Azad ruhlu Ceyran - HEKAYƏ Featured

Leyla Ümid, “Ədəbiyyat və incəsənət”

 

Bir məkan düşünün.. Elə bir məkan ki, həyatımın ən zor illərinin keçdiyi, ömür boyu qolumun qanadımın olmadığının, heç zaman bir işi bacara bilməyəcəyimin beynimə həkk olunduğu, ayaqlarımı bu dünyaya, bu torpağa möhkəmcə basmağıma əngəl olan, məndə dərin yaralar açan məkan. Ancaq ordan nə qaça bildim, nə də şikayətlənə bildim. Çünki cəhənnəmin ortasında cənnət kimi gözlərlə mənə baxan, ürək ritmləri mənimlə birgə atan o balaca adam var idi. İndi düşünün, sizi bütün ağrılardan qorumağa çalışaraq birlikdə acı çəkən, həyatınızdakı tək şansınıza, tək gözəl hadisəyə çevrilən insanın bir səhər oyandığınızda dünyanın başqa ucundakı ölkəyə varlı ailəyə övladlığa verildiyini öyrənirsiniz. Həm də bir əlvida belə deyə bilmədən.. Bəli, bu mənim, Ceyranın hekayəsidir. 

Bugün həyatımın ən böyük günüdür. Mən universitet təhsili ala bilmədiyim səbəbindən yaxşı iş yerlərində, dövlət işində işləyə bilmədim. Şəhərdə bir restoranda ofisiant işləyərək hər ay qazandığım maaşla bir evdə qaldığım rəfiqəmə ərzaqda, kommunal xərclərdə köməkləşib, yerdə qalan pulumla cəmi iki kursa yazıldım. İlki ingilis dili, digəri isə marketing/biznes kursu idi. 1 il yarım boyunca dərslərimi axsatmadan gedirdim. Kursdan sonra isə uğurlu olan biznes insanların təlimlərinə qatılaraq strategiyaları öyrəndim. Alman dili kursuna da getdim. Həm işləyib, həm oxumaq çətin olsa da balaca Ceyranın xəyalını gerçəkləşdirməyə söz vermişdim və mən şanslı olaraq doğulmadığım üçün öz şansımı özüm yaratmalı olduğumu bilirdim. Həyatda atası və anası dəstəyində duran, oxuyan, güclü olan hər gəncə həsrətlə baxırdım. Çünki mənim anam həyatını rahat yaşamaq, uşağıyla ortada qalan dul qadın damğasından qurtulmaq üçün məni kimsəsizlər evinə buraxıb çəkilib getmişdi. Özü də dörd yaşımda. Bəzən düşünürəm ki, heç bircə gün belə ürəyində peşmanlıq hissini dadıbmı? Yoxsa mənim varlığımı sonsuza qədər hafizəsindən silib? Övladı, canından bir parçanı unutmaq ana üçün bu qədər asandırmı? İndi harda nə haldadır? Bu suallarla 20 il keçirdim. Əslində, təkcə bu suallarla da deyil. 

Həyatda məni sevən yeganə insan Azad, vidalaşmadan gedən uşaqlıqdakı saf sevgim hələ də məni düşünürmü, darıxırmı, xəyallarını yaşayırmı, başqasını sevirmi kimi suallarla beynimi yeyib bitirirdim. Bir yandan da çox çalışaraq xəyalını qurduğum restoranı açmışdım. Məkanım xüsusi dizaynı, xoş auralı işçilərimiz və çox ləzzətli yeməkləri ilə diqqəti tez çəkmişdi. Türkiyədə də bir filialını açmışdıq və onun müdiri

kimi yaxın rəfiqəmi təyin etmişdim. Adını isə “Celeste cafe” qoymuşdum. Mənası mənim üçün çox özəl və əvəzolunmaz idi. Biz uşaq olanda hardasa mənim 11 onunsa 13 yaşında bir axşam gizlincə çölə çıxıb otların üzərində ulduzları seyr etmişdik. Həmin gün Azad məndən “Celeste” sözünün mənasını bilib-bilmədiyimi soruşmuşdu. Mən təbiiki ilk dəfədi eşidirdim. O isə demişdi:

 -Celeste göy üzü və ulduzların əlaqəsi deməkdir. Onların bir-birinə olan bağı, uyğunluğu, sevgisidir. Sənin gözlərin ulduzlar kimi parlaq baxır, mənimsə qəlbim təkcə sənin gözlərinə bağlı, onların yaşadığı bir evdir. Mən göy, sənsə ulduzsan. Unutma, göy üzündə birtək belə ulduz qalmayana qədər mənim sənə sevgim davam edəcək. Çünki bizim celesteyik, ceyran gözlüm. 

