“Sumqayıt ədəbi mühiti Bakı ədəbimühitindən daha qaynardır…” - MÜSAHİBƏ Featured

Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri - xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün 

 

75 yaşını qeyd etməyə hazırlaşan Sumqayıtda 75 il ərzində diqqət çəkən bir ədəbi mühit də formalaşıb. Və bu mühitdə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tanınmış şair Əşrəf Veysəlli xüsusi yer tutur.

Müsahibimiz odur. 

 

-Necəsiniz Əşrəf müəllim, səhhətiniz necədir?

 

- Çox sağolun, çox minnətdaram. Gözlərimdən başqa heçnədən şikayətim yoxdur. Siz kefimi soruşdunuz deyə, biraz da yaxşılaşdım.

 

-Bildiyiniz kimi bu il şəhərimizin 75 yaşı tamam olur. Keçmiş və indiki Sumqayıt. Hansı sizə daha doğma, daha əzizdir?

 

- Bəli, bu il hamımıza doğma olan Sumqayıtımızın 75 yaşı tamam olur. Bu şəhərin  70 illik yubileyini görmüş bir insan kimi onun 75 illiyinin necə olacağını təsəvvürümə belə gətirə bilmirəm. 70 illik yubiley o qədər yüksək səviyyədə keçirildi ki, bunu sözlə ifadə etmək mümkün deyil. Gərək görəsən, iştirak edəsən,yaşayasan. Bu il respublikamızda beynəlxalq və dünya əhəmiyyətli ,dövlət səviyyəli çoxsaylı tədbirlər keçirilsə də şəhərimizin 75 illik yubileyinin də möhtəşəm olacağına ürəyimdə bir əminlik hissi var. Mən Sumqayıtın həm keçmişini ,həm də indisini xatırlyanda hər ikisi mənə doğma gəlir. Birində gəncliyimin şaqraq illəri, o birində isə qocalığımın acılı - şirinli bəhrələri...

 

-Sumqayıtın sizin taleyinizdə yeri və rolu? Sizə ömrü geri çevirmək imkanı verilsəydi və ya zaman yolçuluğuna səyahət etmək fürsətiniz olsaydı yenə də tale şəhəri olaraq Sumqayıtı seçərdinizmi?

 

- Sumqayıt hamımızın tale şəhəridir. Yaxşı yadımdadır, mən ali təhsil ala-ala gecələr Sumqayıtda işə düzəldim. Gündüz fakultəsində oxuduğumdan dərslərimi elektrik qatarlarında hazırlamalı olurdum. Bununla belə ali məktəbi əla qiymətlərlə başa vurdum. Əbədi olaraq taleyimi Sumqayıta bağladım. Sumqayıt mənə xoşbəxt ailə həyatı bağışladı. Mən harda olsam da ürəyim bu şəhərlə döyünür. Çünki, bu şəhər həm də övladlaramın, nəvələrimin, nəticələrimin şəhəridir. Əlbəttə , dünyaya yenidən gəlmək fürsəti verilsəydi mən yenə də doğma şəhərimi seçərdim. 

 

-Sumqayıt ədəbi mühitinin yaranmasında və formalaşmasında əməyi olan qələm adamlarından biri və birincilərdənsiniz.  O illər necə qalıb yaddaşınızda, çətin olmadı ki?

 

- Fikirləşəndə o illər gözümün qarşısından kino lenti kimi keçir. Əli Kərimi, Vaqif İbrahimi, Feyzi Mustafayevi, Ağəddin Mansurzadəni, Xasay Cahangirovu və digərlərini heç cür unuda bilmirəm. Ancaq burada ədəbi mühitin formalaşmasında böyük əməkləri olan Qulam Feyzullayevi, Söhrab Abdullayevi, Vaqif İbrahimi, Xasay Cahangirovu, İbrahim İlyaslını xüsusi qeyd etmək istəyirəm. O zamanlar mən Sumqayıt qəzeti nəzdində bədii şuranın sədri və poeziya klubunun direktoru idim. Sumqayıtda gənclik qaynayırdı. Elə indiki kimi...

 

-Sumqayıtın bugünki ədəbi mühiti sizi qane edirmi?

 

-Mən bugünki ədəbi mühitimizdən çox razıyam. Əgər adlarını çəksəm çox böyük bir siyahı alınar. Həm də kiminsə adı yadımdan çıxsa məndən inciyə bilər. Onların arasında geniş miqyasda tanınan şairlər, yazıçılar və ədəbi mühitə təzəcə qədəm qoyan, hələ öz dəsti - xəttini tam tapa bilməyən gənclərimiz də var. Mən onlara yeni - yeni uğurlar arzu edirəm.

 

-Sumqayıt cameəsində güvəndiyiniz və bəyəndiyiniz imzalar?

