REDAKSİYANIN POÇTUNDAN – “Qəribəm”

“Ədəbiyyat və incəsənət” portalının poçtuna gələn növbəti məktub Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunundur. O, “Qəribəm” adlı şeirini təqdim edir.

 

 Coşqun XƏLİLOĞLU

 

QƏRİBƏM

Doğma diyardan uzaqda yaşayan bəzi soydaşlarımızın dilindən

 

Papağı yandırdım günə,
Neçə ilim hədər oldu.
İşlərim düşdü düyünə,
Qazancım qəm - kədər oldu.


Ayrıldım eldən, obadan,
Yad yurd elimə tən olmaz.
Öyüddür, Qorqud babadan:
-Hər rahat yer vətən olmaz.


Gözlərim elə bağlandı,
Könül verdim yad qızına.
Ürəyim elə
dağlandı,

Susaldı... çətin qızına

"Oğul" dedi mənə anam
Oğul olammıram hələ.
Gözləyib kimdənsə ənam
Yaşayıram elə-belə.


Bir az pulum var əlimdə,
Nə fayda-qəribəm, yadam.
Gec anladım... öz elində
Xoşbəxtliyin tapar adam.

Gecə keçib yatammıram,
Bir azdan açılar sabah.
Bu gün gecdir-çatammaram,
Gedim bilet alım sabah…

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)