Bugün mənim üçün ona görə böyük və həyəcanlı gündür ki, Almaniyadan gələn şirkət sahibi bir biznesmen mənim restoranımda yeməklərdən dadacaq və əgər bəyənsə mənimlə sözləşmə imzaladıqdan sonra onun Almaniyadaki məkanında restoranımızın yeni filialı açılacaq. Mətbəxdə səhərdən bəri aşbazlarım arı kimi çalışaraq ən özəl təamları hazırlayarkən mən də təmizliyə, səliqəyə nəzarət edirdim. Almaniyada filial açmaq istəyimin də səbəbi var idi və onu düşünürdüm. Kimsəsizlər evindən öyrəndiyim məlumatlara görə Azad illər öncə Almaniyaya köçməyə hazırlaşan ailəyə verilmişdi. Bu ailə müdirin dediyinə görə onu bolluq, zənginlik içində böyüdəcəkdi. Əvvəldən müraciət ediblər və sanki səhəri gözləsələr dünyanın sonu olarmış kimi gecə Azadı götürüb çıxıb getmişdilər. O zamanlar hələ yeni 14 yaşı olmuşdu. İndi isə bu hadisənin üzərindən artıq 10 il ötür. Unutduğum tək bir an belə olmadı. Onu tapmağı həyatımın məqsədlərindən birinə çevirmişdim. Bugün tək gerçəyim və mənim cəhənnəmdəki cənnət məkanım olan insanı tapmaq üçün atdığım ən böyük addım Alman biznesmenlə iş ortaqlığı edəcəyim gündür.

Axşam oldu və gözlənilən qonağım, nəhayət, gəlib çatdı. Alman dilində orta səviyyədə danışa bildiyim üçün tərcüməçiyə ehtiyac duymamışdıq. Onunla və yanında gələn adamla salamlaşıb masada qarşılıqlı əyləşdik. 30 yaşlarında, enlikürək, sarışın, adı Richard olan bir bəy idi. Həmçinin pozitiv aurası, gülümsəyən üzü vardı. Qarşısına hazırladığımız yeməklərdən dadımlıq servislər edildi. Həyəcandan əlim-ayağım bir-birinə dolaşıb əsərkən bununla yanaşı içimdə kollektivimdən əmin idim deyə rahatlıq da var idi. Richard bəy təamlara heç bir üz ifadəsi etmədən bir-bir yeyirdi. Qaşlarını havaya qaldırıb, gülümsədikdə hamımız rahatlamışdıq. Sonda da şah plovdan yedi və dəfələrlə “Sizin mətbəx möhtəşəmdir”, “Bunları necə hazırlayırsız”, “Çox bəyəndim, bu işi əla bacarırsınız” tipli ifadələr işlətdi. Sonra yanındakı köməkçisinə çantasından sənədləri verməsini istədi. Xoşbəxtlikdən yerə-göyə sığa bilmirdik və ağırbaşlı görünmək üçün də özümüzü zorla gülümsəyərək tutmuşduq. İmzalar atıldı və əməkdaşlıq qəbul edildi. 

Bir həftə sonra Celeste cafe Almaniyada açılacaqdı. Bu gecə iş kollektivimlə birgə bu uğurumuzu musiqi sədaları altında şərab toqquşduraraq qeyd etdik. Həyat bu səfər üzümə gülmüşdü. Öz evimə dönərkən yolda göyüzünə baxaraq minlərlə dəfə şükür etdim. İçimdə elə dərin hislər var idi ki, sanki mənim ora getməm yerlə-göy qədər olan boşluğu doldurmağa yetəcəkdi. 

1 həftə sonra..

