Üşüyür məsafələr… - Nigar Arifdən şeir Featured

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Nigar Arifin “Həyat adlı qatar” şeirini oxucularına təqdim edir. 

 

 

Bir az gözlərdən uzaq,

Bir az gözümdə dustaq,

Çırpınır arzuların,

Kəpənək qanadları…

Vərəqlərə atılır,

Könlümün söz atları…

 

Durnalar köçüb gedir

Köhnə diyarımızdan.

Yaş üstünə yaş gəlir,

Söylə, bizə nə qalır,

Küsən baharımızdan?

 

Hardasa düşüb itir,

Ayağından bir çarıq.

Kasıb ümidlərilə,

Gəzir hey aramızda,

Gəzir səfil ayrılıq…

 

Asılıb qəlbimizdən

Məhəbbətin bir ucu.

Parçalayır özünü,

Səbrin iti qılıncı.

 

Üşüyür məsafələr,

Günlər yağışda, qarda.

Geyin dualarımı,

Gələr təzə bahar da.

 

Sevgimizə yaxşı bax,

Qoyma bu eşqi darda.

Bəlkə bir də görüşdük,

“Həyat” adlı qatarda…