“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın “ÖZÜNÜ QAYADAN ATAN QADINLAR” adlı şeirini təqdim edir.
(Birinci Qarabağ müharibəsində Kəlbəcərin işğalı zamanı yerli qadın sakinlərdən bir neçəsi düşmənə əsir düşməmək üçün əl-ələ tutaraq özlərini qayadan atmışdılar)
Çovğunlu, şaxtalı, buz havalarda
Ağı havasına kökləndi Vətən.
Qəfil sınaqlarda, sərt çabalarda
El-el, oba-oba təkləndi Vətən...
Murov silsiləsi -- tək xilas yolu;
Qarlı aşırımlar açdı nələri...
Əfsusla, fəryadla, eyvahla dolu
Ağdaban, Başlıbel faciələri!..
Yağılar qurduğu hiylə torunda
ümidlər dörd yandan mühasirədə...
Qətiyyət nə idi bu zor sorunda --
Yaşamaq anamuzd, həyat kirədə...
İsmət nuru hopdu qana, iliyə;
Son addım nə günah, nə də ki, suçdu...
Divar hörülüncə təslimçiliyə,
Faşistlik, vandallıq hasarı uçdu...
Qorxunc qayalıqlar sıldırım, girdə,
Üstə mərd ayaqdan sirr ələnirdi...
Qızlar sığındığı qanlı dərədə
Mərdlik tariximiz zirvələnirdi!..
Qeyrəti bayraqtək tutan qadınlar
Uçrumlar başında baş taclarımdır.
Özünü qayadan atan qadınlar
Məğrur analarım, bacılarımdır!..
...Paytaxtda kreslo davası tin-tin...
Meydanda məsləki birdi qadınlar.
Əldən yapışmayan hakimiyyətin
səhvindən...əl-ələ verdi qadınlar...
Qalxıb könüllülər döyüşə haqla
Darda haray çəkən elimə yetdi.
İqtidar əl-ələ vermədi xalqla,
Qadınlar əl-ələ ölümə yetdi...
Hərc-mərclik içində yol əyiş-üyüş...
O yolda hər yoldan ötən gedirdi...
Arxada vəzifə uğrunda döyüş,
Cəbhədə arxasız Vətən gedirdi...
Yanar ürəklərə yol versəydilər,
Xəyanət ağzında dil açmazdılar...
Məmurlar bu xalqa əl versəydilər,
Əllər ölümlərə əl açmazdəlar...
Neyçün bağlanmışdı nicat qapılar?!
Nədən xilas meylə qatlanmaq olmur?!
Dərədən, təpədən at da çapılar,
Amma dərd üstündən atlanmaq olmur...
Orda zaman özü dayanaydı kaş;
Özünəqəsd tənə biyabanıdır...
Onlar həlak olan o qaya, o daş
Könüllü şəhidlər xiyabanıdır!..
Geniş götür-qoya zaman yox darda,
Hər an amansıza öc ayətiydi.
Ölüm ağuşuna atılmaq orda
Millətin yaşarı şücayətiydi!..
Qorxu -- bir silah ki, geri təpilən,
Hünər -- qanda bitən dilək fidanlar...
Namus toxumuydu Yurda səpilən
özünü qayadan atan qadınlar!
Məsləki, məramı titan qadınlar
Acı həqiqəti rəmzə atdılar..
Özünü qayadan atan qadınlar
Şərəf tariximə imza atdılar!