“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”ında İntiqam Yaşar bu dəfə sizi tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin sədri Barat Vüsal ilə görüşdürür.
-Salam Barat müəllim, vaxtınız xeyir. Qazaxda yaradıcı durumdan danışaq. Necə qiymətləndirirsiniz, Qazaxda yaradıcı durum necədir?
-Həmişə olduğu kimi Qazaxda yaradıcı qüvvələrin durumu yaxşıdı, yaradıcı abu-hava hökm sürür. İstər yaşlı nəslin arasında, istər gənc nəslin arasında, istərsə də orta nəslin arasında hər kəs bacara bildiyi qədər öz yaradıcı nümunələrini ortaya qoyur. Pandemiya bu işləri bir az ləngitdi. Artıq pandemiya olmadığına görə əvvəlki kimi tədbirlər artacaq. Yeri gəlmişkən, onu da deyim ki, bir gənc şəhid şair olub, əsli qazaxlıdır, kiçik yaşlarından Bakıya köçüblər, ailəsi ilə orda yaşayıblar. Murad Nağıyev orta məktəbi bitirib, sonra Heydər Əliyev adına Hərbi Akademiyanı bitirib. Sözümün canı və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı olaraq səninlə bölüşməyimin səbəbi odur ki, maraqlı nüans da budur, Türkiyə türkcəsində yazırmış şeirlərini. Onun haqqında ilk dəfə İbrahim İlyaslı “Ədəbiyyat qəzeti”ndə yazmışdı. Onun haqqında kitab hazırlanmışdı, kitabda həm xatirələr toplanılmışdı, həm də yazdığı şeirlərdən nümunələr verilmişdi. Kitabın Qazax rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təqdimatı təşkil olunmuşdu. Demək istədiyim odur ki, şairlik baxmır sən hardasan, səngərdəsən, rahat stol arxasındasan, yoldasan. Əgər sənin haqdan gələn istedadın varsa, o istedad mütləq səni yazmağa sövq edəcək. Şəhidimiz, Murad Nağıyev yaşasaydı çox yaxşı bir şair kimi yetişə bilərdi. Mənə elə gəlir ki, sənət, loru dildə desəm; “sən et” deməkdir. “Sən edə bilməsən sən get” deməkdir, vəssalam. Təəssüf ki, bəziləri bunu vaxtında anlamır. Və buna görə də bu aləmdə sıxlıq yaranır, bəzi qüvvələr arasında yaxşı mənada, yarışdan çox qısqanclıqlar ortaya çıxır. Mən hesab edirəm ki, ədəbiyyat, xüsusən poeziya elə bir sahədir ki, burada, yaradıcı adam birmənalı şəkildə bilməlidir ki, mənəvi dəyərlərə xidmət edir, dəyərlərə xidmət edir, xalqın milli-mənəvi dəyərlərinin inkişafı həm də ondan aslıdır. Deyirlər ki, bir ağac var, dibindən çay axıb-keçir, amma özü susuzluqdan ölür. Düşünürəm ki, yaradıcı adamlar da ayağının altından su axan susuz ağaca bənzəyirlər. Söz deyirlər, söz eşidirlər, sözdən dönmürlər, sözdən ötrü ölürlər. Dünya özü də bu gündədi. Dibindən su axan, susuz ağac bəlkə də dünyanın özüdür. Qəribədir ki, şairlər də özlərinin “ayağının altından su axa-axa” başqa bir şeyin axtarışındadırlar. Yəqin hiss elədin ki, bu su dirlik suyudur. Maraqlı bir fikrə rast gəlmişəm. “Dirilik suyu” əfsanəsi daha çox Makedoniyalı İsgəndərlə bağlı səsləndirilir. Səməd Vurğunun “Bulaq əfsanəsi”də də bundan danışılır, amma onun yeri bəlli olmadığı ortaya çıxır. Deyilənə görə bir meksikalı səyyah 600 nəfərlik heyyəti ilə o suyu axtarıb tapmaq fikrinə düşüb və səfərə çıxıb, amma yolda hamı tamah üstündə bir-birini qırıb, qətlə yetirib. Həmin səfərə çıxan 600 nəfərdən cəmi 5 nəfəri sağ geri qayıdıb. Həm də həmin dirlik suyunu tapmadan. Ədəbiyyat aləmində də yüzlərlə adam bu səfərə çıxır, amma onlardan sadəcə bir neçəsi bu yolu davam elətdirə bilir. Əfsanəyə görə bu suyu Xızır peyğəmbərimiz tapıb içə bilib və bir də şairlər tapır. Hər şair də yox, həqiqətən mənəvi dəyərləri bilən, xalqın milli dəyərlərini üstün tutan, sözün dəyərini bilən şairlər. Amma həmin şairlər o suyu tapanda özləri içmirlər. Onu sözə çevirirlər.