 

- Güvəndiyim və bəyəndiyim imzalardan Rafiq Yusifoğlu, Məmməd İlqar,

Zirəddin Qafarlı, Varis, Eyruz Məmmədov, Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, İbrahim İlyaslı, Almaz Ərgünəş Bəyazid, Gülnarə Cəmaləddin, Məryəm Aslanqızı, Hümbət  Quliyev, Əli Ələmi, Rəfiqə Şəms, Nadir Azayoğlu, Hafiz Ataxanlı, Əli Nəcəfxanlı, Xatirə Fərəcli, Rafiq Oday, Nazilə Gültac, Süleyman Hüseynov, Lilpar Cəmşidqızı, Xəqani Abbasəli, Aygün Yaşar, Əyyub Qiyas, Ehtiram İlham, Mənsurə Xələfbəylinin adlarını xüsusi qeyd edə bilərəm.

 

-Sİz həm də AYB Sumqayıt bölməsində Məsləhət Məclisinin sədrisiniz. Bölmənin işindən razısınızmı?

 

- AYB Sumqayıt bölməsinin işindən  saatlarla danışmaq olar. Bölmə öz işini planlı şəkildə qurur. Respublika yazıçılarının qurultayında irəli sürülən və gənclərin yaradıcılıqlarını istiqamətləndirmək baxımından tələb olunan göstəriş və vəzifələri layiqincə yerinə yetirir.Qardaş ölkə Türkiyə ilə ədəbi əlaqələrin qurulmasında, Aərbaycanın qələm adamlarımnın,eləcə də Sumqayıtlı qələm adamlarının əsərlərinin və eyni zamanda Türkiyənin istedadlı qələm adamlarının Azərbaycanda tanıdılması baxımından da xeyli işlər görür. AYB- nin Sumqayıtda yaşayan üzvləri xalqımızın yüz illərlə davam edən mübarizəsinin parlaq nəticəsi olan Qarabağ döyüşlərinin haqqında  geniş, müfəssəl yazılar yazıb və yazmağa davam edirlər.  “Şəhidlər ölməz,Vətən bölünməz!” devizi altında  şəhidlərimiz və qazilərimiz haqqında, onların şəhadətləri və xarakterləri haqqında sanballı  əsərlər meydana gəlir. Qarabağ mövzusunda Aidə Eyvazlı və Aygün Hacıyevanın zəhmətlərini xüsusi qeyd etmək lazımdır. AYB Sumqayıt bölməsinin Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birlikdə Şəhidlərimizə həsr etdiyi maraqlı layihələr təqdirəlayiqdir. Bundan başqamütəmadi olaraq Sumqayıtda yaşayan AYB üzvlərinin yubileyləri, kitab təqdimatları, görüşləri keçirilir və bütün bu görülən işlər şəhət ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Bundan başqa bölmənin həyata keçirdiyi bir- birindən maraqlı tədbirləri və layihələri saysaq məncə bunun üçün bir müsahibə bəs eləməz.

 

-Sumqayıt ədəbi mühiti ilə Bakı ədəbi mühitinin fərqi?

 

-Mənə elə gəlir ki, Sumqayıt ədəbi mühiti Bakı ədəbimühitindən daha qaynar və coşqundur. Tez-tez keçirilən kitab müzakirələri, yeni kitabların təqdimatı, şair və yazıçılarla görüşləri misal gətirmək olar.

 

-Şəhər rəhbərliyinin ədəbiyyata göstərdiyi diqqətdən razısınızmı?

 

- Açıq deyək ki, Sumqayıt ədəbi mühiti şəhər rəhbərliyinin diqqətindən kənarda deyil. Ayrı-ayrı yazarlara mütəmadi olaraq köməklik ediliir, onların güzəranına diqqət yetirilir. Son vaxtlara qədər  möhtəşəm tədbirləri ilə çoxlarını heyrətdə qoyan poeziya klubu boynu bükük bənövşə kimi kol dibindən boylanır, zirzəmilərdə fəaliyyət göstərirdi. İndi isə Əli Kərim adına Poeziya evi keçmiş Heydər Əliyev mərkəzində əbədi məskunlaşmışdır. Elə təkcə buna görə şəhər rəhbərliyinə dəfələrlə minnətdar olmağa dəyər. 

 

-Sumqayıt sizə nə verdi və nəyi əlinizdən aldı?

 

- Mənim nəyim varsa mənə Sumqayıt verib. Mən isə xəsislik etmişəm, Sumqayıta heç nə verməmişəm.

 

-Şəhərimizin 75 illik yubileyi ilə bağlı arzu və təklifləriniz?

 

- Arzum budur ki, gəlin kimi bəzənən şəhərimizin mənzillərindən həmişə xoşbəxt insanların gülüş sədaları yayılsın. Heç kimin üzündən təbəssüm, gözlərindən işiq, ürəklərindən məhəbbət əksik olmasın.

 

-75 yaşlı gənc şəhərimizə nəyi tövsiyə edərdiniz?

 

- Gələcəyə doğru inamla addımlayan əziz və doğma şəhərimiz, sükanı həmişə belə saxla.

 

Yaranışdan o mənim könlümə ilham verib,

Qoyunu coşub daşmalı, çağlamalı şəhərdir.

Otuna sığal çəkib, gülünə salam verib,

Hər gün halını sorub, yoxlamalı şəhərdir.

 

Bütün dünya bir ola, bütün aləm yığıla,

Bu möcüzə, bu heyrət gəlməzdi hər ağıla.

Büküb sözə, nəğməyə, bayatıya, nağıla

Namus kimi qoruyub saxlamalı şəhərdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)