Sevgi… Nifrət… Xəyanət..! - HEKAYƏ Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi


Ərhun dərsdən gəldi. Anası nə qədər xahiş etsə də, O, yeməyini otağında yeyəcəyini bildirdi. Kağız kimi ağarmış üzündə, qütbdə batan günəş kimi sönməkdə olan yaşıl gözlərində nəinki yeməyə, heç yaşamağa da həvəs yox idi. Artıq onun 13 yaşı vardı. Atasının üzünü 2-ci sinifdə oxuyanda görmüşdü. Atası ilə anası böyük sevgi yaşamış, hər cür çətinlik və maneələrə baxmayaraq öz məqsədlərinə çatıb ailə qurmuşdular. Atası dolanışığın çətinliyini görüb xarici ölkəyə işləməyə getmişdi. İlk vaxtlar yaxşı da qazanırdı: hər ay evə pul yollayır, 5-6 aydan bir isə evə gələrdi. Lakin artıq neçə il idi ki, atası evlərinə qayıtmır, ildə bir neçə dəfə zəng edərdi: İşlərinin pis getdiyini, gəlməyə imkan olmadığın söyləyirdi Ərhungilə. Atasının yoxluğunda - bu illər ərzində çox şeylər dəyişmişdi, çox  sıxıntılar çəkmişdilər. Nəhayət, son zamanlar anasının işləri düzəlmişdi. Ofisdə çalışırdı Ərhunun anası. Əvəllər isə qohumların, yaxınların hesabına dolanırdılar, çətin də olsa. 
Anası işə gedəndə Ərhunu dərsə qoyurdu, onu evə gətirməsi üçün isə məktəbdə çalışan qonşularındakı müəllimdən xahiş etmişdi. İşə girəndən sonra anasının Ərhuna diqqəti, qayğısı istər- istəməz azalmışdı. 
Dərsdən gələn Ərhun otağına keçər, öz pəncərəsindən Xəzəri, parkdakı yaşıl ağacları seyr edər, bir gözü isə anasının gəldiyi yola dikilərdi. Onu həyata bağlayan isə hər gün səhər tezdən Xəzərdən günəşin doğmasını seyr etmək və yemlədiyi sərçələr idi. Küçənin o başından anasını görən kimi tez gəlib qapını açar, anası qapıdan girən kimi boynuna sarılar, onu çoxlu öpərdi.
Anasının işə düzəldiyi bir neçə ay olardı. Bu gün də Ərhun anasını gözləyirdi. Binalarının qarşısında xarici maşın saxladı. Anası maşından düşüb, gülər üzlə içəridəkilərə nəsə deyib evə doğru gəldi...
Ərhunun nədənsə gözləri bərəldi, ürəyi əsdi, qılçları qurudu sanki. Hərgünkü kimi qapını açmaq yadından çıxdı. Qapı bir neçə dəfə döyüldükdən sonra birtəhər gəlib qapını açdı. Anasının boynunu qucaqlamaq əvəzinə sual dolu baxışla anasının gözlərinə baxırdı: 
   -Nə olub balam, niyə qapını açmamısan, nə baş verib?
  -Ana o maşın kimin idi, hə? 
  -Hər şey aydındır. Ay mənim qısqanc balam. O bizim şirkətin maşınıdır. Müdirin tapşırığı ilə indən belə məni evə gətirəcək, narahat olma, balam.
Anasına bu cür sual verdiyi üçün, ondan şübhələndiyi üçün həmin gün çox utanmışdı Ərhun.
Ancaq Ərhun yanılmamışdı. Anasını gətirən bu maşının sürücüsü bir müddətdən sonra onların evinə ayaq açdı, onun gəlişi ilə evlərindən hüzur, səmimiyyət, mehribanlıq yoxa çıxdı. Növbəti sualında anası “Məndən nə istəyirsən? Sənin yaxşı geyimin, yeməyin, yaxşı yaşamağın üçün bu qədər zəhmət çəkirəm, söz götürürəm. Sağ olsunlar məni işə götürüblər, minnətdarlığımı bildirmək üçün evə dəvət edirəm, burda nə var ki?
 Atan evdən çıxdığı neçə ildi, nə düz-əməlli zəngi var, nə də ki, evə bir şey göndərməyi, hər dəfə zəng edirəm, telefonu bir rus qadın götürür. Harada olduğunu soruşanda onun evdə olmadığını söyləyir, hər dəfə məni bir bəhanə ilə yola verir. Özü zəng eləyəndə isə qısa olaraq bizim halımızı xəbər alır, vəziyyətin hələ yaxşı olmadığını deyir, bütün suallarımı cavabsız qoyur, hələ utanmadan bizi çox sevdiyini deyir, bütün bunlar boş yalandı. Özü rus qadınlarla kef eləyir, gün keçirir, bizi çox sevsə, yanımızda olardı, qayğımıza qalardı, gedib ora yan verib yıxılmazdı” cavabını verdi. 

