göstərməsi olduqca əhəmiyyətli addımdır”.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “BP böyük məmnuniyyətlə Azərbaycanın ədəbi irsinin təbliğinə dəstəyini davam etdirir. Bundan öncə biz Nizami və Nəsimi kimi dünya poeziyası nəhənglərinin ədəbi irslərinin tədqiqi və təbliği səylərini dəstəkləyən iri layihələr həyata keçirmişik. Ədəbi gəncliyin yaradıcılığının təbliğinə yönəlmiş bu layihə ilə biz Azərbaycan ədəbiyyatının misilsiz dəyərlərinin gələcəyə ötürülməsi və zəngin ənənələrinin davamlı olması səylərini dəstəkləyirik. Ümid edirik ki, Azərbaycan ədəbiyyatının böyük gələcəyinə BP-nin dərin inamının ifadəsi olan bu layihə Azərbaycanın yaradıcı gəncliyini ədəbiyyatımızın gözəl ənənələrini fəxrlə davam etdirməyə ruhlandıracaq”.

Layihəyə daxil edilmiş kitablar bunlardır: Müəllifi Fərid Hüseyn olan “Bəyaz ləkə” şeirlər toplusu; Müəllifi Şəhriyar del Gerani olan “Özümdən məşhur şeirlər”; Müəllifi Ömər Xəyyam olan “Bizim atalarımız, bizim analarımız” hekayələr toplusu; Müəllifi II Mahmud olan “Yersiz ölüm” hekayələr və romanı.

BP-nin ev sahibliyi etdiyi bu tədbirdə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, tədqiqatçılar, alimlər, ədəbiyyatsevərlər bir araya gəliblər.

Layihəyə daxil edilmiş dörd kitabın ümumi həcmi təxminən 800 səhifədir. Layihənin ümumi dəyəri kitabların nəşri ilə birlikdə 43 min manatdan artıqdır.