Orden-medallarının 11-12 yaşlı iki naxələf uşaq oğurlayıb satmışdılar - Rəhman Orxan yazır

 

"Nə zamansa bu nişanda bir atam vardı..." (Əli Kərim)

 

Bir-neçə gün əvvəl Atalar günü idi (yəqin ki, hər zaman ömrümüzü nurlandırmış atalar üçün də belə bir günün olması lazım idi).  Mən həmin gün heç nə yazmadım. Düşündüm ki, atam haqqında məhz bu gün, iştirakçısı olduğu Sovet-alman müharibəsinin başlandığı gündə yazmağım daha düzgün olar...

 

1941-ci ildə - 18 yaşında cəbhəyə yollanan atam 1945-ci il qələbəsindən sonra da hələ 3 il "Qızıl Ordu" sıralarında saxlanmışdı. O zaman döyüşlərdə necə vuruşduğu haqqında özü danışmasa da, ölümündən sonra döyüş dostu Lətif Mirzəyevin onun haqqında dedikləri az da olsa, məndə müəyyən təəssürat yaratdı. O etiraf etdi ki, "Abdurahman rus dilini yaxşı bilirdi və bizim hamımızdan şücaətli idi. Nə gizlədim, biz çox vaxt canımızı qorumağa çalışırdıq, ancaq o qorxu-zad bilmirdi, cəsarətli idi, elə həmişə irəli getməyə çalışırdı. Onun bacarıqlı olduğunu görüb, son illərdə komandirimiz onu tez-tez kəşfiyyata göndərirdi. Elə vaxtlarda onunla hər ehtimala qarşı xudahafizləşəndə gülərək deyirdi ki, Lətif, qorxma, sağ-salamat qayıdacağam. Qayıdırdı da."

Allah Lətif kişiyə də rəhmət eləsin, o da dünyadan köçüb. Ancaq atam haqqında dediyi o bir-iki kəlmə söz hələ də yadımdadır və bir daha inandım ki, mənim atamla öyünməyə, fəxr etməyə bu gün haqqım var!

Bəli, atam həqiqətən mərd, qorxmaz bir döyüşçü olub. Müharibə dövründə layiq görüldüyü “Qırmızı ulduz”, 1-ci dərəcəli “Vətən müharibəsi” ordenləri, “Almaniya üzərində qələbəyə görə”, “Döyüş xidmətlərinə görə” medalları və digər orden-medallar təbii ki, döyüşlərdə göstərdiyi  igidliyinə, şücaətinə görə verilib. Sovetlərin 13-cü ordusunun 211-ci Suvorov ordenli Çerniqov diviziyasının tərkibində uzun və ağır döyüş yolu keçmiş atam bir-neçə dəfə güllə, qəlpə yaraları alsa da, hər dəfə qospitalda müalicəsi başa çatar-çatmaz yenidən döyüşə yollanıb. Müharibədən sinəsində orden-medallarla, bədənində isə qəlpələrlə, güllə yaraları ilə qayıtmışdı. 2-ci qrup müharibə əlili idi. Buna baxmayaraq, dinc quruculuq illərində uzun müddət Şəkinin taxılçılıq sovxozunda çalışdı, kənd Sovetinin deputatı oldu, doğma elinin-obasının xeyrində-şərində fəallıqla iştirak etdi. 

1990-cı ilin 20 yanvar faciəsi baş verəndə atam göz yaşını saxlaya bilməyərək, vaxtilə xidmət etdiyi Sovet ordusuna, Qorbaçov it balasına lənətlər yağdırmışdı. Gücü yalnız ona çatmışdı ki, səhərisi günü  kəndin ortasında öz gücü ilə, bacardığı kimi (ustalığı da vardı) şəhidlərimizə xatirə abidəsi düzəltmişdi. Sovxoz rəhbərliyi, kəndin camaatı, məktəblilər axın-axın gəlib, abidə önünə gül dəstələri düzür, günahsız həlak olmuş şəhidlərimizin, həmçinin kəndimizdən olan Fərman Məmmədovun o qanlı gecədə həlak olmuş məktəbli qızı Larisanın ruhunu yad etmişdilər. Atam elə abidənin yaxınılığındaca çadır quraraq, şəhidlərimiz üçün yas mərasimi də vermişdi.  

Atam öz ömrünü mənalı yaşadı, 6 övlad böyütdü, onlarla nəvə-nəticə babası oldu. Bircə ona heyfsilənirəm ki, uca boylu, cüssəli-gövdəli olsa da, bir nanəcibin ucbatından həyatdan vaxtsız getdi və orden-medallarının bəzilərini isə 11-12 yaşlı iki naxələf uşaq oğurlayıb, hardasa satmışdılar. Ancaq görəsən o vaxt dələduzluq, nankorluq edən, bu gün isə artıq “yekəlmiş” uşaqlar geriyə baxıb, heç utanıb, xəcalət çəkirlərmi? Axı, Məhəmməd baba kimi müqəddəs bir din, Allah adamının oğlu olan, nəsli həmişə halallıq  sevən, haqqa sitayiş edən Abdurahman kişiyə qarşı bu cür hərəkət etmək olmazdı və Allah onları yəqin ki, heç vaxt bağışlamaz!

Allah Sənə, dünyadan köçmüş əzizlərimizə-doğmalarımıza və Sənin bütün döyüş dostlarına rəhmət eləsin, əziz və heç zaman unudulmayacaq ATAM!