“Unudulmuşlar” - Sevgililər gününə bir rekviyem Featured

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin “Metamorfoz” romanını təşkil edən hekayələrdən birini - “Unudulmuşlar”ı oxucularına təqdim edir, bütün sevənlərə unudulmamağı arzulayır. 

 

Unudulmuşlar

 

Gördü ki, hərə öz kefindədir. Rəqs eləyirlər, lətifə söyləyib gülüşürlər, badə cingildədirlər... Astaca qapını aralayıb içki, tütün qoxulu o aləmdən qopdu, pilləkənlə həyətə düşdü.

Ay ipiri idi, hər yanı nura boyamışdı. Əvvəl elə bildi qar yağıb. Əyilib yerdən qar da götürmək istədi. Ancaq barmaqları torpağa sürtünəndə başa düşdü ki, bu təzə il də qarsız gəlir ömürlərinə.

Lap uzaqda nöqtə boyda işıq işarırdı. İşə bax. Sən demə, bunlardan savayı da Yeni ili bağda keçirən var imiş...

Siqaret yandırdı. Əvvəllər elə başa düşürdü ki, həyatda daimi heç nə yoxdur. Ona görə də öz uğursuzluqlarının əvvəl-axır qurtaracağına inanırdı... İndi bu inam da itmişdi...

Tənəklərin arası ilə bir-iki addım atdı. Birdən xışıltı eşidib diksindi və... yerində donub qaldı. Su quyusunun yanında bir qadın əllərini sinəsində çarpazlayıb dayanmışdı. Özü də paltarı elə bil daş-qaşdan idi, alışıb yanırdı.

Qadın onu görcək gülümsədi:

- Siz də çıxdız?

Tanıdı qadını. Lap küncdə, Raufun yanında oturan idi.

- Hə, gördüm hamı bir-birinə qarışıb, mənə məhəl qoyan yoxdur, çıxdım...

Qadın ah çəkdi:

- Elə mən də.

Bayaq ötəri baxdığı qadını indi diqqətlə süzdü. Gözəl idi. Ancaq hiss edilirdi ki, gözəlliyi artıq solmağa başlayıb.

Hətta ən gözəl çiçəyin belə solmağa məhkum olmasına həmişə təəssüflənərdi. İstəyirsən lap qızıl güldana qoy, xeyri yoxdur...

...Onu gördü ki, düz qadının qarşısındadır və sual verir:

- Bəs üşümürsüz? Əsl qış havası olmasa da, hər halda soyuqdur axı..?

Arabir küləyin vıyıltısı eşidilirdi. Kürkünü qadının çiyninə saldı. Qadın bir az dartındı:

- Özünüz geyinin, mən üşümürəm.

Sonra sakitləşdi:

- Çox sağ olun. İstəmirəm bir də palto üçün içəri girim.

Bir müddət Aya baxdılar. Qadın əlini uzatdı, guya tutacaqdı Ayı:

- Ömrümdə bu boyda Ay görməmişdim.

O da əlüstü dilləndi:

- Elə mən də.

Qadının bir addımlığında durmuşdu. Vurduğu ətirin bihuşedici qoxusu, həm də nəfəsi ona dəyəndə ürəyi uçundu, titrək səslə dedi:

- Olar sizdən bir söz soruşum?

- Lap beşini soruşun.

- Siz Tofiqin nəyisiz?

Qadın tutuldu. Dillənmədi. O, tez sözünü dəyişdi:

- Bəlkə yellənək?

Yelləncəyə qalxdılar. Yelləndikcə Ay, elə bil, dövrə vururdu başları üstündə.

Qadın az qala qışqıra-qışqıra soruşdu:

- Sizin adınız nədir?!

O da beləcə qışqırdı:

- Bayaq Tofiq bizi tanış elədi axı! Mənim adım Rüfətdir! Sizinki isə Sara!

Bir müddət yelləndilər. Rüfət qızının karuselləri xoşlamasından, oğlunun dəcəlliyindən, arvadının qayğılarından danışdı.

Sara dedi:

- Saxlayın, başım fırlanır.

Rüfət istəməsə də, bunu etməyə məcbur oldu.

Quyu daşının üstündə oturdular.

Sara barmağı ilə sanki daşın üstündə şəkil çəkə-çəkə soruşdu:

- Çoxdan evlisiz?

- Yeddi ildir. Bəs sizin ailəniz yoxdur?

Sara içini çəkdi:

- Bir qızım var, ərdədir.

Rüfət təəccübləndi. Üzündəki təəccüb qarışıq gülümsər ifadə ilə sual verdi:

- Bəlkə nəvəniz var?

