İstiqlal Muzeyinin Şuşa ilə bağlı layihəsi davam edir

 

"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.

 

Muzeyin yaydığı məlumata görə, layihə çərçivəsində təqdimatlardan biri Xurşidbanu Natəvana həsr olunub.

Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1837-ci ildə Şuşada anadan olan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sonuncu vərəsəsi olduğu üçün onu sarayda “Dürrü yekta” (Tək inci) çağırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçir. 

Xurşidbanu Natəvan Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. O, rus, ərəb və fars dillərini mükəmməl bilirdi. 1859-cu ildə Natəvanla görüşən A. Düma onun gözəlliyinə, ağlına və cazibəsinə heyran qalmışdı. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də özünə şöhrət qazanmışdır. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi. 

Xan qızı 1872-ci ildə Şuşada “Məclisi-üns” (Dostluq, Ülfət məclisi) yaratmışdır. Burada Qarabağın ən yaxşı şair, xanəndə və musiqiçiləri toplaşmışdır. Xurşidbanu özü də çox gözəl şeirlər yazırdı. O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə yazır, qələmini qəzəl janrında da sınayırdı. 

Şairənin ailə həyatı uğursuz alınır. Cavan oğlunu itirən Natəvanın şeirlərinə bədbin ruh hakim kəsilir. “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” şeirlərini dünyadan nakam köçmüş oğluna həsr edir. Natəvanın bir sıra şeirlərinə mahnılar bəstələnib. 

Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib, məzarı Ağdamın “İmarət" qəbiristanlığındadır. Onun əlyazmaları, şəxsi geyim və əşyaları arxiv və muzeylərimizdə qorunub saxlanılır.

Şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi ucaldılıb. Natəvanın Şuşadakı büstü I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən güllələnib və tullantı metal kimi satılıb. Azərbaycanın hakimiyyət orqanlarının səyləri ilə həmin büst aşkar edilərək Bakıya gətirilib və 30 ilə yaxın Milli İncəsənət Muzeyində açıq səma altında nümayiş etdirilib. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra həmin büst öz doğma yurdu - Şuşaya qaytarılıb.