Həyatımda ilk dəfə təyyarəyə minməyi sınadığım üçün özümü fərqli hiss edirdim. Ürəyim elə bil ağzımda idi bütün yol boyunca. Həmçinin bir o qədər də həyacanlı. Nəhayət, Berlinə eniş etdik. İçimdə kəpənəklər uçuşarkən həm çamadanlarım, həm də iş yoldaşlarımla birgə bizim üçün təyin olunan maşına mindik. Maşın bizi 15 gün boyunca qalacağımız hotelə aparırdı. Pəncərə kənarından şəhəri izləyərkən düşünürdüm. Bu böyük ölkədə, böyük bir şəhərində onu bir gün görə bilmə ehtimalı, tanıdığım insanın hətta ruhumun parçasından bir hissənin burada olması məni daha güclü hiss etdirirdi. Bilirdim, əmin idim ki, mən Azadı tapacam. İllərin həsrətinə nöqtəni qoyacam. 

Hotelimizə yerləşdikdən sonra Richard bəyin özəl şoferi ilə məkana gəldik. Maşından enərkən qarşımda çox möhtəşəm görünən restoran vardı və üstünə parlaq zərif hərflərlə “Celeste cafe” yazılmışdı. Gözyaşlarıma əngəl ola bilmədim. Özümlə və kollektivimlə qürur duyurdum. Çox çalışaraq illərlə buralara gəlib çıxmışdıq. Biznes lady adına artıq özümü tam layiq görə bilərdim. Richard bəy bizi qarşıladı. Mən bura 4 nəfər işçi dostlarımla birgə gəlmişdim. Onlardan biri sağda biri solda duraraq ortalarında qırmızı lent tutmuşdular. Digəri isə administrator xanımım mənə qayçını uzatdığında ikiqat duyğusal hala bürünmüşdü və gözlərimdəki yaşlar süzülərkən gülümsəməyimlə vəhdətdə idi. İçimdə xeyir, bolluq, bərəkət üçün dua etdikdən sonra  “Bu kafeyə tez zamanda gəlsin və qismət bizi Azadla qarşılaşdırsın”-deyə niyətimi edib lenti kəsdim. İçəri həm tünd qəhvəyi tonlarından həm də açıq rənglərdən istifadə olunmuşdu. Zatən əşyalarını mən özüm seçdiyimdən dolayı tam ürəyimcə idi. Masaların oturacaqları xüsusi hazırlanmışdı. Söykənəcək tərəfləri oval, süd rəngi və yumşaq materialdan idi. Divarlardakı tablolar və ən əsası bayrağımız çox qəşəng aura vermişdi bura. Ağzım qulaqlarımda, parıldayan gözlərlə ətrafı gəzirdim. Terası belə vardı. Ora çiçəklərlə və yumuşaq, bej rəngli divanlarla dizayn olunmuşdu. Balaca işıqlar belə asılmışdı. İçəridə masalar çox sıx deyildi. Burada Azərbaycan yeməkləri servis olunacağı üçün bununla bağlı bir yazı hazırlayıb lövhə kimi çölə qoymağı düşündük. Aşbazım mətbəxi geniş və təmiz olduğu üçün bəyənmişdi. Rİchard bəyə təşəkkürlərimi bildirib məkanı çox bəyəndiyimi dedim. O isə adamını yanına çağırıb ondan açarı istədi və mənim ovcuma qoydu. Bu an mənə görə təsvir olunmayacaq qədər xoşbəxtliklə dolu idi. Ardıyca o həmçinin sayılı-seçili iş adamı olduğundan və sosial şəbəkəsində izləyicisinin çoxluğundan dolayı bütün kollektivimlə və mənimlə ümumi şəkil çəkdirib restoran açıldı başlığıyla paylaşdı. Biz hələki burda sınaq müddətindəyik. Əgər işlər istədiyimiz kimi getsə bizə ev veriləcəkdi. Biz elə bu axşamdan ilk gün açılış münasibətiylə bütün menyuya endirim etdik. Axşam saat 19:00-a qədər mətbəxtə çalışırdıq. Mənim əsasən gözüm gələcək olan qonaqları axtarırdı. Sözün açığı baş qonağımı gözləyirdim desəm yalan olmaz. 

Nəhayət, axşam olmuşdu və qonaqlar bir-bir gəlməyə başladılar. Axşam yeməyi üçün gələn ailələr, cütlüklər, dostlar var idi. Hər birini qapıda qarşılayıb xüsusi davranırdım. Sifarişlər gəlməyə başladığı andan hər birimiz həyəcanlı idik. Yarpaq dolması, şah plov, lülə kabab, xəngəl, toyuq-ləvəngi və salatlarımız ən çox sifariş edilən yeməklər oldu. Həm sürətli, həm təmiz, həm də gülərüzlü işləyirdik. Müştərilərin məkanı bəyəndiyini düşünürdüm, çünki çoxlu şəkillər çəkdirirdilər. Qürur hissi məni ələ keçirməsinə baxmayaraq gözümü yoldan ala bilmirdim. O gəlməmişdi...

