Güney Azərbaycan Poeziyası Antologiyasında Əhməd Purhəsənin “Uşaqlıq yoldaşım” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Əhərdə yaşayıb yaradan Əhməd Purhəsənin şeirlərini təqdim edir.

 

Əbasət Purhəsən

Əhər

 

 

UŞAQLIQ YOLDAŞIM

 

Hava ağlayırdı ağırlığından,

Elə anlayırdım çırpınırsan sən.

Əlimi uzaldıb əlimə aldım,

Sənə layla çaldım doyunca dünən.

 

Ovcumun içində yuxuya keçdin,

Körpə uşaq kimi, ətsan quş kimin.

Ağzını yumurdun lal dünyamıza,

Ya sona çatırdı sənin də qəmin.

 

Sən elə ovcumu qucaqlamışdın,

Səni ovucumdan ata bilmirdim.

Yuxu gözlərimi alırdı, ancaq –

Sənsiz yuxularda yata bilmirdim.

 

Ovcumun içindən ayrılmadın heç,

Səni sevə-sevə öldürdüm dünən.

Uşaqlıq yoldaşım, bayram balığı,

Daha çırpınmayır nə mən, nə də sən...

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2024)