ƏN YENİ POEZİYAda Narıngül Babayeva “Mənəm”iylə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. “Qobustan” jurnalının əməkdaşı, həm hekayələri, həm də şeirləri bəyənilən Narıngül Babayevanın sırasədır. Onun yeni şeiri “Mənəm” adlanır. 

 

Nə qədər cəhd edirəm, yerindən qoparıb atım,

Qaldıra bilmədiyim zindan kimi o daş mənəm. 

 

Heç kimlə işim olmaz, sükutam, sülhəm, dincliyəm, 

Savaş öz içimdədir, səngiməyən savaş mənəm.

 

Qaçdım yer kürəsindən, hey qaçdım azad olmadım,

Bu başdan qaçıb gedirəm, amma ki, o baş mənəm.

 

Uçmasaydım sağ idim, qırdılar qanadlarımı,

Göydə uçan quşlara yol mənəm, yoldaş mənəm.

 

Təkliyin, darıxmağın yolu gəlib məndən keçir,

Nə qədər tənha var, tək var,  onlara sirdaş mənəm.

 

Hər gün qonaq gəlirsən, hər gün qapımı döyürsən

Döymə yad qapısı tək, döymə yad tək,  yavaş, mənəm.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)