Bakıda misirli yazıçı Əşrəf Əbu Əl-Yazidlə görüş keçiriləcək

 

Sentyabrın 17-də Bakıdakı Rus evində tanınmış misirli şair və yazıçı Əşrəf Əbu Əl-Yazidlə görüş təşkil olunacaq. 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən xəbərə görə, şair tədbirdə “Qahirədə bir küçə” («Улица в Каире») adlı rus dilində ilk kitabını təqdim edəcək. Eldar Əhədov tərəfindən tərcümə olunmuş bu kitab ötən ay Qahirədə “İpək yolu ədəbiyyatı” silsiləsində dərc olunub. 

 

Eldar Əhədovun “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, Əşrəf Əbu Əl-Yazid “İpək yolu” ədəbi silsiləsinin yaradıcısı və İsgəndəriyyə kitabxanası tərəfindən nəşr edilmiş İpək yolu ölkələri barədə ensiklopediyanın müəllifidir. O, Asiya Jurnalistlər Assosiasiyasının prezidenti, “Manhe” Koreya mükafatı laureatı və ötən il İstanbulda keçirilən LiFFt Avrasiya ədəbi festivallar festivalının qızıl laureatıdır. Onun şeir və romanları dünyanın bir çox dillərinə tərcümə olunub. Yazıçı eləcə də tatar ədəbiyyatı klassiki Qabdulla Tukayın poeziyasının, o cümlədən “Şurale, “Keçi və qoyun” kimi əsərlərinin ərəb dilinə ilk tərcüməçisidir. 

Tədbirdə tamaşaçılara Avrasiya Xalqları Assambleyasının (AHE) Bədii Şurasının həmsədri, AHE-nin Bədii Şurasının beynəlxalq əməkdaşlıq məsələləri üzrə baş koordinatoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Eldar Əhədovun yeni kitabları da təqdim olunacaq.