Bundan sonra Ərhun danışmağın mənasız olduğunu anladı, daha heç nə ilə maraqlanmadı. Onun üçün heç nəyin əhəmiyyəi yox idi. 
Ən dəhşətli anlar isə anasının işdən qayıtması, yanında açıq-saçıq geyimli rəfiqəsi və bir neçə kişi ilə evə gəlməsi idi. Evdəki sərxoş və mənasız danışıb gülüşmələr, çarpayı cırıltısı, ehtirasın və xəyanətin qatışığı olan qadın səsləri Ərhun üçün əsl cəhənnəm əzabı idi. Onlar evə gələn kimi, o, başını yastığın altında gizlədər, qulaqlarına pambıq tıxayardı, artıq onun qəlbində sabaha olan uşaq ümidləri də ölmüşdü. Bu ev, bu yaşam, bu həyat tərzi ona heç nə kəsb etmirdi. Artıq neçə vaxtdı anasına “Ana”  dediyi, onunla bir stol arxasında oturduğu yadından çıxmışdı, çəkdiyi əzablar, onun ətdən çıxmış arıq sifətində, solmuş gözlərində, susmuş dilində əks olunurdu, dərsdən gələn kimi çəkilər otağına, dərslə başını qatmağa çalışar, anasını otağa gətirdiyi çörəyin çoxunu isə pəncərəsinə qonan sərçələrəə yedizdirərdi, qalan vaxtını isə Xəzəri seyr etməklə keçirərdi.

Bir dəfə yenə anası ilə üz-üzə gəldi, bunun səbəbi isə müəlliməsinin anasına zəngi olmuşdu: Müəllimə ədəbiyyat dərsində şagirdlərə “xəyanət nədir? ” mövzusunda esse yazmağı tapşırmışdı. Ərhunun inşa dəftərində bu sözləri oxumuşdu müəllimə : “Xəyanət böyük sevgidən yaranır. Zamanla nifrətə çevrilr. Bunun nəticəsi isə mənəm. Mən ən böyük xəyanətin meyvəsiyəm...”
   -Bu nə sözdür yazmısan Ərhun? Sən məni öldürmək istəyirsən?
   - Sən niyə atama xəyanət edirsən?
   - Mən xəyanət edirəm təkcə? O mənə artıq neçə ildir xəyanət edir. Bizi burda atıb gedib, halımızdan xəbəri belə yoxdur. Gündə bir qadınla yaşayır. Axı mən də insanam. Ən əsası qadınam, hisslərim var.
    -Onun sənə xəyanət etdiyi dəqiq deyil, fakt budur ki, sən ona da, mənə də xəyanət edirsən! 
    -Dəqiq deyil? Bəs hər dəfə danışdığım o qadınlar kimdir? Bəli hamınız bir bezin qırağısız- kişisiniz.
    -Dözərdin də, səbəbini öyrənərdin, gedərdin dalınca, bəlkə, nəsə problemi var, başı dərddədir.
   -Elə bilirsən getmək istəmədim? Hər dəfə zəng edəndə “dalınca gələcəm” dedim. Nəsə problemin varsa, de, səni and verirəm, öz canıma – soruşdum. Mənə tapşırdı ki, birdən dalınca gələrsən, ondan sonra məndən incimə. Mən onu həyatımın sonuna qədər gözləyərdim. Necə ki, Qarabağ savaşında 5 il yolunu gözlədim. Valideynlərimin bütün təzyiqlərinə qarşı çıxdım. Doğmalarımla düşmən oldum ondan ötrü. Adamın üstə Allah var, o da sözündə düz çıxdı. Gəldi ailə qurduq. Ona həmişə deyirdim. Mənə yalan danışma, xəyanət etmə, sənin üçün hər şey edərəm.”
   -O sənə xəyanət etmişdi? Özünü bu qədər alçaltmayaydın, dərsdə, həyətdə uşaqların mənə “Anan pozğun, fahişədir, sən bizim yanımıza gəlmə, bizimlə oynama” deməyinə şərait yaratmayaydın. Başqa qadınlar kimi başqasıyla ailə quraydın.
  Anası Ərhuna bir şillə vurub “Yetər, yetər! Qarşımda durub başından böyük danışma, mənim üçün hər şey və hər kəs ölüb, mən nə edirəmsə, sənin üçün edirəm. Hətta özümü də səninçün satıram, eşitdin?!”, -dedi. 
  Göz yaşına boğulmuş Ərhun: “Mənim üçün hər şeyi başqa yolla da etmək olardı, əsl ana odur ki, atanın yoxluğunda övlad üçün həm ata, həm ana olsun. Ancaq sən bunu bacarmadın, səndən qəlbim o qədər sınıb ki, sənə nifrət belə edə bilmirəm, başa düşürsən?”
 Bunları deyərək otağına keçdi və bir gün çölə çıxmadı Ərhun. 

