“Payız öz atına minir deyəsən…” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

 

 

“Ədəbiyyat və incəsənət” portalı şair Təranə Dəmirin yeni şeirlərini təqdim edir. 

 

 

DƏRDİMİZ OLMAZ

 

Bir az uzaq olsaq  yer kürəsindən,

Səpsək göy üzünə göz yaşımızı,

Unutsaq həsrəti, ayrılıqları,

Pozub təzələsək yaddaşımızı, 

Dərdimiz olmaz.

 

Versək  könlümüzü Göyə bircə gün,

Ulduzla sevişsək, Ayla sevişsək.

Qovsaq başımızdan ölüm sevdasın,

Təzədən yaşamaq eşqinə düşsək,

Dərdimiz olmaz.

 

Dünyanın yadından çıxsaq bircə gün,

Unutsa dənizlər, dalğalar  bizi.

Ölkələr, şəhərlər, yollar, limanlar

Raketlər, güllələr, qovğalar bizi,

Dərdimiz  olmaz.

 

Düşsək göy üzünün aydınlığına,

Bircə gün günəşi borc ala bilsək,

Şeytan aldatmasa bizi bircə gün  , 

Bir gün özümüzlə bacara bilsək, 

Dərdimiz olmaz.

 

 

BƏXTƏVƏR BAŞLNA DARIXANLARIN

 

Yarpaqlar yenə də yol alıb gedir,

Ağaclar payıza dönür deyəsən.

Gah günəş boylanır, gah yağış yağır,

Payız öz atına minir deyəsən.

 

Günlər saat -saat azalır yenə,

Sıxsan canı çıxar burnunu yayın.

Xəzəllər payızla görüşə çıxıb, 

Çiçəklər kolunda vaxtını sayır. 

 

Əl ayaq yığışır bağdan, bostandan,

Quşlar vidalaşır çöp yuvasıyla.

Şəhərdən gələnlər geri dönürlər  

Qutu evlərinə kənd havasıyla.

 

Bahardan  payıza  düşən  ağaclar

Küləkdən  gizlədir  sonuncu  barın.

Həsrətə  bürünür dağlar, yamaclar ,

Bəxtəvər  başına  darıxanların.

 

 

BUNA DA ŞÜKÜR DEDİM

 

Bu da  sevgi olmadı,

Bu da dərdi-sər oldu.

Əvvəli bir  cümləydi,

Sonrası? -Əsər oldu,

Buna da şükür dedim.

 

Bircə göz qırpımıydı,

Bir udumluq nəfəsdi.

Biz günəş gözləyirdik,

Qəfildən külək əsdi,

Buna da şükür dedim.

 

Sözlər havada qaldı,

Heç yerinə düşmədi.

Mənim sevgimin rəngi

Gözlərinə düşmədi,

Buna  da şükür dedim.

 

Bir qərib təbəssümdə,

Bir ayrı notda bitdi.

Bir küçənin tinində,

Bir yağış altda bitdi,

Buna da şükür dedim.

 

Dəniz başına çəkdi,

Dalğalar uddu bizi.

Göz açıb yumanacan

Sahil unutdu bizi,

Buna da şükür dedim.

 

Bu da sevgi olmadı,

Bu da dərdi-sər oldu.

Əvvəli bir cümləydi,

Sonrası? -Əsər oldu,

Buna da şükür dedim.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)