Sara şəkil çəkməyi yığışdırdı:

- İnanmırsız? Özünüz bilin. Beş aydır ki, köçürmüşəm qızımı. Mənim otuz altı yaşım var. Siz deyən qədər də cavan deyiləm... Ərim isə ölüb... Mənim üçün...

Sonra köks ötürdü:

- Bəs nə əcəb arvadınız razı olub bura gəlməyinizə?

Rüfət də köks ötürdü:

- Qayınatamgilin ənənələri var, hər Yeni ili bütün ailə bir yerdə keçirir.

- Siz niyə getmədiz?

- Evləndiyim ili getdim, gördüyümü gördüm.

Sara maraqla Rüfətin gözlərinin içinə baxdı:

- Nə gördüz ki?

- Heç... Xoşuma gəlmir onların məclisləri. Bacanaqlarım elə oturub-dururlar, guya bunlardan savayı kişi yoxdur. Yağlı yerdə işləyirlər də... Mənsə adicə televizor ustasıyam... Düzdür, mən də pis qazanmıram. Amma yenə də yanlarında hörmətim yoxdur. Ağzımı açan kimi sözümü kəsirlər. Yoldaşım da ayağımı tapdalayır ki, birdən artıq-əskik danışaram. Qayınatam onlara «can» deyir, mənə məhəl qoymur... Adama vəzifəyə, pula görə yox, insaniyyətə görə qiymət verilməlidir də, düzdü? Ancaq kimə deyirsən?! Hörmətsiz, qiymətsiz yaşamaqdan artıq usanmışam. Hər il yoldaşıma deyirəm, getmə. Ağlayır, dalaşır, küsür. Mən də dözmürəm, razı oluram. Uşaqları da aparır... Hər Yeni il axşamı mənim ən yalqız günüm olur. Bu gün də oturub televizora baxırdım. Gördüm, Tofiq zəng vurdu ki, bağa yığışırıq. Doğrusu, təəccübləndim. Bu qış vaxtı nə bağ? Ancaq razılaşdım. Uşaqları da çoxdan idi görmürdüm. Biz axı dörd dost olmuşuq: Tofiq, Rauf, Akif, bir də mən...

- Tofiq, Rauf, Akif, bir də Rüfət... Dördünüzün də adında «f» hərfi var ki.

- Hə? Heç fikir verməmişdim... Başqa hansı hərf var dördümüzün də adında?

- ... Məncə, heç biri.

Azacıq susdular. Sükutu Saranın səsi pozdu:

- Bir şey desəm, acığınız tutmaz?

- Əlbəttə tutmaz.

- Deyəsən, Tofiqlə aranız sərindir axı. Mən fikir verirdim, o biri dostlarınızla elədiyi zarafatları sizinlə eləmirdi...

Rüfət içini çəkdi:

- Vaxtilə Tofiqlə çox yaxın olmuşuq, bir həyətdə böyümüşük, uşaqlıq dostuyuq. Sonra Rauf çıxdı, Tofiqin mənə olan diqqətinin yarısından Raufa pay düşdü. Sonra Akif peyda oldu. Mən ali təhsil almamışam deyə, ya nədəndisə, bunlar bir-biriylə daha mehriban oldular... Beləcə, günlərin birində gördüm artıq adama çevrilmişəm, unudulmuşam. Başa düşürəm, bu gün niyə məni xatırlayıblar. Buna deyərlər, xala, xətrin qalmasın.

Yenə bir müddət susdular. İçəridəkilər əl çalır, ayaqlarını yerə döyürdülər. Sara dedi:

- Kefdədirlər.

Aşağı mərtəbənin pəncərələrini gur işıq bürümüşdü. Yuxarı mərtəbənin qaranlıq pəncərələrində isə Ayın işığı əks olunmuşdu.

Rüfət səsini yavaşıtdı:

- Keçmiş dostlar, keçmiş tanışlar, keçmiş məhəbbət... Məndə bunların hamısından olub. Sizdə bəs?

- ...

- Sizin keçmiş məhəbbətiniz olmayıb yəni?

Sara gözlərini işıqlı pəncərələrdən tən ortada olanına zilləmişdi. Rüfət isə, elə bil, öz-özünə danışırdı:

- Qabaqlar dəli-divanə idik. Sonra eşitdim ki, başqasını da sevib haçansa. Bunu özümə sığışdırmadım...

- ...

- Əslində hər bir kişinin evlənənədək bir neçə sevgisi olur. Amma siz qadınlar əksərən ilk sevginizə sadiq qalırsız...

Saranın gözü pəncərədən qopmurdu:

- Siz otaqdan çıxanda Tofiq rəqs eləyirdi?

