Musa Ələkbərli soruşur ki, axı necə döyüşsün?

 

Hal-qəziyə belə olur. Altmışillik yubileyi ərəfəsində çox hörmətli bir şair dostu “Musa sən yaxşı şairsən, ancaq səndən acığım gəlir, öz haqqın uğrunda döyüşmürsən”- deyə şair Musa Ələkbərliyə irad bildirir. O vaxtdan düz on iki il keçir, o sözlər Musa Ələkbərlinin ürəyimdə ovxarlana-ovxarlana axır ki, şeirə çevrilir.

 

“Ədəbiyyat və incəsənət” portalı şair Musa Ələkbərlinin öz 62 illiyinə həsr etdiyi “Mən necə döyüşüm” şeirini təqdim edir. 

 

 

Öz haqqın uğrunda döyüş deyirsən,

Deyirsən pasladır qılıncı qını.

Deyirsən şairin haqqından kəsən

Hardasa tapdayır Vətən haqqını.

 

Mən haqqın quluyam qələm tutandan,

Canımda qələmə qul sədaqəti.

Əhdinə bağlıyam ürəkdən, candan,

Heç nə bu ilqarı pozammaz qəti!

 

Sənət dünyasında nə alqı-satqı?!

Şeirimiz öyünən gündə deyil ki...

Mən kimlə döyüşüm, şairin haqqı

Şəhid haqqından da öndə deyil ki?!

 

Şeirə köçə bilmir çox dərdi-sərim,

Silahdan yarımır sözümün səfi.

Mən necə döyüşüm, od sətirlərim

Nişan almayırsa əsil hədəfi?!

 

Haqqım – qazandığım halal duz-çörək,

Xəyal dərinliyi, səs ənginliyi.

Yeddiqat göylərə bağlısa ürək

Yer necə dərk etsin bu zənginliyi?!

 

Şair,  bu iradın, tənən haqdımı?

Özümçün heç zaman döyüşmərəm mən.

Haqqın tərəfində durmaq haqqımı

Ölsəm də heç nəyə dəyişmərəm mən!

 

Adım gələn yerdə çatır “və sair”

Duyumlu ürəklər daşsa, dəmirsə...

Canım, xeyri yoxdur, nə “yaxşı şair”

Mənsəbli ixtiyar bunu demirsə?!

 

Kükrəyib haqq mənəm deyən Nəsimi

O haqqın uğrunda soyulmadımı?!

Ekrandan, efirdən qovun səsimi,

Qəzetdən, jurnaldan pozun adımı.

 

Özəl misralarım çıxsın aşkara,

Qınında çürüyən qılınc olmasın.

Onlar da mənimtək çəkilib dara,

Döyüş meydanında girinc olmasın.

 

Sözlər var sinəmə sancılan oxdu,

Çox sirlər gizlində, çox dərdlər yasaq...

Haqdan danışmağa haqqımız yoxdu,

Vətəni haqqına qovuşdurmasaq!