Kövrəldən, heyrətləndirən və duyğulandıran Rəşad Məcid

Rate this item
(0 votes)

Gözəl şair, publisist, ictimai xadim Rəşad Məcidin bu gün doğum günüdür. Şablon tərcümeyi-hal sadalamalarını bir kənara qoyub Rəşad Məcid haqqında onu deyə bilərik ki, o, öz lirik şeirləri ilə oxucusunu…

1.Kövrəldir…

BİLSƏYDİM

Bilməzdim bu qədər ağrı verəcək,
Hər təzə misrası üzəcək məni,
Yolumu daşlığa sarı döndərib
Bu qədər incidib əzəcək məni…
Bilsəydim, yazmazdım bu şeirləri.

Mən dedim, yazdıqca unutduracaq
Köhnə ağrıları, əski dərdləri.
Bağrımın başında qalayıb ocaq
Yenidən yaşatdı məşəqqətləri…
Bilsəydim, yazmazdım bu şeirləri.

Ağrılar, əzablar ac quzğun kimi,
Boynuma uzatdı caynaqlarını.
Vurduğun yaralar sağalmamışkən
Yenidən qopardı qaysaqlarını…
Bilsəydim, yazmazdım bu şeirləri

2.Heyrətləndirir…

BİR GÜNƏŞ EYLƏ…

Tanrının yerdəki əziz bəndəsi,
Məni də mülkündə kirəkeş eylə.
Artır qüvvətimi, çoxalt gücümü,
Sıfırı bir eylə, biri beş eylə.

Qolla fərmanını, əmrini qolla,
Çıxaram sınaqdan – testini yolla,
Üşüyən qəlbimə istini yolla,
Odlu baxışını gur atəş eylə.

Durulan gölünəm, daşan selinəm,
Kölən, cangüdənin, qulun, dəlinəm,
Ovcunda yupyumşaq plastilinəm,
Yay məni, yenidən bir günəş eylə.

3.Duyğulandırır…

SƏNSƏN…

Sənsən əzablarla dolu qürbətim,
Sənsən diz çökdüyüm vətənim mənim.
Sənsən ən yaxınım, vəfalı dostum,
Qanıma susayan düşmənim mənim.

Cəhənnəmim də sən, cənnətim də sən,
Gah nəğmə oxuyan, gah ağı deyən.
Ağır əzablardan tir-tir titrəyən,
Ruhtək rahatlaşan bədənim mənim.

Sən – gecəm-gündüzüm, sən – toyum-yasım,
Sənsən dar ağacım, sənsən xilasım.
Əynimə oturan ən düz libasım,
Boyuma biçilən kəfənim mənim.

“Ədəbiyyat və incəsənət” portalı adından Rəşad Məcidi doğum günü münasibəti ilə təbrik edir, bu kövrəldən, heyrətləndirən və duyğulandıran şeirləri ilə oxucularını daim cazibəsində saxlamasını arzulayırıq.