“Qıraq yerin quraq yerində yağış da yanğın kimidir” - Yusif Nəğməkardan kəlamlar

 

“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın “Hikmət bankomatı”ndan yeni sətirləri diqqətinizə çatdırır. 

 

 

* Cəmiyyət çəm rəiyyət yox, cəm riayətdir...

 

* Yerin altını üstünə çevirənlər altla üstün fərqini bilməyənlərdir...

 

* Ata atlanmayan atsızın atı olmasa da, tez-tez cin atına minərdi...

 

* Hər qoluna bir saat bağlasa da, vaxtı  vaxtında tuta bilmirdi.

 

* Ən acı təzad namuslu adamın ətrafında cüvəllağıların toplaşmasıdır...

 

* Cavabın qabaqdangəlmişlik əmsalı:

-- Necəsən?

-- Sən soruşandan bəri yaxşıyam...

 

* "Azad qadın", "azad kişi" məfhumundakı mənfi çalar ifrat azadlıq neqatividir...

 

* Gəlişi arzuolunmayanın -- gəlmişəm, "dostlar" -- deməsi dostsuzluğun duzsuzluğudur...

 

* Yerdə sürünən divlər goydə uçan milçəklərə həsəd çəkər...

 

* Yekə-yekə danışan yekəpərin küçüklüyü, yəni kiçikliyi göz qabağında olur...

 

* Sev ki, sevgi sevindirsin səni...