Rüfət özü ilə söhbətinə ara verməli oldu:

- Gərək ki, yox... Rəqs eləyən yox idi. Söhbət eləyirdilər.

- Tofiq o qara donlu qızla söhbət eləyirdi?

- Fikir vermədim.

Sara durub var-gəl eləməyə başladı:

- Bir saata yaxındır ki, burdayam. Başı necə qarışıbsa, hələ də xəbəri yoxdur...

Rüfət bu barədə çox düşünmüşdü. İnsanlar bütün ömürləri boyu xoşbəxtlik gəzirlər, ancaq hey ağrıyla, əzabla, ölümlə üzləşirlər... Xoşbəxtliyin düzgün ünvanını bilən bir ovuc insan onu digərləri ilə bölüşmək istəmir...

Sara əsəbiləşdi:

- Siz kişilər hamınız beləsiz! Əvvəl yalvarırsız, diz çökürsüz, ələ keçirəndən sonra isə kobudlaşırsız, zəhərləyirsiz adamı. Bir səhv idi, əzabını çəkə-çəkə yaşayırdım. Bu da ömrümdə ikinci səhvim oldu. İndi də, yəqin, o qara donluya vurulub. Çünki o qızın, uzağı, iyirmi beş yaşı olar, çox gəncdir, təravətlidir... Niyə evlənmir? Gör neçəsinin həyatını zəhərləyib. Qoy bir az keçsin, o qara donludan da soyuyacaq. Gültək qoxlayıb tullayır qadınları. Vəhşidir, yırtıcıdır, əclafdır... Mən axmaqsa onu sevirəm... Bura da məni, yəqin, ona görə çağırıb ki, yeni sevdasından xəbər tutub rahat buraxım onu...

Səs-küy lap yaxınlaşdı. Qapını açmışdılar. Sara ümidlə ora baxdı. Ancaq tez də bağladılar. O, üzü pəncərəyə tərəf donub qaldı.

...Görəsən, neçə saat idi həyətə çıxdığı? Rüfət bədəninin soyuqdan gizildədiyini indi hiss elədi, durdu, gəzinməyə başladı. Tənəklərin arası ilə bir xeyli getdi. Son dəfə bu bağda nə vaxt olmuşdu? Gərək ki, yeddi-səkkiz il əvvəl. Subay vaxtları idi. Tofiqin 07-si 1 (VAZ avtomobili növü) ilə gəlmişdilər, hələ cip almamışdı Tofiq. Onda bax, bu yola daş döşənməmişdi... Bu talvar da yox idi...

Geri qayıdanda Saranı ağlayan gördü.

- ... Anam vardı, dözürdüm. İndi hər şeydən əlim üzülüb. Harda qoca görürəmsə, ürəyim yerindən qopur. Elə bilirəm, anamdır qarşımdakı. İstəyirəm hey qulluq eləyim ona... Qonşuluqda bir qarı var. Həmişə əlindən tuturam. Bir dəfə dedi: «Xoşbəxt ol». Qulaqlarıma inanmadım, soruşdum: «Nə deyirsən?» Bir də təkrar elədi. Dedim, mən hara, xoşbəxtlik hara?! Yolkanı qurmuşdum. Biskvitli tort da bişirmişdim. Üstünə kremlə «Yeni iliniz mübarək!» yazmışdım. Dedim, qızımla kürəkən gələrlər, birlikdə oturarıq. Qudamgil məni bəyənmirlər. Tofiqlə tanışlığıma görə. Onların aləmində dul qadının ixtiyarı yoxdur təzədən kiminləsə münasibət qursun... Qoymadılar qızı. Bəlkə də heç özünün meyli olmadı. Zəng eləyib yeni ilimi təbrik elədi, vəssalam. Getdim qarının dalınca. Osa qulaq yoldaşım olardı. Gördüm, onun da oğlu dalınca gəlib. Dedim, bəxtəvər başına. Heç olmasa, bayramdan-bayrama yada düşür... İki il qabaq yeni ili üçümüz qarşılamışdıq: anam, mən, qızım. Keçən il qızımla mən idik. Bu il isə tək qaldım... Televizor da işləmir. Oturub bikef-bikef yolkaya baxırdım ki, bir də sənin Tofiqin zəng elədi...

«Televizor işləmir» kəlməsi sanki Rüfəti yerindən tərpətdi:

- Niyə göstərmir televizorunuz?

- Nə bilim, ağarır, ancaq səs-filan yoxdur...

Rüfət gözlərində azacıq işıq, dərhal dilləndi:

- Bildim nədəndir, bircə dəqiqəyə düzəldərdim onu...

