Uşaq Kitab Festivalında “Yer üzünün günəşi” təqdim olunacaq

 

Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Uşaq Kitabı günüdür. Bu münasibətlə Bakı şəhərində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “ANAİB I Uşaq Kitab Festivalı” keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, #kitablaböyüyək haştaqı altında təşkil olunacaq festivalda müxtəlif nəşriyyatlar, kitab evləri, eləcə də fərdi şəxslər iştirak edərək uşaqlara aid kitablarını sata biləcəklər. 

Festivalda müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunacaq, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş keçiriləcək, o cümlədən kitab təqdimatları olacaq. 

Belə kitab təqdimatlarının birinə sizi yazar Elgüsel xanım dəvət edir. 

“Təbəssümlərində günəş gülümsəyir, gözlərində ulduzlar. Onlar var deyə həyat var, sevgi var, dəyər var. Dəyərlilərə dəyər verməyin zamanıdır! Sevginizi kitablarla bölüşün. Sevməyi öyrədən kitablarla. Sevgini görməyi vərdişə çevirən kitablarla. 

Mən Elgüsel sizləri 3 Aprel, saat 12:00-13:00, " Passaj 1901" N. Rəfibəyli 12/14 ünvanında "Dil hökmdarlığına səyahət" və "Yer üzünün günəşi" adlı kitablarımın təqdimat və imza gününə dəvət edirəm.”

Maraqlı olacaq, buyurun, gəlin!