Başmaqlı şeir

 

“Ədəbiyyat və incəsənət” portalı Yusif Nəğməkarın “Başmaqlı şeir” gülməcəsini təqdim edir

 

 

BAŞMAQLI ŞEİR

(Təvazökarlıqdan uzaq olmasın)

 

İş-gücdən macal tapıb, yayın isti günlərində dağlara çəkilmişdim.

Düşündüm gəlmişkən bu ərazinin şairlərini başıma yığım, birlikdə təbiətin qoynunda bir samovar çayı içək, bir-birimizin yeni yazılarımızla tanış olaq.

Çağırdım, gəldilər. Bunların gəlişinə samovar çayı da gəldi, ardınca cürbəcür təamlar, "iştahaçanlar" və sair...

Ümumi və ayrı-ayrılıqda hal-xoşdan sonra soruşdum ki, kim son vaxtlarda nə yazıb?

Zərbəçi yazar (regionun gözündə qabaqcıl) dedi ki, iri bir əsər yazmışam, bu yaxınlarda Azərbaycana səs salacaq...

Sonra hərə iki-üç şeir oxudu.

Növbə mənə çatdı. Bir dodaqdəyməz və bir dildönməz (iki təcnis) söylədim.

Ölkəyə "səs salacaq" yazar heyrət və təəccüblə soruşdu ki, qağa, belə çətin şeiri nətəri yazırsan ki, dodaqlar bir-birinə dəymir, dil dönmür, məna da dərin, fəlsəfi?!

Maraqla bizi dinləyənlərdən qalanlar da maraqlandılar ki, belə əzablı, zülmlü şeirləri harda, günün hansı hissəsində yazırsan -- səhər, günorta, axşam, ya gecə?

Dedim bəzən ayıq, bəzən yuxuda, maşında, uçaqlarda, yollarda, səfərlərdə, sizinlə bax beləcə söhbət edə-edə, çay içə-içə, gülə-gülə, ağlaya-ağlaya, futbol oynaya-oynaya, musiqi dinləyə-dinləyə, saz, kaman çala-çala, oxuya-oxuya, lap elə rəqs edə-edə, ən başlıcası, öz başmaqlarımı geyib gəzə-gəzə...

"Başmaq" sözünü eşidəndə hamısı bir ağızdan -- ahaa, tapdıq, sirr o başmaqlarda imiş-dedilər -- gəlin, biz də həmin başmaqlardan alıb geyək və innən belə həmin başmaqlarla gəzintiyə çıxaq! Onda biz də o meydana girib, yəqin o çətinliyin öhtəsindən gələ bilərik...

Bayaqdan bəri məni boğan gülüşümü gizlətmədən qətiyyətli fikrimi razılıqla bəyan etdim:

-- Çox yaxşı, amma hərə öz yerişilə!..

  25.08.2022-ci il.