“Bəxtim qara, üzüm ağdı…” -Əlizadə Nuridən yeni şeir Featured

 

“Ədəbiyyat və incəsənət” portalı cəlilabadlı şair Əlizadə Nurinin “Mən də sevinc alacaqdım…” şeirini “Poetik qiraət rubrikasında təqdim edir.

 

Yüz yerə böldünüz məni-

Nə qaldı qalıq yerinə?

İlahi, kimdən yapışım

Tutum yaxalıq yerinə?..

 

O sevirsə- hələ sağdı,

Bəxtim qara, üzüm ağdı.

Mən də sevinc alacaqdım,

Düşdüm bahalıq yerinə.

 

Söz atdım o qarğalara,

İş düşəcək darğalara…

Tor atdılar dalğalara

Tutdular balıq yerinə.

 

Nə ev tikdim, nə dam gördüm,

Yaxına da yadam, gördüm.

Yüz ildə bir adam gördüm-

And içdim xalıq yerinə…