“Şairin heykəli edamdır” deyən Ramiz Qusarçaylının yeni şeiri

Heykəl

 

Şirin heykəli qurddu,

Qurdun heykəli dovşan.

Dovşanın heykəli otdu,

Otun heykəli yovşan.

 

Tülkünün heykəli hiylədi,

Hiylənin heykəli oyun.

Oyunun heykəli töylədi

Töylənin heykəli qoyun.

 

Atın heykəli ulaqdı,

Ulağın heykəli palan.

Palanın heykəli dolaqdı

Dolağın heykəli yalan.

 

Harının heykəli tamahdı,

Tamahın heykəli nadan.

Nadanın heykəli günahdı

Günahın heykəli adam.

 

Göyün heykəli buluddu,

Buludun heykəli duman.

Dumanın heykəli sükutdu,

Sükutun heykəli tufan.

 

Dağın heykəli yaylaqdı,

Yaylağın heykəli oylaq.

Oylağın heykəli oymaqdı

Oymağın heykəli maymaq.

 

Dənizin heykəli sahildi,

Sahilin heykəli hasar.

Hasarın heykəli cahildi

Cahilin heykəli azar.

 

Dünyanın heykəli bəşərdi,

Bəşərin heykəli insan.

İnsanın heykəli şərdi,

Şərin heykəli şeytan.

 

Rusun heykəli tankdı,

Tankın heykəli qarət.

Qarətin heykəli bankdı

Bankın heykəli sərvət.

 

Sözün heykəli fikirdi,  

Fikrin heykəli nida.

Şeirin heykəli sehrdi,

Şairin heykəli edam.

 

Mənim heykəlim Şuşadı,

Şuşanın heykəli Bayraq.

Bayrağın heykəli Vətəndi

Vətənin heykəli torpaq!