-Barat müəllim, sözünüzü unutmayın, mən bir haşiyə çıxım. Şəhidimiz haqqında danışdınız, bizim bu yaxınlarda İkinci Qarabağ Müharibəsinin şəhid və qazi şairləri ilə bağlı kitabımız nəşr olunacaq. O şəhidimizin də şeirləri kitabda yer alacaq.
-Bu çox gözəl haldır. Uğurlu olsun. Gözəl iş görürsünüz. Mən izləyirəm və görürəm ki, sən DGTYB-ə rəhbərlik edəndən xeyli gözəl işlər görmüsən. Ətrafındakı gəncləri də bu işlərə cəlb edirsən. Sizin birliyə bizim Qazax gəncləri də üzvdür, onların içərisində Rüfət Axundlu Ağstafada yaşayır, Elnur Süleymanlı Qazaxda yaşayır, Gülnar Səma indi Bakıda yaşasa da Tovuzda yaşayanda bizimlə də sıx əlaqəsi olub. Ümumiyyətlə, gənc yazarları izləyirəm, onlardan misal çəkməyi özümə borc bilirəm. Bax elə özün də daxil olmaqla, Ramil Əhməd var, əsli ağdamlıdır, Vasif Zöhraboğlu var, əslən şəkilidir, Ruslan Dost Əli var, Bərdədən, Şəfa Vəli var, Gəncədən. Şəfa Vəlinin təkcə şeirləri yox, ümumiyyətlə, publisitik yazılarını izləmişəm, ədəbiyyata və ədəbiyyatşünaslığa aid çox yaxşı məqalələrini oxumuşam. Fərid Hüseyn, indi bilirsiniz AYB Gənclər Şurasının rəhbərdir. Esseləri çox fərqli və gözəldir. Elməddin Nicat var Şəmkirdə, əsli kəlbəcərlidir. Sevil İşıq, Pərvanə Nizaməddin bizim AYB Qazax filialına aid olan gənclərdirlər. Bircə faktı xatırladım ki, təkcə 2015- ildə Ağstafa Qazax, Tovuz və Gədəbəydən 6-7 nəfər gənc yazar Prezidentin Təqaüd Fondunun təqaüdünə layiq görülüb. Onların əksəriyyəti Azərbaycan Yazıçılar Birliyində Rəşad Məcidin rəhbərliyi altında fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”nin yetirmələri olublar. Bu gənclərlə həmişə çalışmışam ki, ciddi əlaqələr qurum, ciddi işlər görək. Adlarını çəkdiyim bu müəlliflərin çoxu, içi sən qarışıq, artıq öz imzanızı təsdiq edibsiniz. Maraqlı bir fakt deyim. Ədəbiyyatda inkişaf etmək yollarından biri etiraf etmək mədəniyyətidir. Yəni gücünü bilmək, yeri gələndə çox da böyük görünməyə çalışmamaq, amma çox da təvazökar olmamaq. Ədəbiyyatda diqqət etmişəm ki, Nizamidən bu yana hamı etiraf edib. Məsələn, Nəsimi deyirdi ki, “Divanəm nöqtə şəklində”. Üç divan yazmış adam deyir ki, mən nöqtəyəm. Bunları ona görə xatırladıram ki, bunlar gənclərə lazımdır. Yeri gələndə gənclər bilməlidilər ki, inkişafın yolu budur, etiraf mədəniyyətidir. Həddindən artıq görünməməkdir. Mən istərdim, gənclər unutmasın ki, dünya ədəbiyyatına beş əsər bəxş etmiş, Şeyx Nizami adını qazanmış şəxsiyyət sonda deyir ki, “Nizami, bir-iki bakir söz yarat”. Ədəbiyyata yeni səslə gəlmək, nəfəslə gəlmək məsələsinə toxunub Nizami burada. Hesab edirəm ki, çox möhtəşəm bir mövzuya toxunub. Məsələn, gənclər bilsələr yaxşıdır ki, Füzuli deyir, “Fələk mənə əmr verdi ki, çalış, əkib biç. Mən də o əmri eşitdim və ömür boyu əkməklə məşğul oldum.” Bir şeirim var ki, indi elə onu səsləndirmək istərdim. Füzuliyə ki, əkmək əmri verilmişdi, mən “Gül bağçası” adlı bu şeiri analiz edəndə gördüm ki, özümdən ixtiyarsız elə o yolla getməyə cəhd eləmişəm:
Arada bax, döyüşə gedir,
Arada bax, gül əkirəm.
