Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir

 

“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat “Məclisi-fəramuşan” ədəbi məclisə həsr olunub.

Muğam-sənət beşiyi Şuşada ədəbiyyatın inkişafında mühüm rol oynayan məşhur poetik məclislərdən “Məclisi-üns” haqqında məlumat verilmişdi. Bu dəfə “Məclisi-üns”dən səkkiz il sonra yaradılan “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) barədə söz açılıb.

“Məclisi-fəramuşan” həm də “Məclisi-xamuşan” (“Dinməz, sakit adamlar məclisi”) adı ilə tanınıb. 1872-ci ildə Abdulla bəy Asi, Mirzə Əbülhəsən Şəhid, Mirzə Əbdül Şahin, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği və başqaları Mir Möhsün Nəvvabın rəhbərliyi altında bu ədəbi məclisdə bir araya gəliblər.

Mənbələrdə başqa məclislər kimi “Məclisi-fəramuşan”ın da üzvlərinin adları da tam əhatə olunmayıb. Onların adı daha çox Şuşa şairlərinin şeirlərindən, digər şəhərlərdəki şairlərlə məktublaşmalardan müəyyən edilib. 

“Məclisi-fəramuşan”da şairlər müşairə zamanı deyilən qəzəli onun bəhr və təqtisinə müvafiq olaraq oxuyar və həmin ahənglə ayaqlarını yerə vurub ona uyğun səs çıxardıblar. Məclisdə şairlərlə yanaşı, musiqiçilər də yaxından iştirak ediblər. Məşhur Qarabağ xanəndə və tarzənlərindən Xarrat Qulu, Mirzə Sadıqcan, Hacı Hüsü, Məşədi İsi məclisin şöhrətinə şöhrət qatıblar.

“Məclisi-fəramuşan”ın nəzdində M.M.Nəvvab və Hacı Hüsünün rəhbərliyi altında “Xanəndələr məclisi” adlı bir musiqi məclisi də fəaliyyət göstərib. 

Başqa ədəbi məclislərdə olduğu kimi, “Məclisi-fəramuşan”ın üzvləri də ancaq klassik üslubda-əruz vəznində yazmaqla məhdudlaşmayıb. Heca vəznində də gözəl şeirlər yaradıblar. 

1910-cu ilədək fəaliyyət göstərən “Məclisi-fəramuşan” da Şuşanın ədəbi-mədəni həyatında mühüm rol oynayıb, ədəbi prosesin şaxələnməsinə öz töhfəsini verib.