Bu evdi, yoxsa zirzəmi? - Əlizadə Nuridən şeir

 

 

Yağdı sevgi yağışları-

Canımda bir qız göyərdi.

O qıza ocaq qaladım,

O gəlmədi, köz göyərdi.

 

Bu evdi, yoxsa zirzəmi?

Sahildə darıxır gəmi.

Çağırdı ” Yanıq Kərəmi”

Divarda bir saz göyərdi…

 

Sevib gəldim yalqızları,

O dualı ağızları.

Şumladım ağ kağızları

Dedim bəlkə söz göyərdi.

 

Ay orda- asdığın yerdə…

Ulduzlar azdığın yerdə.

Sən ayaq basdığın yerdə

Daş ağardı, toz göyərdi.

 

Ümid doyurmaz ki, acı.

Yüz dərdim var, bir əlacım.

…İlahi, bu dar ağacı

Neynədin ki, tez göyərdi?!..