Ölkə mədəniyyətinin elitası Xalq yazıçısı İlyas Əfəndiyevin işığına toplaşmışdı

 

Ötən gün Azərbaycan Milli Kitabxanasında “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimat mərasimi keçirilib. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşri olan fotoalbom XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevə (1914-1996) həsr edilib.

 

“Ədəbiyyat və incəsənət” pprtalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov nəşr haqqında məlumat verib. Bildirib ki, kitabda Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ömür yolunun ən yaddaqalan anlarının fotoları, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ədibin yaxın dostlarının sənətkar haqqında fikirləri, xatirələri, tanınmış şairlərin yazıçıya həsr etdiyi şeirlər, habelə  sənətkarın əsərlərinin tamaşalarından fotolar yer alıb: “Biz İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” və “Geriyə baxmağa dəyər” əsərlərinin adından ilhamlanaraq fotoalbomu “Geriyə baxarkən” adlandırmışıq”.

Direktor qeyd edib ki, ulu öndər Heydər Əliyev ədibin yaradıcılığını yüksək qiymətləndirib. Yazıçının yaradıcılığı ona görə həmişəyaşardır ki, bu əsərlərdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, milli-mənəvi dəyərlərimiz geniş şəkildə təsvir olunub. Müəllifin səhnələşdirilən əsərləri neçə-neçə aktyor, rejissor yetirib. Bu gün isə ədibin yolunu oğlu Xalq yazıçısı Elçin davam etdirir. Dövr, zaman dəyişsə də, İlyas Əfəndiyevin əsərləri daim oxunacaq və öz dəyərini qoruyub saxlayacaq.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu gün ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri, Azərbaycan tarixi yaddaşının, milli məfkurəsinin inkişafında müstəsna xidmətləri olan İlyas Əfəndiyevin doğum günü ərəfəsində böyük sənətkarın həyat və yaradıcılığının maraqlı məqamlarının əks olunduğu fotoalbomun təqdimat mərasiminə toplaşmışıq. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatı üçün çox önəmli irs qoyub gedib. O, sovet ideologiyası zamanı öz əsərlərində azərbaycançılıq və milli kimlik məsələlərinə işıq tutub. Gənclərimizin vətənpərvər ruhda yetişməsində onun əsərlərinin mühüm rolu var.

İlyas Əfəndiyev yaradıcılığının ölkəmizlə yanaşı, xaricdə də tanındığını bildirən nazir deyib ki, Prezident İlham Əliyev İlyas Əfəndiyevin yaradıcılığına böyük dəyər verib. Ədibin 90 və 100 illik yubileylərinin qeyd olunması ilə bağlı dövlət başçısı tərəfindən 2004 və 2014-cü illərdə sərəncamlar imzalanıb. Yazıçının 100 illiyi UNESCO səviyyəsində də geniş qeyd olunub. İlyas Əfəndiyevin yaradıcılığını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev ədibin Milli Dram Teatrında tamaşaya qoyulan pyeslərinin premyerasında iştirak edib. Təsadüfi deyil ki, uzun illərdir ki, Akademik Milli Dram Teatrı yeni mövsümünü məhz ədibin “Hökmdar və qızı” pyesi əsasında hazırlanan “Qarabağnamə” tamaşası ilə açır.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli qeyd edib  ki, İlyas Əfəndiyev sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Sovet dövründə əsas olan sosializm realizmi kimi ideyalar onun əsərlərinə yaddır. Sovet ədəbiyyatı nikbin notlar üzərində qurulsa da, İlyas Əfəndiyevin əsərlərində həm nikbin, həm də nisgilli notlar hiss olunur. Yazıçı zamanı qabaqlayan bir şəxsiyyət olub. Onun yaradıcılığında lirik-psixoloji yanaşma özünəməxsus yer tutur.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşüb. Diqqətə çatdırıb ki, həmişə arzu edirdik ki, Azərbaycan teatrı müasir olsun. Biz həmin müasirliyə İlyas Əfəndiyevin əsərləri sayəsində çatdıq.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatına, teatrına verdiyi töhfələr heç vaxt unudulmayacaq.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı fotoalbomu ədəbi həyatımıza töhfə kimi dəyərləndirib. Bildirib ki, İlyas Əfəndiyev həm ədəbiyyatda, həm də teatrda məktəb yaradıb. Zamanın tələbələrinə əyilməyərək öz dəsti-xətti ilə seçilib. Ədib Azərbaycan tarixini, qadın azadlığı kimi məsələləri ədəbiyyatımıza gətirərək əsərlərində qadın baş qəhrəmanlarına daha çox yer ayırıb.

Tədbirdə daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti Cəfərova, Milli Məclisin deputatları Vüqar İsgəndərov, Aqil Abbas, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, professor Rüstəm Kamal və başqaları İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığından danışıblar.

Çıxışlardan sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Bədii fikir tariximizin fenomeni – Xalq yazıçısı İlyas Əfəndiyev” adlı elektron məlumat bazası təqdim olunub. Məlumat verilib ki, məlumat bazası “Rəsmi sənədlər”, “Sənətkarın yaşamaq haqqı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər İlyas Əfəndiyev haqqında”, “Müdrik deyimləri”, “Ədəbiyyat və mədəniyyət xadimləri haqqında fikirləri”, “Əsərləri”, “Haqqında”, “Mükafatları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək bildirib ki, birlik tərəfidən “İlyas Əfəndiyev mükafatı” təsis edilib. İlk mükafatın Qarabağdan daha çox yazan millət vəkili, Əməkdar jurnalist Aqil Abbasa verilməsi barədə qərar qəbul etmişik. Sonra “İlyas Əfəndiyev mükafatı” A.Abbasa təqdim edilib.

Görkəmli dramaturqun ailəsi adından çıxış edən Xalq yazıçısı Elçin fotoalbomun nəşri və tədbirin təşkilatçılığına görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirib.

Sonda tədbir iştirakçıları “Xalq yazıçısı İlyas Əfəndiyev” adlı kitab sərgisi ilə tanış olublar.