Qapı yenə açıldı. Sara yenə ümidlə ora boylandı. Qapı bağlananda gümüşü qol saatına baxa-baxa soruşdu:

- Şəhərə neçə saatlıq yoldur?

- Qırx-qırx beş dəqiqəlik... Uzağı bir saatlıq.

- Yeni ilə isə üç saat yarım qalıb...

Rüfət yenə siqaret yandırdı. Qəribə işdir: insanlar hər yeni il axşamı deyirlər, gülürlər, şənlik eləyirlər... Bəs qazandıqları nədir axı? Əslində ömürlərindən bir il də itirirlər. Yəni itkiyə şad olmaq düzgündür? Ölün ölür, durub toy-bayram edirsən?

Az sonra özlüyündə təsdiqlədi ki, «bu il mənə düşmədi, gələn il, yəqin, düşərli olar» imitasiyası hamı üçün daimi inanca çevrilib.

...Sara bir də təkrar elədi:

- Bəlkə, gedək?  

Rüfət dinmədi.

- Niyə susursuz?! Qoy başa düşsünlər ki, bizim də hissiyyatımız var. Siz televizoru düzəldərsiz, mən də sizi torta qonaq edərəm. Mənim tortlarım çox dadlı çıxır. Kim yeyirsə, barmaqlarını yalayır...

Rüfətin qolundan yapışdı:

- Siz Allah, gəlin gedək.

Rüfət yüngülcə dartındı:

- Olmaz axı, yaxşı düşməz...

Sara incikliyini gizlətmədən ondan aralandı:

- Bəs, sizcə, onların hərəkəti yaxşı düşür?! Bu nə hörmətsizlikdir adama göstərirlər?!

Hərdən nədənsə insanların yalan söyləməyə, başqa bir obraza girməyə məcbur olması Rüfəti daim narahat edirdi. Bu gün səni qane edən, sənə sərfəli olan münasibət artıq sabah ağır bir buxova çevrilir, yeni münasibətlərə doğru yönəlmiş daş-kəsəkli, palçıqlı yolunda sənə maneçilik törədir... Ondan qopmağa məcbur olursan, ayağına dolaşan dəmir zəncir kimi tapdalayıb, palçıqda qoyub gedirsən... Amma bununla yanaşı, «yaxşı çıxmaz» düşüncəsi ilə bu elədiklərini gizləmək məntiqsizliyinə də əl atırsan... Çılpaq ikən özünü paltarlı göstərdiyini zənn edirsən...

...Rüfətin içəri girməyi ilə çıxmağı bir-iki dəqiqə çəkdi:

- Bu da paltonuz. Yaxşı ki, təkcə sizin paltonuzun rəngi ağdır, yoxsa çaşıb qalardım... Heyif ki, görən oldu...

Ay bir az da irilənmiş, hava bir qədər soyumuşdu. Kanalın qırağı ilə gedirdilər. Yol kələ-kötür idi. Sara büdrədikcə Rüfət onun qolundan yapışırdı.

- ... Siz televizoru düzəldərsiz, mən də çayı qoyaram qızmağa. Xörək çəkərəm, tortu kəsərəm. Qab-qacağım elə düzülüdür.

Rüfət öskürdü.

- Deyəsən, sizə soyuq dəydi? Hər şey məndən oldu, kürkünüzü əlinizdən aldım...

- Boş şeydir.

- İstəsəniz, belinizə banka qoyaram. Lap keçi piyi ilə ovaram...

Üzü üstə uzanıb. Kürəyiylə yumşaq, ipisti barmaqlar gəzir...

Rüfət nəsə bir hərarət duyurdu, bədəninə xoş bir gizilti gəlmişdi. Kefi duruldu, özünü naza da qoydu:

- ... Bəri başdan bildirim: mən hind çayını xoşlamıram, heyif deyil bizim Lənkəran çayı!

- Bəs xörəklərdən nəyi xoşlayırsız?

- Fərqi yoxdur. İndiyə kimi mənim sifarişim ilə xörək bişməyib.

- Nə danışırsız?! Ərim möhkəm yeyib-içən idi. Demək olar, günüm mətbəxdə keçirdi. Özü də nə gəldi yeməzdi, komanda verirdi: Piti bişir... Küftə-bozbaş istəyirəm... Langet hazırla... Eh, elədiklərim burnundan gəlsin... Qədrimi bilmədi...

Rüfətin içində dilinə gətirməyə çətinlik çəkdiyi «Niyə ayrıldız ki» sualı baş qaldırmışdı. Bir də, onu çox maraqlandırırdı, Sara Tofiqlə harada və necə tanış olmuşdu...

