Güney Azərbaycan Poeziyası Antologiyasında Elnaz İslamvəndin “Urmu” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Elnaz İslamvəndin şeirlərini təqdim edir.

 

 

Elnaz İslamvənd

Təbriz

 

 

URMU

 

O qədər dedilər: “Dənizdir, dəniz”,

Deyirəm bəs sənə göz dəydi, Urmu!

Dərdi təzələsəm hənizdi həniz,

Bilirəm yarana duz dəydi, Urmu.

 

Al bu göz yaşları Təbrizdən gəlir,

Qıymasan üzünə baxmaram, Urmu!

Biz ana torpağın övladlarıyıq,

Gərəkdir paylaşaq çətin durumu.

 

Gördün babaların sözü düz çıxdı,

Dedilər: “İçindən yeyilər ağac”.

Duz yeyib duzqabı sındıran oldu,

Daraşdı üstünə hər ac yalavac.

 

Pisliyi pis etmək ayıbdır, ayıb,

Əti dırnağından ayırmazlar ki?!

Döyüşdə arxadan vurana lənət,

Əsgəri qurşunla doyurmazlar ki?!

 

Dərdi təzələsəm hənizdi, həniz,

Nə bilim, bəlkə də bir zaman oldu.

İndi duzlağında oynayan uşaq,

Gələcək günlərə Səttarxan oldu!

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)