“Havada fırlanır ağrı pərləri…” Featured

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraətdə sizə şair Yusif Nəğməkarın “mənzum dua” adlandırdığı “Dərdə dibsiz dərya deyən dildar, ey!” adlı şeirini təqdim edir.

 

İstər nökər, şah olsun,

İstər fəryad, ah olsun...

Min fərddən nicat umma,

Sənlə bir ALLAH olsun!

 

***

 

Təkəri Yer şarı yol çantaları --

Uzaq yolçuların hal yoldaşları.

Bir əldə "sirab"ı, ya "fanta"ları

Suçamı susayıb pürğəm başları?!

 

Uçaq meydanında uçunan ürək

Girinc göynəklərin təzyiq yüküdür.

Tənsiz tansiona sakitlik gərək,

Dalğınlıq, alğınlıq qafa bürküdür.

 

Dərd şimşək qanadla çaxır göylərə,

Havada fırlanır ağrı pərləri.

Təbiblər töhfəsi inad səylərə

İnam əl bağlayır hünərvərləri...

 

Ərşin arşınında dövrə qəsdi nə --

Yelləncək təyyarə, diyircək dünya?!

Dolanar qəm tiyə iyin üstünə

İplik düyçə kimi əyircək dünya.

 

Yerdə yağrı basan səqfə sürünər,

İlac ulduzları sönməsin barı.

Gecə Ay işıqlı yola bürünər,

Yol da yol yolundan dönməsin barı.

 

Uçar xəyalım da qoşaqanadlı,

Uca ümidlərə, ön an geriyə.

Qalxan qəti qayəm çılğın yel atlı

Dönə sevincimə, könlüm kiriyə.

 

Müjdə sərnişinli hava gəmisi

Enə həsrətimin təşnə qoynuna.

O dua qolları -- dəva hamisi

Sarıla uçağın qutsal boynuna.

 

Üfiqlər od ala dualarımdan,

Ayətim arzumun can yeri ola.

Qalam qibləm ilə üzbəüz an-an,

O can canım üçün dan yeri ola!..

 

Sevgi yoxsa, qalan nə var daş-divar;

Bu dünyanı başımıza bil dar, ey!

Min dərd varsa, minbir də çarəsi var,

Dərdə dibsiz dərya deyən dildar, ey!..

 

İlğım pərdə çəkər gözümə qan-qan,

Soraq ibadətim, sidqim də pakdan.

Məqamın yazdığı tarixlə ünvan --

Şifa İstanbuldan, dilək Bakıdan...

 

Gözüm yol çəkirkən yol məni çəkir,

Çəkdiyim yüz fikir bir borca dəyməz.

Uçaq enişində bir qartal səkir,

Bu vüsal, inşallah, alnımı düyməz!..