“Hər qəbir bir günəşin batdığı yerdir” (Cavid Qasımov) - SW ekspertlərinin seçimi Featured

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsinə sayılı günlər qaldı.

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın əsas favoritləri ilə oxucuları tanış etməkdəyik.

 

Cavid Qasımov

1996- cı  ilin 28 fevralında Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. Hazırda ADMİU-nin nəznində olan Humanitar kollecin "Bədii yaradıcılıq " fakültəsində 4- cü kurs tələbəsidir. Nigar Həsənzadənin rəhbərlik etdiyi "Söz" ədəbi birliyinin üzvüdür.

Cavid poeziyamızda yeni tapıntıdır. Xüsusən çox adamın cürət etməyib yan keçdiyi qəzələ müraciət etməsi, özü də kifayət qədər uğurla müraciət etməsi onun özəlliyidir.

 

 

 

Pəncərə

 

Yolum məni bu evə necə gətirdi, Allah?

Bu ev kimin evidir, mən hara bu ev hara?

Bu sahibsiz otaqlar yetimdirlər, elə bil

Az qalır qonağa da getmə deyib yalvara.

 

Açdım pəncərəsini havasını dəyişsin,

Bir anda pəncərəsi keçmişinə açıldı.

Azyaşlı qız uşağı əlində oyuncaqla

Vətən boyda həyətin ortasında qaçırdı.

 

Ondan bir az qıraqda atasıyla anası

Masanın ətrafında danışırdı, gülürdü.

Tanrının göylərindən yerə boylanan günəş

Həyət adamlarını şəfəq-şəfəq güdürdü.

 

Sataşdı gözlərimə məktəbli gündəliyi,

Baxdım, yazılmayıbdır arxada "qan yaddaşı".

İstədim ölkəm boyu sevincimdən qışqıram,

Mənə “sus” dedi evin həm divarı, həm daşı.

 

Günəşin şəfəqləri o an qana bələndi.

Mərmi-mərmi dəyişdi otağın mənzərəsi.

Allah, Sən olmasaydın xəcalətdən ölərdim,

Məni öldürməsəydi otağın pəncərəsi!

 

 

Tapşır

 

Əgər gedirsənsə, bir xahişim var,

Məni bu sevgini bilənə tapşır.

Taleyi yazana tapşırma məni,

Yazılan taleyi silənə tapşır.

 

Sənə də bir lənət düşməmiş yeri..

Nə var ki boylanıb baxasan geri..

Olmasın bu eşqin ağlamaq yeri,

Baxıb oğrun-oğrun gülənə tapşır.

 

Suyu quruyarsa bulaqlarımın,

Çatı səngər olsa dodaqlarımın,

Nəfəsi kəsilsə ayaqlarımın,

Məni yollarında ölənə tapşır.

 

 

 

Tüstü

 

Bu məhəbbət atəşindən mənə düşdü qarə tüstü,

Məni-bəxtiqarədən də çıxacaq dübarə tüstü.

 

Ayağı üzüldü yerdən, başı çatdı asimanə,

Çəkilibdi hansı eşqin cavabında darə tüstü?

 

Ürəyim xəyalın i(y)lə o qədər alovlanıb ki,

Verəcəkdi harda olsan evimi işarə tüstü.

 

Dedilər ki, yandırarsan məni öz cəhənnəmində,

Dedim onda hicr(ı) bitdi, çatacaqdı yarə tüstü.

 

Üzünü o gah(ı) sağdan öpür indi, gah(ı) soldan,

Bunu xəlq(ı) gördü, sandı, edir istixarə tüstü.

 

Mən öləndə hamı bir-bir çığırar ki, mö'cüzəymiş,

Hələ kimsə olmamışdı, qoyula məzarə tüstü .

 

Mənə qarşı ölmüş eşqin qoyulubdu hansı qəbrə, 

Olunubdu qarət altı, olunubdu qarət üstü.

 

Sözün atəşində Cavid isinəndə qış günüydü,

Nə biləydi bəxtiqarə, çıxacaq baharə tüstü.

 

 

Vallah

 

Hər qəbir bir günəşin batdığı yerdir, Vallah.

Günəşin mənzilinə çatdığı yerdir, Vallah.

 

Gəl gedək mənlə bu dünyadən, əzizim, buralar

Şeytanın adəmi oynatdığı yerdir, Vallah.

 

Ağ varaqlarda doğulmaqla ölür misralar,

Bu varaqlar əcəlin yatdığı yerdir, Vallah.

 

Gəzib axtarma görüşçün təzə yer, ən gözəli

Məni öz bəxtimin aldatdığı yerdir, Vallah.

 

Bu ömür ki dolaşıq düşdü, mən ondan bilirəm

Fələyin çarxını fırlatdığı yerdir, Vallah.

 

Süpürür yaşlı qadın bir küçədən keçmişini,

Elə bil ki, onun öz atdığı yerdir, Vallah.

 

Parçalanmış ürəyim sevgimizin səngəridir,

Həm də gizlin məni ağlatdığı yerdir, Vallah.

 

Torpaq ömrün qoca piştaxtasıdır, bir əcəlin

Can alıb burda sümük satdığı yerdir, Vallah.

 

Gözlərim hər gecə göydə yanan ulduzlar üçün

Su içib, özlərin islatdığı yerdir, Vallah.

 

Gözlənilməz qonağın ev qapısın döyməsi də

Ölümü san ki xatırlatdığı yerdir, Vallah.

 

Uyma, Cavid bu qəzəldə nə qədər and içsə,

Aləmi bir-birinə qatdığı yerdir, Vallah.