Mən çıxmışam öz əlimlə,
Dara da bax, gül əkirəm.
Əkir, sözü oxşayıram,
Könlü, gözü oxşayıram.
Sənə özüm oxşayıram,
Yaradan, bax, gül əkirəm.
Mən Abbasam, Gülgəziynən,
Gəl, itməyib, gül gəziynən.
Mən gülşəndə gül gəzmirəm,
Xarabada gül əkirəm.
Atsan göyə nə düşməyir,
Nə dönməyir, dəyişməyir.
Ətri beyinə işləyir,
Harada bax, gül əkirəm.
Haqdandı bil, yaşam haqdan.
Heç artarmı yaş nahaqdan.
Bezməmisəm yaşamaqdan,
Hələ də bax, gül əkirəm.
Sanma burda qarşındayam,
Orda pirdə peşindəyəm.
Niyə zirvə başındayam,
Dərədə bax, gül əkirəm.
Gələcək yazım gələcək,
Güləcək arzum, güləcək.
Öləndə lazım gələcək,
Gora da bax, gül əkirəm.
Dostam, çiçək-güllər ilə,
Gül bəsləyən ellər ilə.
A könlüm, könüllər ilə,
Barata bax, gül əkirəm.
Mən bir şeyi də burada xatırlatmağı vacib bilirəm ki, sənin yaradıcılığına bələdəm. Kitablarından birinin adı “Evdə yoxam”dır. Bir şeyi mən burada deməyi vacib bilirəm. Sən özün də hiss eləmədən o etiraf yolunu götürmüsən. Sən evdə yoxam deyirsən, amma o “yox”un içində bir “var” var. Həm də varsan orada. Varsan ki, yoxam deyirsən. Yəni, əsil varlıq yoxluqdadır. Bax, yaradıcılıq budur. Məsələn, Nitsşe deyirdi ki, “Sən” “Mən”dən uludur”. Bəzi adamlar isə deyir, “mənəm”. Bu isə aparıb eqoizmə çıxarır. Mehmet Akifin bir sözünü xatırladım. O deyirdi ki, biz ədəbiyyatın vətəni olduğuna iman edənlərdənik. Gör, nə gözəl fikirdir. Bəli, ədəbiyyatın, sözün, qələmin, ruhun vətəni var. Və əsas məsələ odur ki, ona iman etmək lazımdır. Nəyin xətrinə?! Təkcə yaradıcılığın xətrinə yox, təkcə ölkənin xətrinə yox, həm də sənə bu missiyanı vermiş Allahın xətrinə. Demək, Həzrət Əli uşaq vaxtı qəbul edib İslam dinini. Peyğəmbərimiz deyib ki, Əli, bəlkə atana deyəsən əvvəlcə. Bəlkə, atan razı olmaz bu yaşda İslama gəlməyinə. Həzrət Əli isə cavabında deyib ki, atam məni dünyaya gətirəndə Allahdan icazə almışdımı? Yəni, şairlik də belə bir şeydir. Şair də dünyaya gələndə onu dünyaya gətirən valideynin xəbəri olmur ki, onun övladı şair olacaq. Əsas odur ki, mən gənclərə arzu edirəm, klassik ədəbiyyatı dərindən öyrənsinlər. Və unutmasınlar ki, məsələn, Balzak niyə 96 roman povest yazmağı qarşısına məqsəd qoymuşdu. O deyirdi ki, Napoleonun qılıncla başladığını, mən qələmlə başa vuracam. Eşitmiş olarsan, Cəlaləddin Rumi deyib ki, “Mən 26 min beytdən ibarət Məsnəvini yazdım, çoxları elə bildi ki, qürrələnib şairəm deyəcəm özümə. Xeyr, mən daha şair deyiləm, mən daha aşiqəm. Haqq aşiqi”. Sanki, Məhəmmədhüseyn Şəhriyar da bu sözü o məqsədlə deyib:
Aqil olub, əql məni danladı.
