Gələn il Rusiya ilə bərabər Monqolustan, Qırğızıstan, Belarus və o cümlədən də Azərbaycanda Xalq şairi, Dağıstan əsilli Rəsul Həmzətovun anadan olmasının 100 illiyi münasibətilə tədbirlərin keçirilməsi planlaşdırılır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS Agentliyinə istinadən məlumat verir. Agentlik şairin qızı Salixat Rəsulovaya istinad edib. 100 illik yubiley 2023-cü ilin 23 sentyabrına təsadüf edəcək.
“Rəsul Həmzətovun şeirlərinə yazılmış mahnının ən yaxşı ifasına görə Monqolustan nümayəndəliyinin bazasında hər il “Bizim mahnı” ifaçılarının televiziya müsabiqəsi keçiriləcək. Bişkekdə Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Şimali Qafqaz xalqlarının mədəniyyəti” festivalı, Qırğızıstanda “Durnalar” hərbi-vətənpərvərlik mahnısı gənclər festivalı, Azərbaycanda və Belarus Respublikasında mədəni-maarif tədbirlərinin keçirilməsi planlaşdırılır”, - deyə Rəsulova bildirib.
Onun sözlərinə görə, bu il həmçinin Tehranın Əllamə Təbatəbai adına İran Universitetinin ərazisində şairin büstünün qoyulması planlaşdırılır.
Həmzətovun qızının qeyd etdiyi kimi, Rusiyada bayram çərçivəsində festivalların, konsertlərin, sərgilərin, teatr tamaşalarının, elmi konfransların və ədəbi gecələrin də keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, avar xalqının böyük oğlu olan Rəsul Həmzətov Səməd Vurğun, Çingiz Aytmatov, Oljas Süleymenovla birgə SSRİ-nin “Qızıl yazarlar” pleadasına üzv olan tək-tük müsəlman yazarlardan sayılır.