Gün, nəhayət, bitdi. Restoranı bağlayıb özümüz içəridə çay içirdik. O qədər yorğun idik ki, çay içərək dincəlmədən otelə keçmək istəmədik. Bütün gələn qonaqlar yeməklərin dadı qarşısında tilsimlənmiş kimi getdilər. Hər birinin üzündə elə qəribə ifadə var idi ki, Azərbaycanın mətbəxinin bu qədər dadlı olması onları təəccübləndirmişdi. Ən azından tanıtmış olduq. 

Gecə günün yorğunluğundan başımı yastığa qoyan kimi yuxuya getmişdim. Gözümü artıq altıncı dəfə söndürməyə cədh etdiyim telefondakı zəngli saata atdığımda açdım və oyandım. Əl-üzümü yuyub, dişlərimi fırçalayıb, üzümə kiçik baxımlarımı etdim. 10 dəqiqəlik kağız maskamdan qoyaraq yatağımı topladım və paltar seçdim. Bugün uzun model, bədənə oturan, çiyinləri ipli olan qara donumu geyinib belinə incə gümüşü kəmərimi taxaraq saçlarımı tarım at quyruğu yığdım. Üzümə sadə, ancaq yaraşan makyaj edib, ən sevdiyim “Gucci Flora” ətrimi sıxaraq topuğu çox uzun olmayan ayaqqabımı geyinib aşağıya endim. Qərar vermişdik ki, səhər yeməyini elə kafemizdə yeyək. İşçi dostlarım artıq orda idilər. Mən isə taksi ilə yola düşdüm. Pəncərəni açıb, səhərin gözəl havasını içimə çəkərək xəyallarıma dalıb getmişdim. İşə gəlib çatdım və Almaniyada öz kafemizdə ilk səhər yeməyimizi yeyərək xoş zaman keçirtdik. Yavaş-yavaş müştərilər gəlməyə başlamışdı. Mən də içəridə əyləşib acı amerikano kofemi içərək Bakıdakı ən yaxın rəfiqəmlə görüntülü danışırdım. Elə bu an yanıma balaca, uzun sarı saçlı çox şirin bir qız gəldi. Ona gülümsəyərək nə istədiyini, hardan gəldiyini soruşdum. Əlbəttə ki, almanca danışıraq suallar verirdim. O isə məndən WC-nin yerini soruşurdu. Sözün açığı burada uşaqların azad yaşadıqlarını bilsəmdə 4-5 yaşındakı uşağın tək gəlib wc axtarması məni biraz təəccübləndirmişdi. Ondan anasının hansı masada oturduğunu soruşduğumda anası ilə deyil, atası ilə gəldiyini dedi və mən məsələni anladım. Özüm onun əlindən tutaraq aparıb qapıda gözlədim. Əllərini yuyub gələrək mənə təşəkkür etdi. Daha sonra bütün masalara göz gəzdirdiyini gördüm. Deyəsən oturduqları masanı unudub tapa bilmirdi. Mən onun boyuna çatacaq qədər əyilib gülümsəyərək: “Gəl, birlikdə axtaraq atanı. Bəlkə gizlənib sənin onu tapmağını gözləyir? Burda masa çoxdur iki nəfər daha tez taparıq, sən də tullanıb “sürpriz” tapdım səni deyərsən”- dedim. Kiçik qız bu fikrə sevinib əlimdən tutdu. Bir-bir masaların yanından keçdik. Sonra terasa çıxdıq terasda 3-5 masa dolu idi. O boylanaraq  güldü və barmağıyla ən başdakı divanı göstərdi. Orada açıq mavi köynəklə, ağ klassik şalvar geyinmiş və eynək taxmış bir adam çay içirdi. Balaca qız atasını yan tərəfdən görüb tanımışdı. Məni də özüylə dartaraq ora apardı və “Sürpriz” deyərək atasının qabağına tullandı. Atası gülərək, qorxmuş kimi edib qızını daha da güldürdü. Mənsə narahat olmasınlar deyə onlardan 2-3 addım geridə idim. Qız anidən barmağıyla məni göstərib: “Ata, səni bu qəşəng bacıyla bərabər tapdıq”-dedi. Azərbaycanca danışmışdı. Mən ilk başda təəccüblənsəm də burda Azərbaycanlıların da yaşamasının normal olduğunu bildiyimdən gülümsədim. Atası eynəyini çıxarıb mənə təşəkkür etmək niyətiylə sıxmağım üçün əlini uzatdığında başımı “əlbəttə ki” deyən ifadəylə sallayaraq əlini tutdum. Bu an gözlərim əlinə sataşdı. Əlinin üzərində baş barmağı tərəfdə uzunsov yanıq izi var idi, hansı ki, bu uşaq vaxtı olmuşdu və biləyində üç balaca xal var idi. Gözlərim üzünün hər detalını süzərək gözlərinə kilidlənmişdi. Gəncliyim dizlərinin üstünə çökmüş, uşaqlığım qurumuş yarpaq kimi budağından düşürdü. Son nəfəsimi verirmişcəsinə hiss etdiyimdə gözlərimdən qanlı yaşlar axırdı. Xatirələr ən sevdiyim filmin birdə başlamayacağını bildiyim final səhnəsində idi. Nəfəsim çatışmırdı. Mən göyüzündəki ulduzları Şəhriyartək sayaraq sevmişdim onu. Səhərin doğduğu günəşdə, gecəni aydınlatan ayın işığında sevdim. Səmanın mavisinin yansıdığı dəniz dalğalarında sevdim. Onun oxumağı sevdiyi kitabların misralarında sevdim. Həyatımı zindana çevirib, qanadlarımı qıran cəlladın yuvasında sevdim mən onu. Dilbərin ömrünün sonuna qədər Mikayıla olan bağlılığı qədər sevdim. Şükriyyənin namusunu qorumaq üçün özünü saldığı halları vecinə almayaraq, sadəcə Əhmədi sevdiyi kimi sevdim mən. İndi könül sarayım tək bir andaca məhv olmuşdu, toza torpağa çevrilmişdi. Qarşımdakı adam mənim celeste’m olan Azad idi. O da gözlərimə baxırdı. Amma tanımışdı, yoxsa yox, onu bilmirdim. Ümid edirdim ki, tanımasın. Artıq tanımasın.. 