 

*

Bu cür yaşamağa davam edirdilər, buna yaşamaq demək olardısa.     
... Çantasını yerə qoyub paltarını soyuna- soyuna pəncərənin qarşısına gəldi, gözlərinə inanmadı, çox dəhşətli bir şey olmuşdu:
 Axşamdan çörəyi xırdalayıb pəncərənin ağzına qoymuşdu. O, həmişə belə edərdi, pəncərəni açıq qoyardı ki, bəslədiyi sərçə gəlib çörək qırıntılarını balalarına daşısın. Ancaq axşam hava soyuq olduğu ücün pəncərəni bağlamışdı. Çörəyi görən sərçə elə bilmişdi ki, yenə pəncərə açıqdır və özünü pəncərəyə çırparaq bərk zədələnmişdi...
Ərhun sərçəni əlinə götürdü, çox pis əzilmişdi. Ərhun ağlayır, nə edəcəyini bilmirdi. Axı onun səhvi ucbatından bir dostu məhv olacaq, bala sərçələr anasız qalacaqdı…
Sərçə son dəfə Ərhunun gözlərinə mehriban və nigaran bir baxışla baxıb canını tapşırdı...
Sanki mehribanca baxışlar Ərhuna minnətdarlıq və bu pislik dolu dünyadan canını qurtarmağın sevinci, nigarancılığı isə bu ədalətsiz dünyada yetim balalarının qalması idi.
Ölmüş sərçəni bağrına basıb, gözləri tavana tikilmiş halda səhərə kimi yatmadı Ərhun.
Tezdən evdən çıxdı...
Səhər yeməyini hazırlayan anası Ərhunu oyatmaq üçün otağa getdi, lakin Ərhun yox idi. Dəli oldu sanki..
Nə edəcəkdi? Hara gedə bilərdi? Yaxınlıqda nə yaxın qohumları, nə də tanışları var idi.
Məhlədə, məktəbdə və küçələrdə Ərhunu çox axtardı, amma gördüm deyən yox idi...
Nəhayət, Ərhunun gündəliyinin arasından tapılan məktub hər şeyə bir az da olsa, aydınlıq gətirdi: “Mənim səhvim ucbatından sevdiyim varlığın birini itirdim. Bu səhvimi heç bir bəhanəylə yoluna qoya bilməzdim. Tək çarəm onunla birgə ikinci dostumun – sirdaşımın yanına getmək idi. Səndən fərqli olaraq mən sevdiyimin ardınca getməyi bacarıram. Etdiyim səhvlərə görə səndən nə qədər niftər etsəm də, sən mənim anamsan və səni çox sevirəm...Məni axtarma.”
Bir müddət sonra Xəzər dənizindən bir uşaq meyiti tapılması xəbəri yayıldı. 
Sxılmış əlində bir sərçə, döş cibində isə valideynlərinin toy şəkli...

 

*

Küçələrdə dəli qadının kimi görürsə, yaxasından tutub “balamı görməmisən? Böyük sevgi, nifrət və xəyanət” -deməsi şəhərdə hamının təəccübünə səbəb olmuşdu...
…Bu hadisədən bir neçə il sonra Moskvada mübahisə nəticəsində bir ermənini öldürərək 14 il həbs cəzası alan bir kişi 8 il sonra   amnistiyaya düşüb vətənə qayıdırdı. Qatardan düşəndə doğma vətəninə qayıtdığı üçün, neçə vaxtdır, telefonla da olsa, səsini eşitmədiyi doğmalarına qovuşacağı üçün çox xoşbəxt idi...

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)