Duyğularının inqilabında boğulmaq istəyən Sən - güneyli Sara Nacinin şeirləri Featured

 “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan nümayəndəsi Əli Çağla “Güneydən gələn səslər” rubrikasında bu dəfə sizə Sara Nacinin şeirlərini təqdim edir.

 

Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir, 1990-cı ildə Tehranda anadan olub. 1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib.  

O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.

 

 

ÖP MƏNİ

 

Bu terrasda səmanın bir parçası 

mənim olsun

Bir neçə qırmızı ulduzun sayrışmağıyla

Bir ulduz, atanın ev yolunu 

itirməməsinə görə

Biri də bacım çörəyin taleyindən 

narahat olmasın deyə.

O güləndə 

Mən heç nədən narahat deyiləm

 və o uzaq ulduz sənin üçün

İndi uçurtma baxışın

göyün harasını bəndə çəkir?

Xatırlayırsan? O günlərdə sən, mən 

əncirin kənarlarındaydıq

O qara ağac məşuqələri toprağa bağlanardı

Onlardan mürəbbə hazırlayıb satardıq

O günlərin şirinliyi ilə öp məni, sevgilim

Öp məni.

 

 

SƏNDƏN SONRA

 

Alma budaqlarına dırmaşdım

Və iki quşun tənhalığını gördüm

Və sənin kimi olan buludların hamısı 

sənin kimi gəzirdilər

Sənin kimi göz yaşlarımı yuyurdular

Hörümcəyə dedim

Mənim üçün sıx iplər toxusunlar

Mən buludlarla getmək istəyirəm

Uşaq olmaq istəyirəm

O ağ anaların mehriban əllərindən asılı

Dallar doludur almaların nostalji çiçəklərindən

Bəlkə onların arasında doğulmuşam

Ağac səndən sonra məni qucaqlayır

Qarışqalar kraliçasi məni nazlayır

Mən anası qaranquşlarla gedən 

tənhalığın uşağıyam.

 

 

KUBİZM

 

Pəncərə çərçivəsində qalmışam

Yel əsir

Gözüm hər an sönməkdən qorxan çıraqdır

Yel ulduzları qaraldıb

Yel uşaqları özü ilə aparıb

Bizim kişilərimiz isə geri qayıtmayırlar

Sanki

Xiyabanın qarşısında dayanan zavod

İşçilərin ruhlarını

Göy üzünə üfürür.

 

 

QIRMIZI MEYVƏ

 

Kədərlə yuxarı baxdı

Qırmızı bir meyvə dərdi

Kökləri yerin dərinliklərini axtarıb və günahkarların qanını soran

Böyük bir ağacdan

Və bütün fəsillərdə

Şeytanların başlarını

Meyvə verir

Bir cəhənnəm arxın qırağında oturdu

Və meyvəsini dişlədi.

 

 

MƏNİMLƏ GƏL

 

Saçlarım çiyinlərindən tökülür

Və bu pəncərədən Şimal dənizinə qovuşur

Məndən uzaqlaşmağını istəmirəm

Rəmkədə keçən buludlarla gedəsən

Ya da mövsümün qanlı yarpaqlarının üstündə addımlayasan

Və ya qoca tısbağalar arasında

Özünə dalasan

Səsini içindən eşidirəm

Onun dinliyi yoxdur

Gəl olayların dibərdinə vuraq

Gəl suların üzündə əsək

Və Mərcan qayalarını dalğalara oyuncaq edək

Günəş nəhəng ağaclar səltənətini idarə edir

Və sən daxili duyğularının inqilabında boğulmaq istəyirsən?

İndi boğulmaq vaxtı deyil

Yerdəki canlılar arasında həyat 

hələ də davam edir

Mənimlə gəl

Tropik küləkləri izləyək

Və başqa yerə gedək.