Birdən birə qızı içəriyə qaçarkən təlaşlanıb arxasıyca getməyə başladı və dedi: 

-Qızım, qaçma, yıxılacaqsan, qaçma, Ceyran! 

Ortada donub qalmış, qulaqlarımdakı uğultudan başqa heç nə eşitmirdim. Elə bir uçurumdan aşağı düşürdüm ki, yerə dəyib çırpılmağa can atsam da havada qalırdım. Halbuki qanadlarım yox idi. Çünki mən böyük bir boşluğa düşmüşdüm. Süzülürdüm. Bəlkə də həyatın mənə cəzası bu idi. Bütün bir ömrümü sırf bu günü görmək üçün yaşayarkən, xəyallarımı sırf bu an üçün qurarkən indi hər şeyin puç olmağı mənə bütün məqsədlərimi sorğulatdı. Kim olduğumu sorğulatdı. Sevgim uğruna bu qədər savaşdım, ancaq qazandığım uğurlarda belə niyətimdə bu adamın var olması mənim ruhumun varlığını sorğuladır mənə. Dizlərim əsir, gözlərimsə bulanıqlaşırdı və sonra hər tərəf sadəcə qaranlıqdan ibarətdir.

Gözlərimi yavaşca araladığımda mavi-açıq rəngli divarlar gördüm. Sol qoluma isə sistem qoşulmuşdu. Ancaq yanımda birinin olduğunu hiss edirdim. Üzümü sağa doğru səssizcə çevirdiyimdə onu gördüm. Yanımda dizləri üstünə çöküb əlimi iki ovcunun arasına almış, başını da öz əlinə yaslamışdı,  məni görmürdü. Şüurum yerinə gəlməyə başladığı üçün səhərki səhnələri yenidən xatırladım və əlimi sürətli bir şəkildə çəkdim, illərlə tutmağa can atdığım əllərin arasından. O irkilib oyandı. Mənim oyandığımı görüb sevinən üz ifadəsində idi və dedi:

-Necəsən, ağrın varmı?

-Yaxşıyam, narahat olmayın. 

-Niyə demədin? Kim olduğunu niyə demədin? 

