SW ekspertlərinin seçimi – “Mənim bağışlanmaq istəyim yoxdur” (İntiqam Yaşar) Featured

 

Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi davam edir. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.

 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək! 

Festivalın ekspertləri final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin olacağını proqnozlaşdırırlar. Onlar əsas favoritlərin adlarını da açıqlayıblar: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid və digərləri...

 “Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.

 

İntiqam Yaşar oğlu Cavanşir (İntiqam Yaşar) 

3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. Azərbaycan Universitetinin Filologiya fakültəsini bitirib. “İlk görüş”(2012), “...və susarsan” (2016 ), "Evdə yoxam" (2018), “Bütün xatirələr sənə qalacaq” (2021, Təbriz şəhəri) adlı şeir kitabları çap olunub.

İntiqam Yaşar gənc olmasına rəğmən, kifayət qədər püxtələşmiş şairdir. Onun “Bir udum vətən” şeiri xüsusən seçilir. Buradakı poetiklik, sərrast ifadələr, dərin məna yükü və bir də ustalıqla çatdırılan mətləb bu şeiri çağdaş poeziyamızın ən gözəl nümunələrindən birinə çevirib.

 

 

Bir udum vətən

 

Bu sərçələr yem dalınca

Tanrının yanından eniblər yanıma.

Son ümid, son güman kimi

Qonublar eyvanıma.

 

Hamı bir vaxt sərçə olur,

Hamı uçur dən dalınca.

Bir parça torpaq dalınca,

Bir udum vətən dalınca.

 

Düşür özündən xəbərsiz,

Lələk-lələk qanadları.

Yolur yağış qanadları,

Yolur külək qanadları.

 

Ürəyimə daman kimi,

Nə yaxşı ki, dən səpmişəm.

Məni görüb uçardılar,

Dəni dünəndən səpmişəm.

 

Hamı bir vaxt sərçə olur.

Hamı uçur dən dalınca.

Bir parça torpaq dalınca,

Bir udum vətən dalınca.

 

 

Torpaqların vətən olan tərəfi

 

Torpaqların vətən olan tərəfi,

qan azlığından əziyyət çəkir həmişə.

Qanını torpağa verir övladlar,

son cümləsinəcən...

Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür.

Taqətsiz vətənin üstünü örtməksə,

buluda düşür, ağaca düşür, yarpağa düşür...

Yoxsa...

 

 

Şəkil

 

Sən ey başdaşından boylanan şəkil,

Dünyaya baxmaqdan yorulmadınmı?

Burdan gəlib-keçən haqqa çatmaza,

Dişini sıxmaqdan yorulmadınmı?

 

Bir gəlib tozunu silənin də, yox.

Sən kimdin, nəçiydin - bundan kimə nə?

Bəlkə, bir istəyin, bəlkə, arzun var,

Utanma, çəkinmə, buyur, de mənə.

 

Əvvəllər bir qadın görərdim hərdən,

Gəlib dayanardı sənlə üzbəüz.

Deyəsən, heç o da baş çəkmir daha,

Nə dedin, xətrinə dəydi hansı söz?

 

Bəlkə, o qadın da köçüb dünyadan,

Köçübsə, görəsən, hardan boylanır?

Yəqin, başqa yerdə dəfn eləyiblər,

Yəqin, bir şəkil də ordan boylanır.

 

 

***

 

 

Yenə yağış yağır bu boş şəhərə,

Yenə ağacların duası çindir.

Adamsız şəhərdə bir ağac olmaq

Susuz səhralardan daha çətindir.

 

Meyvəsi kölgədir, kölgəsi meyvə,

Uduzur ömrünü gündə bir yoxa.

Bu ağac bəxtindən haçan yarıya?

Öyrənib ümidi hey boşa çıxa.

 

Göylər... ümid yeri... son güman yeri,

Göylər əl uzadar yerdəkilərə...

Yarı yolda qalmaz göydən gələnlər,

Gec də olsa çatar yerdəkilərə.

 

 

Üşüyən heykəl

 

Üşüyən heykələm yağışın altda,

Sinəmdə ürək yox, isinə canım.

Kim ayaq saxlayar, kim hal soruşar,

Adamsız şəhərdə adam dörd yanım.

 

Gözümdən min sual tuşlanıb göyə,

Sual yağışıyla cavab verirəm.

Yağış altda qalmaq bilirəm nədir,

Tanrı, mən sənə çox əzab verirəm.

 

Mənim bağışlanmaq istəyim yoxdur.

Son nöqtə torpaqdı, daşdı uzağı.

Bir gün biri çıxıb soruşacaq ki,

Niyə yağış altda qoydun uşağı?