“Həmrənglik həmrəylik sayılmaz” Featured

Şair Yusif Nəğməkarın növbəti Hikmət yağmurunu diqqətinizə çatdırırıq. 

 

*Şəhidlik elə bir uca yoldur ki, onun yoxuşu var,  enişi yoxdur...

 

*Yanmışı yandırmaq cəhdi xəlbirlə su daşımaq kimi bir cəfəngiyyatdır...

 

*Ocağın közü qalıbsa onu yenidən daha gur ocaqlandırmaq (alovlandırmaq) mümkündür...

 

*Şair kənddə də yaşaya bilər, şəhərdə də, hətta bütün dünyada da... Əsas odur ki, kənd də, şəhər də... dünya da şairdə "yaşaya" bilsin...

 

*Çəkilən zəhmətin qiymətləndirilməsi təmənnasızlıqdır...

 

*Tamamən qüsur içində olan birisi hər kəsdə qüsur axtarar...

 

*Kirvə tapmaq -- girəvə qapmaq...

 

*Əsl dost arayan özü əsl və əsilli dost olmalıdır...

 

*Tovlanmışın tovlanmaqdan, ovlanmışın ovlanmaqdan həm qorxusu...həm də nə qorxusu?!.

 

*Suaşağı axmaq olar, suyuxarı...a x m a q  olar...

 

*Özünü əvəzsiz hesab edən "ismi-əvəz" heç əvəzlik də ola bilmədi...

 

*Vəz elədi ...əvəzinə,

  Əvəzinin gəvəzi nə?!.

 

*Öz...ün özgələşmə meyli (süni sevinc!) limitsiz deyil...

 

*Ən şirin vüsal möhnətini, ən dinc həyat zəhmətini çəkdiyindir...