-Nəyi deməli idim? Qızı olan bir adama? Fürsətim belə olmadı.

-Haqlısan, üzr istəyirəm, Ceyran. Üzr istəyirəm, səni bu hala saldığım üçün, ceyran gözlüm.

Onun ağzından adımı eşitmək üçün belə nə qədər darıxdığımın fərqinə vardım. Amma mən ailəsi olan birinin nəinki qəlbində, ətrafında belə olmaq istəmirdim. Susub sadəcə düşünürdüm. O danışmağa başladı:

-Heç nə sənin düşündüyün kimi deyil.

-Anlamadım, nədir düşündüyüm kimi olmayan şey, Azad? Sən mənim nələr yaşadığımı heç bilirsən? Mənim Almaniyada gəlib kafe açmaq səbəbim? Bu qədər il tək başıma nə hiss etdiyim, necə həyat sürdüyüm - bunlar haqqında ən kiçik bir məlumatın belə yoxdur. Nə düşünməyimi gözləyirsən? Bu qədər qəşəng qızın var, adını da Ceyran qoymusan. Heç olmaya ailən varkən mənə gəlib burda ceyran gözlüm demə. Sən mənim gözümdə qəhrəman bir adam idin. Mən çox xəyal dünyasında yaşamışam sadəcə. Sədaqət sözünün ikimiz üçün olduğunu da sanırdım. 

-Sənin gözlərin ulduzlar kimi parlaq baxır, mənimsə qəlbim təkcə sənin gözlərinə bağlı, onların yaşadığı bir evdir. Mən göy, sənsə ulduzsan. Göy üzündə birtək belə ulduz qalmayana qədər mənim sənə sevgim davam edəcək. Çünki bizim Celesteyik. Ceyran, mənim gözəlim, həsrətiylə yanıb külə döndüyüm sevgilim, göy üzündən bir ulduz belə əksik deyil. Mənim də könlümdən sənin bir saç telin belə əksilməyib. O kafeyə gələndə bugün sırf adına görə gəldim. Yeməyin sonunda hesabı ödəyəndən adı qoyan müdirlə tanış olmağı düşünürdüm. Yeməklər üçün də təşəkkür etmək. Bütün ruhum, qəlbim onun sən olmasını istəyirdi. Qismət buymuş demək.

-Nə danışırsan, Azad? Ailə qurmusan burda özünə. Başqa bir həyat! Dünyalar gözəli bir qızın var. Anası da çox gözəldir yəqin.. Çox yaxşı etmisən,mən nə əsəbi deyiləm, nə də incik. Amma xahiş edirəm, çıx və get. Səni görməyə gücüm yoxdur. 

-Görməyə gücün yoxdursa o zaman yum gözlərini, amma qulaqların məni eşitsin. Məni dinlə. 

-Eşitmək istəmirəm. 

-Ceyran, bax hər şey tamamilə fərqlidir. Dinlə məni.

-Azad, get. Heç bir cümləni eşitmək istəmirəm. Yorğunam, halsızam. 

-Getməyəcəm. Mən 14 yaşımdan bəri həsrət qaldığım sevgimi tapmışkən getməyəcəm. Məcbursan dinləməyə. 

Səsinin tonunu azaldaraq əlavə etdi:

-Qurban olum gözəl gözlərinə, icazə ver danışım.

Onun qarşımda durmasını, danışmasını, gözlərindəki qorxunu, həyacanını - hər birini dərindən hiss edirdim. Dinləmək istəyirdim, hər şeyin elə yalan olmasını, fərqli olmasını istəyirdim. İllər boyunca bir ümidlə yaşadığım üçün susub dinlədim. O əyləşib danışmağa başladı:

-Ani getdiyim gecə.. Həmin gecə qapıçı Hafiz əmi gəlib məni oyatdı ki, tez gəl müdirin otağına. Yuxulu halda qalxdım və getdiyimdə içərdə əclaf müdir Faiqlə tanımadığım 2 nəfərlik ailə vardı. Məsələni anlamışdım. Övladlıq üçün gəlmişdilər və sənədlər öncədən təsdiqlənmişdi. Mən etiraz etdim və otaqdan çıxmağa, yanına gəlməyə çalışdım. Hətta o qədər çapaladım ki, Hafiz mənə vurdu. Məni götürən ailənin atası buna əsəbləşdi. Sonra ara sakitləşəndə xadimə Gülsüm xala da Aylinlə birlikdə gəldi otağa. Yadındadır o? 