Aşiq olub, mən də onu danladım.
Görün, nə gözəl deyib. Bir beytdə enerjiyə bax, işığa bax, mərama bax, məqsədə bax. Hamlet olum və ölüm məsələsini qoymuşdusa, mənə görə ədəbiyyatda əsas məsələ budur: Yenə söz demək, yoxsa yeni söz demək. Əksəriyyətmiz yenə söz demək istəyirik, amma əsas məsələ yeni söz demək olmalıdır. Sözü təzələdinsə səni oxuyacaqlar, tapacaqlar. Və mən əminliklə deyirəm ki, Azərbaycan ədəbiyyatı bu günün özündə istər mərkəzdə, istərsə də, regionlarda öz inkişafındadır. Bundan sonra da yeni-yeni imzalar ortaya çıxacaqdır ki, bu da bizim mənəvi dünyamızın xeyrinədir. Hegelin fikrincə poeziya xalqların ilk müəllimidir. Mən isə hesab edirəm ki, ağıl cisimdən, eşq ruhdan, könüldən ötrüdür. Ağıl insanı dəryadan xilas etməyin yollarını arayır və onu qərq edir. Poeziya isə, ruh isə insanı dəryada qərq edir və əslində insan xilas olur. Ruhun vəzifəsi ağlın vəzifəsindən tamam fərqli bir vəzifədir. Çox vaxt ağlın nüfuz edə bilmədiyi yerə könül nüfuz edə bilir. Cəlaləddin Rumi təsadüfən demirdi ki, Allah hər iki dünyanı bir könüldən ötrü xəlq edibdir.
-Sözün adamı olmaq Barat Vüsala nələrə başa gəldi?
-Sözün adamından danışırıqsa, deyim ki, çox çətin başa gəldi. Mənim belə bir şeirim var:
Mənim sözüm sünbül-sünbül,
Mənim sözüm bir yox, minbir.
Mən sözü hamıdan hündür,
Özü balaca adamam.
Mən bax, bu yolla gəlmişəm indiyə qədər. Gəlib elə ana çatmışam ki, həmin an mənim “Ehtiram” şeirimdə öz əksini tapıb.
Özüdür yaradan, yaratdığı da,
Bircə bir var, başqa bir yoxdu gördüm.
Həyatla ölümün arasındayam,
Elə beşik yoxdu, gor yoxdu, gördüm.
Sən ona vararsan, ha varsan eşqə,
Süvarsan ata yox, süvarsan eşqə.
Nə varsa gizliymiş, nə varsa aşkar,
Nə varsa sirr imiş, sirr yoxdu, gördüm.
Yermi var hər kəsin öz yeri kimi,
Ocaq yeri kimi, köz yeri kimi.
Dünyada Allahın nəzəri kimi,
Ocaq yoxdu gördüm, pir yoxdu, gördüm.
Barat, Allah nə var bizə veribdi,
Ürəyə veribdi, gözə veribdi.
Qalxıb öz yerini sözə veribdi.
Özü oturmağa yer yoxdu, gördüm.
