Son 3 günə qədəm qoyuruq

 

Bildiyiniz kimi Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi aprelin 20-də - cəmi 3 gündən sonra yekunlaşır. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.

 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, “Azərkitab - Kitab Təbliği Mərkəzinin”, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək! 

“Ədəbiyyat və incəsənət” portalı festivalın ekspertlərinin növbəti  rəylərini almışdır. Bü günə kimi iştirak üçün 200-dən çox şəxs müraciət etmiş, 149 nəfər müsabiqə mərhələsinə buraxılmışdır. Ekspertlər final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin keçdiyini bildirirlər. Onlar qeydiyyatdan keçənlər arasından əsas favoritlərin adlarını açıqlamışlar. Bunlar Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Nargis İsmayılova, Cavid Zeynallı, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Ələsgər Əhməd, Aypara Ayxan, Ümid Nəccari, Murad Muradov, Nigar Arif və Ruslan Dost Əlidir. 

Bir daha Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunda iştirak şərtlərini diqqətinizə çatdırırıq:

Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turu 2 mərhələdən ibarətdir. 

 

1-ci mərhələ:

Aprel ayınln 20-dək yaşı 39-dək olan gənc yazıçı və şairlər Müsabiqə mərhələsinə qatıla biləcəklər. Bu mərhələdə iştirakçılar  12-lik Times New Roman qarniturunda, poeziyada maksimum 4 şeir, nəsrdə maksimum 7500 işarə həcmində yazılarını, özləri haqda qısa məlumatı və əlaqə nömrələrini Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron ünvanına yollamalıdırlar.  Kriteriyalara cavab verən, yüksək ədəbi zövq aşılayan 30 ən dəyərli işin müəllifi gizli ekspertlər tərəfindən müəyyənləşəcək və final mərhələsinə  adlayacaq. 

 

2-ci mərhələ:

Aprelin 30-da 30 nəfər iştirakçı, eləcə də görkəmli ədəbiyyat və incəsənət xadimlərindən ibarət münsiflər heyəti səfalı Quba bölgəsinə səfər edərək üç gün iki gecə beşulduzlu “Şahdağ” otelində yaşayacaq, final mərhələsinə qatılacaqlar (bütün xərcləri təşkilatçı tərəf qarşılayır).

Final mərhələsində iştirakçılar öz əsərlərini özləri səsləndirməklə  münsiflərdən 10 ballıq qiymətləndirmə yolu ilə qiymət alacaqlar. 

Ayrıca, xalq yazıçılarının və xalq şairlərinin ustad dərsləri, Quba bölgəsinin yazarları ilə tanışlıq, bölgənin görməli yerlərinə ekskursiyalar da təşkil olunacaq. 

 

Qala gecə:

Musiqi ilə, təbrik nitqləri ilə, zəngin banket süfrəsi ilə müşayiət olunacaq Qala gecədə bütün iştirakçılar “festivalın finalçısı” Fəxri Diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla qiymətli hədiyyə və Sertifikatlarla  mükafatlandırılacaqlar. 

Daha bir iştirakçı-qalib isə 30 iştirakçının səsverməsi nəticəsində müəyyənləşəcək. 

Festivalın qalibinin kitabının nəşri, piarı, beynəlxalq miqyasda tanıdılması, eləcə də finalçıların əsərlərindən ibarət antologiyanın dərci də nəzərdə tutulur. 

Festivalın Təşkilat Komitəsi gənc yazarları müsabiqəyə qatılmağa, öz güclərini sınamağa dəvət edir.

Nə olursa olsun, sonda ədəbiyyat qalib gələcək!