-Oyuncağım itəndə mənə özünkini gətirmişdi, o qız? 

-Ay sağ ol. Bax həmin qızı da gətirdilər. İkimizi də övladlıq alırdılar. Mən yalvardım ki, Aylini yox, səni alsınlar. Amma burda başqa məsələ dönürdü. Aylinin heç bir sənədi yox idi. Onlar müdürə külli miqdarda pul vermişdilər. Buna görə gecə gizlin çıxardırdılar onu. Ölkədən çıxmalı idilər, amma 2 övlada sahiblənmək istəmişdilər. Bu qanunən uzun çəkən proses olduğundan belə yola əl atılmışdı. Bizi maşına tərəf apardıqları zaman elə qışqırırdım ki, sənə səsim çatsın deyə. Hayqırırdım. Bir dəfə belə sağollaşa bilmədim. İllərdi içimdə bunun əzabı və qəzəbiylə yaşayıram. 

-Sonra nə baş verdi? Niyə heç dönmədin geri? 

-Sonra biz bura gəldik. Zatən 18 yaşım olmasını gözləyirdim qaçıb gəlmək üçün. Amma ailə bizə çox yaxşı baxdı. Yaxşı yerlərdə təhsil aldıq. Bir gün Aylin mənə sevgilisi olduğunu dedi. Bir-birlərini sevirdilər. Üstündən bir müddət keçdikdən sonra bu səfər qız intihar etməyə çalışanda mən yetişdim. Sən demə sevgilisiylə birlikdə olduqdan sonra hamilə olduğunu öyrənib və oğlan bunu qəbul etməyib ayrılıbmış. Bunu eşitdiyim gecə elə əsəbləşmişdim ki, gözüm heç nəyi görmürdü. Həmin gecə gedib oğlanı tapdım onu ölümə yaxınlaşana qədər döydüm. Cibimdə bıçağım belə vardı, ancaq elə hava salmışdım ki, bir an öldü sandım. Sonra ailəsi adlı-sanlı olduğu üçün məni məhkəməyə verdilər. Övladlıq ailəm yüklü miqdarda pullar tökərək, vəkillər tutaraq məni bəzi cəzalarla həbsdən xilas etdilər. Artıq bir çox universitet qəbul etməyəcəkdi məni və ölkədən çıxa bilməzdim. Təhsil yox, amma ölkədən çıxa bilməmək cəzası üçün məhkəmədə yalvaracaq həddə gəlmişdim. Amma qərar qəbul olundu. Sadəcə 2 illik idi bu. Lakin fəlakət baş verdi. Aylin öz istəyi ilə uşağını dünyaya gətirmək istədi. Xəstəxanada onu mənə əmanət etdi. Amma ona yaxşı olacağını dedim. Əməlliyyat çətin və uzun çəkdi. Bittiyində isə..

-Yox, yox, onu demə. Aylin indi yaxşıdı hə?

-Təəssüf ki, dünyasını dəyişdi. O qədər pis duruma qalmışdım ki, o xəstəxanadakı günü unuda bilmirəm. Hıçqırıqlar içində ağlayıb, şüşədən baxdığım sarışın balaca bir qızın əmanət olduğunu bilirdim. Ailəmiz zatən dəstək olmağı təklif etdi, amma qəbul etmədim. O uşağı heç kimə vermək istəmədim. Adını da səni bir ömür xatırlamaq üçün Ceyran qoydum. Həyatda özünü kimsəsiz hiss etməsin deyə, bizim yaşadıqlarımızı yaşamasın deyə öz nüfusuma keçirtdim. O çox körpəydi və anası illərimi bərabər bacı-qardaş, yaxın dost kimi keçirdiyim qızın ölümü məni çox çətin duruma salmışdı. Kədərimi yaşaya bilmədən işlərin başına keçib bir yandan da Ceyranı böyüdürdüm. Ancaq bütün güclərimdən istifadə edərək səni araşdırırdım. Uşaqlar evindən 18 yaşın olan gün xəbərsiz çıxıb getdiyini dedilər. Axtarışlarım nəticəsiz olurdu. Özüm orda deyildim deyə tam heç nə öyrənə bilmədim. Cəzamın ili bitdiyi zamanlarda isə körpənin sağlamlığında ciddi problemlər oldu. Aylinin ürəyi dözmədiyi kimi həkimlər uşağın da ürəyində zəiflik olduğunu dedilər. Ürək əməliyyatı belə oldu. Onu nə təyyarəyə mindirə bilərdim, nə də tək qoya bilərdim. İnan mənə, əgər əlimdə başqa yol olsaydı yanına gəlmək üçün onu da yoxlayardım. Mən heç kimə sənə baxdığım kimi baxmamışam. Bax indi bu dediklərimə inanmaya da bilərsən, amma bir-bir sübut edəcəm. Təki mənə izin ver. 