Kanal uzandıqca uzanırdı...

Sara xeyli susandan sonra dilləndi:

- Eybi yox. Bu gün sizin sifarişinizlə xörək bişər. Çəkili ətim də var, sousluq ətim də. Üstəlik, toyuğum da var. Mən sevimli xörəyinizi bişirərəm, siz də alboma baxarsız. Qızımın hər il ad günündə şəklini çəkdirmişəm. On səkkiz dənə şəkil. Dostunuz da xoşlayırdı şəkillərə baxmağı...

Sara ah çəkdi... Üzündəki bayaqkı donuq ifadə yenidən geri qayıtdı.

Bir qədər də irəlilədilər. Döngəni başa vuranda uzaqdan şəhərin işıqları göründü. Rüfət sevincək qışqırdı:

- Odey, mikrorayonun işıqları... Ev indi istidir... Musiqi mərkəziniz olmamış olmaz. Rəqs eləməyi bacarırsız?

Sara arxaya baxırdı:

- Deyirsiz paltonu götürəndə görən oldu?

Rüfətin addımları birdən-birə  ağırlaşdı. O, məyusluqla: - Oldu, - söylədi.

Sakitcə getməkdə idilər. Ara-sıra küləyin vıyıltısı eşidilirdi. Sara tez-tez büdrəyirdi...

Birdən arxadan siqnal səsi gəldi. Avtomobil işığını onların üstünə salmışdı. Saranın səsi titrədi:

- Odur...

Rüfət də içini çəkdi:

- Hə.

Şəhərə xeyli yaxınlaşmışdılar. Sara Rüfətin qolundan yapışdı:

- Gəlin qaçaq.

- Olmaz axı...

- Yox, olar. Qoy görsün ki, mən əşya deyiləm. Qoy görsün ki, ondan qaçıram, ona nifrət eləyirəm...

- Yaxşı, siz nifrət edib qaça bilərsiz. Axı mənim qaçmağım yaxşı çıxmaz.

- Xahiş edirəm.

- Uşaqlıq etmiş olaram...

- Yalvarıram...

Doğrudan da qaçmağa başladılar...

Deyəsən, avtomobil də sürətini artırdı. Sara nəfəsini dərə bilməsə də, qırıq-qırıq sözlər söyləyirdi:

- Dəli olur indi... Qoy olsun...

Sonra dayandı:

- Yazıqdır... Qoy gəlib çatsın. Bu kələ-kötür yolda biz ondan bərk gedirik...

Rüfət də dayanmalı oldu. Onun gözündə bir aləm uçub dağılırdı: isti otaq, ağaran, ancaq səsi çıxmayan televizor, bəzədilmiş küknar, biskvitli tort, türd dəmlənmiş çay...

İçində bir qəzəb yaranmışdı yaxınlaşmaqda olan avtomobilə. Əlinə keçənlə onu xıncım-xıncım eləməyə hazır idi.  

Saranın səsi isə sanki lap uzaqdan gəlirdi:

- Mən onun dalımca gələcəyinə arxayın idim. Baxarsız necə peşmançılıq çəkəcək... O bilir, gözəl bilir ki, qara donlu yaşca məndən cavan olsa da, mənim heç yerə atılan dırnağım da ola bilməz...

Susub avtomobilin gəlib çatmasını gözlədilər. Bu bir an bir il qədər uzun oldu elə bil.

... Avtomobil Saranın qarşısında dayandı. Öncə Sara fərqinə vardı ki, bu, Tofiqin «Prado»su deyil. İçindən bir ağrı keçdi. Dərhal də ümidləndi, ola bilərdi həyətdə bir neçə maşın olduğundan, Tofiq öz avtomobilini çıxara bilməmiş, qonaqlardan birininkini sürüb gəlmişdi... Ancaq...

Tanımadıqları kök bir kişi başını çıxarıb təəssüflə dedi:

- Qaçmağınızdan bildim ki, bərk üşüyürsüz... Ancaq, vallah, yerimiz yoxdur... Özümüz güclə sığışmışıq... Dedik, Yeni il qabağı gəlib bağda bir kabab çəkək...

Rüfət avtomobili ötüb keçəndən bir müddət sonrayadək baxışları ilə müşayiət etdi. Arxa «stop»ların qırmızı işığı tam görünməz olduqdan sonra içini çəkdi, Sara səmtə çevrilib titrək səslə dedi:

- Bəlkə qayıdaq?

Sara yol kənarındakı yastı daşın üstündə oturub hıçqıra-hıçqıra ağlayırdı. Göz yaşları Ay işığında bərq vururdu.