Nizamidən Nəvaiyə: ənənələrin davamlılığı” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib

 

Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Asiya və Afrika İnstitutu, Uluqbek adına Özbəkistan Milli Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti və Şərq Milli Muzeyi tərəfindən “Nizamidən Nəvaiyə: ənənələrin davamlılığı” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

AzərTAC xəbər verir ki, onlayn formatda keçirilən konfrans Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illik yubileylərinə həsr olunub. Tədbirdə nüfuzlu ictimai-siyasi xadimlər, ziyalılar, tanınmış şərqşünaslar, türkoloqlar, səfirlər və diplomatik missiya təmsilçiləri iştirak ediblər.

Konfransın açılışında Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli, Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika İnstitutunun direktoru M.V. Aleksey Maslov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Avrasiya Xalqları Assambleyası baş katibliyinin rəhbəri, Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Svetlana Smirnova, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rihsiyeva çıxış ediblər.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli konfransın tanınmış ictimai xadimləri, ədəbiyyat və elmin insanlarını bir araya gətirdiyini qeyd edərək, Nizami Gəncəvi və Əlişir Nəvainin təkcə Şərqin deyil, bütün bəşəriyyətin əvəzolunmaz mənəvi xəzinəsi olduğunu bildirib. XII-XVI əsrlərin Şərq ədəbiyyatının İntibah dövrü hesab olunduğunu, bunun da daha çox Nizami və Nəvainin parlaq yaradıcılığı sayəsində gerçəkləşdiyini deyib. Akademiya prezidenti bildirib ki, Nizamidən sonra yüzlərlə şair və yazıçı, o cümlədən Əlişir Nəvai onun yaradıcılığından təsirlənib, mütərəqqi ideyalarını inkişaf etdirib. Kıdırəlinin fikrincə, Nizami və Nəvai əsərləri müasir dövrdə də öz aktuallığını qoruyub saxlayıb və bu kontekstdə klassik qazax poeziyasının və müasir ədəbi dilin banisi Abay Kunanbayulı da Nizami və Nəvai yaradıcılığından böyük ölçüdə təsirlənib, onları öz ustadı kimi qəbul edib.

Tədbir Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və digər ölkələrdən alimlərinin iştirakı ilə bölmə iclasları ilə davam edib.

Qeyd edək ki, konfrans çərçivəsində “Əlşir Nəvai əlyazmaları Kazan kolleksiyalarında” kitabının təqdimatı da keçirilib.