“Dənizə diyirlənən xoşbəxt cəsəd” - Velimir Xlebnikovun şeirləri Featured

Ötən gün Beynəlxalq Tərcüməçilər Günü və Ümumdünya Ürək günü qeyd olundu. Bu münasibətlə bütün TƏRCÜMƏÇİLƏRİ ÜRƏKDƏN təbrik edirik. Bu sahədə iz qoyanlardan biri də gözəl yazarımız Zahid Sarıtorpaqdır. 

“Ədəbiyyat və incəsənət” portalı Zahid Sarıtorpağın məşhur rus şairi, rus avanqard poeziyasının, futurizminin banisi Velimir Xlebnikovdan (1885-1922) ürək qoyaraq tərcümələrini oxucularına təqdim edir. 

 

 

 

Nədən oxuyursan, qəfəsdəki quş?

Necə tora düşdün, o barədəmi?

yoxsa ki, yuvanı hördüyün haqda,

yoxsa necə gəldi ayrılıq dəmi –

istəkli dostundan ayırdı qəfəs,

o haqda ötürmü bəzi bulu səs?

Yuvanmı yadına düşdü bu anda?– 

Necə xoşbəxt idin isti yuvanda?

Bəlkə də tutaraq sən cücüləri

Necə apardın balalarına

O haqda ötürsən bayaqdan bəri?

Yoxsa meşələrin azadlığından,

bəlkə təpələrin ucalığından,

Yaxud çəmənlərin yaşıllığından, 

Və ucsuz-bucaqsız çöllərdən bu an

bu cür yanğı ilə sən oxuyursan?

O kiçik pəncərə dalından indi

dünyaya boylanmaq necə miskindi.

Günəşli günlərdə gur nəğmən ilə,

Yorulmaq bilmədən çimirsən elə.

Yadına salırsan olub-keçəni,

Belə unudursan dərdini yəni?

Sonra da dənləri dimdikləyib sən

Eləcə yanğıyla su da içirsən...

 

6 aprel, 1897.

 

 

* * *

Mən özüm tütəyəm öz təranəmə.

Nəfsim dünyanı istəyir.

Üzən burulğan kimi halələrimə 

üzüyola ulduzlar axıb-tökülür.

Mən özüm tütəyəm öz təranəmə –

Dünyanın taleyini

ifa edirəm. 

 

1908

 

 

* * *

Kisədən 

döşəməyə əşyalar səpələnib.

Düşünürəm,

bu dünya 

asılmış adamın dodaqlarında

xəfif-xəfif işıq saçan

bir təbəssümdü yalnız.

 

1908

 

 

* * *

Fillər elə döyüşürdü, 

dişləri bəyaz daşlara oxşayırdı

rəssamın əli altında.

Marallar buynuz-buynuza elə girişirdi,

elə bilirdin onları qarşılıqlı həvəs və xəyanətlə dolu

qədim bir nikah qovuşdurub.

Çaylar dənizə elə tökülürdü,

sanırdın birinin əli o birinin boğazından yapışıb

boğmaqla məşğuldu.

 

1910-1911

 

 

* * *

Bir cüt əyri xəncər kimi

Batıb göyə qoşa qovaq.

Ölü kimi düşüb qalıb,

Dörd tərəfində torpaq.

Tərk edilib bir ağ saray

Həsrətə, toranlığa.

Bir qayıq üzüb dirənib

Burda qızıl qumluğa.

Gur saçlar qucaqlayır

görüş çağı qadını.

Əlini qoyur çiyninə,

Gülür, çəkir adını.

Qadın o al köynəklini

əylənməyə alınıb gedir.

Səhər o xoşbəxt cəsədi

dənizə diyirlədir... 

 

1911

 

 

* * *

Atlar öləndə – nəfəs alır.

Otlar öləndə – quruyur.

Günəş qaralanda – onlar sonur.

İnsanlar öləndə – nəğmə oxuyur...

 

1912