Yəni Allah sözə ehtiram əlaməti olaraq, qalxıb öz yerini sözə veribdirsə, sən otura-otura nə yaratmaq istəyirsən?! Təsəvvür et ki, ədəbiyyat insandan qara baş istəyir qurban getməyə. Amma biz bəzən fikirləşirik ki, qaravaş istəyir, xidmətçi istəyir. Yox, ədəbiyyat insandan bütün həyatını istəyir. Əvəzində isə bəzən, bircə misra ilə cavab verir. Bu qədər itirdiklərinin qarşılığında bəzən tarixdə bircə misra ilə qalırsansa, bunun özü az şey deyil.
-Bir az da Qazaxda yaşayıb-yaratmaq seçimindən danışaq.
-Qazaxda, dediyim kimi, öz imzasını çoxdan təsdiq etmiş və diqqəti cəlb etmiş kifayət qədər yaradıcı insanlar var. Saqif Qaratorpağı siz yəqin yaxşı tanıyırsınız. O nəinki, bir şair kimi, indi bir tərcüməçi kimi də fəaliyyət göstərir. Bu yaxınlarda onun Qırğız Respublikasında və Özbəkistanda şeirləri çap olunub. Bundan başqa o Qırğız ədəbiyyatından bir şairin şeirlərini dilimizə uyğunlaşdırıb və o şeirlər kitab halında çap olunub. Bizdə Mustafa Rasimoğlu var, hərbçi şairimizdir. Birinci Qarabağ müharibəsinin veteranıdır. Çox gözəl şeirlər müəllifidir, gözəl qələmi var. Bundan başqa Saxladər Hidayətoğlu, Bilal Qoca, Vidadi Qaragözlü, Məzahir Yaqub var, Tovuzdan bizim ağsaqqal şairimiz İsa Cavadoğlu var, onu siz də yaxşı tanıyırsınız. Uzun müddət “Varislər” ədəbi məclisinə rəhbərlik edib. Gədəbəydən Sahib Camal var. Çox orijinal şeirlər yazır. Bundan başqa Tamella Poladlı, Tovuzda Məzahir Alıyev kimi şair yaşayıb-yaradır. Oların hamısının adını çəkə bilməsəm üzr istəyirəm, əsas odur ki, onlar yazmaq eşqi ilə qələmə sarılıblar.
-Barat müəllim, yaşlı nəslin yazarları da hazırda sosial şəbəkələrdə demək olar ki, çox aktivdirlər. Maraqlıdır, siz nədən istifadə etmədiniz?
-Bu məsələni mənə irad kimi çox tuturlar. Sadəcə mənim təbiətim buna yol vermir. Mən fikriləşirəm ki, biri var görünə-görünə görünməmək, biri də var ki, görünməyə-görünməyə görünəsən. Mən ikinci yolu tutmuşam. Əgər məndə nəsə varsa, görünməyə-görünməyə nə vaxtsa görünmək mümkün olacaq. Və bu mənə kifayət edir.
-Var olun, Barat müəllim.
-Sən də var ol, sənin rəhbərlik etdiyin Dünya Gənc Türk Yazarlar Birliyinə və bu portalınıza da uğurlar diləyirəm. Və istəyirəm ki, ümidli misralarla bu söhbətimizi bitirəm, Türk dünyasına bir salam göndərəm:
Bir səs gəlir ürəyimdən,
Salam Türkə, Türkiyəyə.
Əsrlərdən, zamanlardan,
Qalan Türkə, Türkiyəyə.
Salam Türkə, Türkiyəyə.
Baş əyir tək bu dünyaya,
Baş əyirəm bu sevdaya.
İnsanlığa, ilk arxaya,
İlk sahibə, ilk yiyəyə,
Salam Türkə, Türkiyəyə.
Qoy kainat bizi görsün,
Görən kimi salam versin.
Ehtiyacı çoxdu ərzin,
Pak eşq, pak qəlb, pak ürəyə,
Salam Türkə, Türkiyəyə.
Bir nəğməyəm, türküyəm mən,
Azərbaycan Türküyəm mən.
Öz doğmanam Türkiyəm, mən.
Haqqım vardır söyləməyə.
Salam Türkə, Türkiyəyə.