“Bu, Putin dövlətinin sonuncu fəslidir” - Dünyaşöhrətli Rusiya yazıçısı Boris Akuninin BBC-yə müsahibəsi Featured

Dünyaşöhrətli Rusiya yazıçısı Boris Akunun BBC-yə müsahibə vermişdir. Müsahibədə yazıçı ürək ağrısı ilə Rusiyanın başladığı işğalçı müharibədən, bu müharibənin ukraynalılarla yanaşı rus insanlarına vurduğu mənəvi zərbələrdən söz açır, bütün nəcib insanları antimüharibə, antiputin koalisiyasında birləşməyə çağırır. Nəzərə alın ki, Boris Akunin Mixail Barışnikov və Sergey Quriyevlə birgə “Əsl Rusiya” adlı antimüharibə yönümlü humanitar layihəyə başlayıblar. Layihə rus müdaxiləsindən ziyan çəkən ukraynalılar üçün ianə toplamaqdadır.

Cəsarətli yazıçının müsahibəsinin qısa variantını “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edirik.

 

1.

İndi dünyanın qarşısında iki vacib məsələ var. Birincisi, müharibəni dayandırmaq. İkincisi, dəhşətli vəziyyətə düşmüş milyonlarla insana kömək etmək. Əlbəttə, müharibəni dayandırmağı şəxsən biz bacarmarıq, ancaq insanlara kömək etməyi ki bacararıq?

Hazırda xarici ölkələrdə yaşayan yüzlərlə rus adamı ukraynalılara kömək edir, ianə toplayır, volontyorluq hərəkatına qoşulub. Amma bu fəaliyyətlər kortəbiidir, onları bir mərkəzdən idarə etmək lazımdır. 

Bizimçün – Rusiya vətəndaşları üçün indi çox vacibdir dünyaya göstərək ki, Rusiya təkcə Putindən ibarət deyil. Normal Rusiya, əsl Rusiya da mövcuddur. 

Bizlər çoxuq. Biz özümüz barədə car çəkməli, birləşməliyik, hamımız bir yerdə Putindən sonrakı Rusiyanın taleyini indidən düşünməliyik. Biz hamımız ona can atmalıyıq ki, Putin olmasın, Putinsiz Rusiya olsun. 

 

2.

Bizim layihədə siyasətçilər yoxdur, biz mənəviyyatı təmiz insanlarıq, biz əsl ruslarıq.

Mən çox emosional insanam. Hər gün bu bəd xəbərlərlə yaşayıram. Yazdiğim kitab da yarımçıq qalıb. O kitab ki, onun qəhrəmanı qoca diktatordur, öz reallığı ilə yaşayan, tərifi yağ-bal kimi həzm edib gözünün piydən pərdələnməsinə əhəmiyyət verməyən bir nakəsdir. Bilirsiniz, vaxtı ilə mən qaniçən rus çarı İvan Qroznı haqqında roman yazmaq istəyirdim, çoxlu araşdırma aparmışdım, onda diktatorların beyinləri, düşüncə tərzləri tam mənə agah olmuşdu. Diktatorlar ədəbi obraz kimi maraqsızdırlar, onlar üçün cəmi iki rəng var, ağ və qara. Bəlkə də bu düşüncə ilə, bəlkə də vaxt azlığından yarımçıq romanıma qayıtmıram. Düşüncələrim də belədir ki, qoca diktator obrazı cağdaş oxucu üçün elə də maraqlı ola bilməz. Amma sanki içimdə bu hadisələrlə bağlı yeni roman doğulur. İçimdəki energetikanı hiss etməyə bilmirəm.

Mən indi mütaliəyə daha çox meyl edirəm. Bilmirəm, nədənsə daha çox memuarları oxuyuram, mühacirətə gedən rusların, dissidentlərin həyatlarını oxuyuram. Bəlkə də bu, bir tale ironiyasıdır, nə bilim. Amma əvvəlki dövrlərin dissidentləri ilə indi dissident yoluna çıxacağı bəlli olanları  eyniləşdirmək də düzgün deyil. O vaxtlar Qızıl meydana çıxıb hay-küy salmaqla nəyəsə nail olmaq istəyirdinsə indi ən azı sənin əlində sosial şəbəkə, dünyaya inteqrasiya var, indi fəaliyyət üçün daha yaxşı platformaya maliksən.

 

3.

Müqəssirlik hissləri bizlərdə böyükdür. Rusiya 90-cı illərdə totalitarizmdən qurtulanda biz ziyalılar, mədəniyyət xadimləri həvəslə senzurasız yaradıcılığa qoşulduq, heç birimiz siyasətin dalınca getmədik. Dedik, qoy çirkli siyasətlə çirkli adamlar məşğul olsunlar, bizsə mənəviyyata xidmət edək, kino çəkək, teatr tamaşaları qoyaq, kitab yazaq. Çoxumuz böyük uğurlar da qazandıq. Amma bu, düzgün yol deyilmiş sən demə. Biz ayılanda gördük ki, həmin çirkli adamlar ölkəni o qədər çirkləndiriblər ki. Yenə də geç deyil. Barı indisə təmizlik işlərinə başlayaq.

Rusiya Puşkinin, Tolstoyun, Çexovun, Dostoyevskinin ölkəsidir. Biz Putin Rusiyasını – “Putinləndi” bəyənmirik, biz əsl - əski rus təfəkkürlü Rusiyanı istəyirik.

Ölkədə əhalinin hakimiyyətə münasibəti heç də xoş deyil. Rəy sorğuları sizləri aldatmasın. Sorğular həqiqi deyil, bunları hakimiyyət özü özünüreabilitasiya üçün aparır. Polis rejimli ölkədə insanlar həqiqəti söyləyə bilmirlər. 

Bundan sonra hadisələr sürətlə cərəyan edəcək. Rusiyanın özündə vəziyyət kəskinləşəcək. Soyuducular boşaldıqca televiziyaların səsi daha da gurlaşacaq, repressiv metodlar əndəzəsini aşacaq. Amma bu, Putin hakimiyyətinin süqutunu da yaxınlaşdıracaq.

Ləkələndik biz hamımız. Bu ləkə həmişə üstümüzdədir. O ləkəni silmək üçün rusların yeganə şansı Putin hakimiyyətini devirməkdir, inqilab etməkdir. Zaman bizi tələsdirir! 

 

Müsahibəni efirdən köçürüb tərcümə etdi: Murad