Güney Azərbaycan Poeziyası Antologiyasında Dərviş Təbrizlinin “Yağış altda” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Dərviş Təbrizlinin şeirlərini təqdim edir.

 

Dərviş Təbrizli

Təbriz

 

YAĞIŞ ALTDA

 

Mən könlümü bir gün sənə satdım yağış altda,

Sandım ki, yatan baxtı oyatdım yağış altda.

 

Ağzımda susan dil səni görcək işə düşdü,

Ağzım dolu bir dəfə söz atdım yağış altda.

 

Güldün mənə, bir kəlmə danışcaq geri döndün,

Saldım üzümə azca yubaltdım yağış altda.

 

Gəzdik təpədən-dırnağa ıslandıq o axşam,

Sən hey sözü kəsdin, mən uzaltdım yağış altda.

 

Addımlarılan Təbrizi başdan-başa ölçdük,

Öpdüm səni atdıqca hər addım yağış altda.

 

Addım başı könlüm qəzəl istərdi gözündən,

Bilməm ki, nələr onda yaratdım yağış altda?

 

Düşdü araya ayrılıq, əl-əldən üzüldü,

Səndən ürək axirdə qopartdım yağış altda.

 

Minlərcə qəzəl lal qalıb ağzımda o gündən,

Sənsiz bu gün ağzım dolu yatdım yağış altda.

 

Dərviş, o yalan sevgini bir buxçaya yığdım,

Getdim görüşən yerdə boşaltdım yağış altda.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)