Mən artıq məsələni anlamışdım. Həyatı dərk etmişdim. Bizim qismətimiz bu idi. “Əgər sənin üçün yaradılıbsa, heç bir zaman və ya uzaqlıq sizi ayıra bilməyəcəkdir. Bu qismətdir”. Bugünə kimi aldığım təhsil, öyrəndiyim dillər, qurduğum iş mənim öz bacarığım, öz istedadım hesabına oldu. Çalışaraq bacardım. Qəlbimdə olan sevgi isə yalan deyildi, güc verirdi mənə, sadəcə olaraq hər şeyin düzgün zamanı varmış. Mən ona inanırdım. Onun gözlərində görə bilirdim hələ də uşaqlıqdakı qəhrəmanımı. İndi isə məndən bir cavab gözləyən ümidli uşaq ruhlu gözlərilə baxırdı. Qolumdakı sistemi çıxardaraq ayaqlarımı yataqdan sallayıb oturaq vəziyyətə gəldim. O da qarşımda yanımdakı stolda əyləşmişdi. Dərin nəfəs alıb-verib əmin şəkildə onu möhkəmcə qucaqladım. İllərlə içimdə olan boşluq mən onu qucaqlayıb nəfəs aldıqca dolurdu. Ruhumdakı hüzur isə əvəzolunmaz idi. Elə bil bədənim yenidən doğulmuş kimi pak idi. O da məni elə möhkəm qucaqlamışdı ki, eynilə uşaqlıqda müdirin verdiyi qaranlıq otaq cəzalarında qaçıb yanıma gəlib qucaqladığı kimi.. İkimiz də göz yaşlarımıza hakim ola bilmədik. Hiss edirdim saçlarımı qoxladığını, qulağıma isə bu cümlələri: “Sənin üçün necə də çox darıxmışam, ceyran gözlüm. Səni əsla buraxmayacam, söz verirəm sənə. Səni dünyalar qədər sevirəm. Allahıma çox şükür”- fısıldayırdı. 

Mənsə ağlayırdım. 

Sonra onun üzünü əllərimin arasına alaraq dedim:

-Qarşıda bizi gözləyən bir həyat, mənim işlətməli olduğum kafem, sənin xəyalımızdakı evi qurmana vaxt, bizim böyütməli olduğumuz balaca sarı Ceyranımız var. Gedək burdan, yaşamalı olduğumuz illəri yaşamaq üçün..

O mənim gözlərimin içinə baxaraq elə dərin gülümsədi ki, bilirdim, ikimiz də öz doğrumuzu tapmışdıq. Gözlərini silib ayağa qalxaraq mənə əlini uzatdı və biz həyatımızın geri qalanını yaşamaq üçün ulduzlarla dolu səmanın altında gəzərək planlarımızı qururduq. 

 

Dəyərli oxuyucum, mən Leyla Ümid olaraq sənə kiçik notum var. Bu hekayəmin sonu xoşbəxtliklə bitsə də izah etməli olduğum iki məsələ vardı. İlki odur ki, öncə özünü tanı, xəyallarını öz istəklərinə, ruhuna uyğun qur. Onları həyata keçirmək üçün çox çabala. Ancaq kiminsə üçün deyil, ilk öz düşüncələrindəki reallıq üçün çalış. Niyətlərin, arzuların özün üçün olsun. Daha sonra isə sevginin var olduğuna qəlbdən inan çünki həqiqətən var. Sən özünlə, ruhunla məşğul ol. O sənə doğru zamanda gələcək. Gəlmirsə, deməli, zaman yox, gəlməyən insan düzgün deyil. Doğru insanı isə dərindən hiss edəcəksən. Sadəcə fərqində ol və iç səsini daima dinlə. Növbəti hekayədə görüşmək ümidilə.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2024)